Məhkəmə qərarları › İş №2(026)-645/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-645/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-645/2025 02.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 aprel 2025-ci il tarixli borc müqaviləsinə əsasən ondan aldığı 6000 manat məbləğində pul vəsaitinin və ödədiyi 80 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 02 aprel 2025-ci il tarixində borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 6000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində 20 aprel 2025-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu günədək 6000 manat məbləğində borcu iddiaçıya qaytarmamışdır. O, pulun qaytarılması ilə bağlı cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da, cavabdeh ona olan borcunu qaytarmaq üçün heç bir addım atmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı bildirmişdir ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh dəmir alveri ilə məşğul olur. Ötən il cavabdeh ona gəlib traktor almaq istədiyini, lakin pulunun çatmadığını, əgər ala bilsə, onu alıb satandan sonra qazancı olacağını, ona da pul verəcəyini bildirmiş, 6000 manat məbləğində borc verməsini xahiş edərək, 1 aya qaytaracağını demişdir. O da cavabdehin bu sözünə inanıb cavabdehin də müştərisi olduğu Abşeron rayonunda kafe işlədən X1 6000 manat məbləğində öz adına borc almış, daha sonra notariusda bağlanmış borc müqaviləsinə əsasən cavabdehə 6000 manat məbləğində borc vermiş, lakin cavabdeh bu günədək həmin borcu qaytarmamışdır. Onun təqdim etdiyi 800 manat ödənişlərə dair qəbzlər isə həmin borc müqaviləsi üzrə deyil, cavabdehə nisyə satdığı avtomobil təkərlərinin pulu olmuşdur. Lakin bu halı təsdiq edə biləcək sübutu yoxdur. Həmçinin bildirdi ki, o, cavabdehə borc vermək üçün Aynur İsmayılovadan öz adına aldığı 6000 manat məbləğində borcu özü qaytarmışdır. O, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmənin 12 yanvar 2026-cı il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, o, iddiaçıdan borca pul istəmiş, iddiaçı isə birlikdə yaşadığı X4 adlı şəxsdən 6000 manat məbləğində borc alıb ona vermiş, həmin borca görə aylıq 1000 manat faiz ödəməli olduğunu demişdir. Lakin işləri onun planlaşdırdığı kimi getməmiş və aldığı borcu vaxtında qaytara bilmədiyinə görə faiz borcu ödəməli olmuşdur. Hazırda o, aldığı borcdan təxminən 3000 manat pul ödəmişdir. Həmin ödənişlərdən ikisinə dair – 300 manat və 500 manat olmaqla qəbzləri təqdim edə bilir. Digər ödənişləri isə kart vasitəsilə etmişdir və hazırda təqdim edə bilmir. O, həmin ödənişləri bəzən İddiaçı, bəzən də Aynur İsmayılovanın hesabına ödəmişdir. Aynur İsmayılova ona tez-tez səs ataraq əsas borcunun yerində qaldığını, ödədiklərinin faiz borcuna silindiyini, ödənişi gecikdirəcəyi təqdirdə yenə də faizə hesablanacağını bildirmişdir. Məhkəmənin 12 yanvar 2026-cı il tarixli iclasında X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X4 bildirdi ki, o, iddiaçı ilə illər öncə birgə kafe işlətsələr də, sonradan iş olmadığına görə ortaqlıqları başa çatmış, lakin tanışlıqları davam etmişdir. Cavabdehi də işlətdiyi kafenin daimi müştərisi kimi tanımışdır. 2025-ci ildə İddiaçı ondan 6000 manat məbləğində borc pul istəmiş, o da iddiaçıya həmin məbləğdə borc vermişdir. Lakin iddiaçının həmin borcu cavabdehə borc vermək üçün ondan aldığından məlumatı olmamışdır. İddiaçı hazırda həmin borcu ona qaytarmışdır. Qeyd etdi ki, onun özü də cavabdehə birbaşa olaraq ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 2000 manat məbləğində borc vermiş, cavabdeh həmin borcun 1400 manat hissəsini qaytarsa da, 600 manat məbləğində borcu hələ də ödənilməmiş qalır. Məhkəmənin hazırlıq iclaslarının və sonuncu baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh həmin məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamış, məhkəmənin yalnız 12 yanvar 2026-cı il tarixli baxış iclasında iştirak etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və üçüncü şəxsi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 02 aprel 2025-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən borc alana 6000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verir. Borc alan borcu 20 aprel 2025-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Borc alan borc müqaviləsinin ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər. Borc alan müqavilə üzrə öhdəliyin icrasını tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirir. Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Borc müqaviləsi Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir. İşdəki 02 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 1 saylı Notariat ofisinin (X3) bankda açılmış depozit vasitəsilə 6000 manat məbləğində borc məbləğini vermiş, məbləği məxaric edəcək şəxs kimi Cavabdeh məlumatları qeyd olunmuşdur. İşdəki İddiaçı tərəfindən borclu Cavabdeh ünvanlanmış pretenziya məktubunda qeyd edilmişdir ki, borclunun ona 02 aprel 2025-ci il tarixli borc müqaviləsi üzrə 6000 manat məbləğində pul borcu var. Həmin müqavilə üzrə borcun ödənilməsi vaxtından artıq 5 aydan yuxarı vaxt keçməsinə baxmayaraq, borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, 6000 manat məbləğində olan borcun ona qaytarılmasına görə borcluya 3 gün vaxt verir. Əgər həmin borc verdiyi vaxt müddətində ona qaytarılmazsa, onun tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, o, İddiaçı hesabına 28 aprel 2025-ci il tarixdə 300 manat məbləğində və 16 may 2025-ci il tarixdə 500 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. İş materialları ilə müəyyən edilir ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 02 aprel 2025-ci il tarixli borc müqaviləsinə əsasən borc verən borc alana 20 aprel 2025-ci il tarixinədək qaytarılması şərtilə faizsiz olaraq 6000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc vermişdir. Məhkəmənin 12 yanvar 2026-cı il tarixli baxış iclasında iştirak edən zaman Cavabdeh 6000 manat məbləğində borc pulu ona əslində iddiaçının deyil, X2 verdiyini bildirmişdir. Lakin iddiaçı bunun belə olmadığını, cavabdehə vermək üçün öz adından Aynur İsmayılovadan borc aldığını və hazırda həmin borcu bağladığını bildirmiş, üçüncü şəxs Aynur İsmayılova da iddiaçının ondan 6000 manat məbləğində borcu cavabdehə vermək üçün almasından xəbərsiz olduğunu bildirmişdir. Göründüyü kimi, cavabdehin qeyd etdiyi kimi, ona borcun iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən verilməsinə dair dəlili əsassızdır. Qeyd olunan dəlilin əsassızlığını həm də o təsdiq edir ki, cavabdeh borcu ona iddiaçının deyil, Aynur İsmayılovanın verdiyini bildirsə də, borcdan etdiyi ödənişlərə dair qəbzlərlə ödənişləri iddiaçıya etdiyi müəyyən edilmişdir. Bu baxımdan cavabdehin həmin dəlili həm də qeyri-səmimi olmuşdur. Göründüyü kimi, hazırda iddiaçının tələbi borc müqaviləsi əsasında yaranmış öhdəlik hüquq münasibətlərindən irəli gəlir. İşdən görünür ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 02 aprel 2025-ci il tarixli borc müqaviləsi onunla cavabdeh arasında bağlanmış və notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh aldığı borc məbləğindən təxminən 3000 manat məbləğində ödəniş etdiyini bildirsə də, iddiaçıya edilmiş ödənişlərlə bağlı cəmi 800 manat məbləğində ödənişə dair iki ədəd qəbzi təqdim etmiş, məlumatlı olmasına baxmayaraq, məhkəmənin digər iclaslarında iştirak etməklə, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi digər halları təsdiq edən sübutları təqdim etməmiş, sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdeh öz üzərinə düşən iddiaçıya 6000 manat məbləğində borcun qaytarılmasına dair vəzifəsini natamam şəkildə yerinə yetirərək, cəmi 800 manat məbləğində ödəniş etmişdir. İddiaçı məhkəmə iclasında cavabdehin 6000 manat məbləğində borcdan ödəniş kimi təqdim etdiyi qəbzlərdə qeyd olunan 800 manat məbləğində pulun əslində həmin borcdan ödəniş edilməsi üçün deyil, özünün cavabdehə nisyə satdığı təkərlərin pulu olaraq ona ödənildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə 02 aprel 2025-ci il tarixli borc müqaviləsi üzrə 6000 manat məbləğində borcun 20 aprel 2025-ci il tarixədək qaytarılmaq şərtilə faizsiz borc verilməsi, cavabdehin həmin borc üzrə cəmi 800 manat məbləğində iddiaçıya ödəniş etməsi öz təsdiqini tapdığından, iddia qismən təmin edilməli, cavabdehdən 02 aprel 2025-ci il tarixli borc müqaviləsi üzrə 5200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia borc tələbinə dair qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 16 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə bildirir ki, iddia tələbinin təmin olunmuş hissəsinin məbləğinə mütənasib olaraq iddia tələbi dövlət rüsumu tələbinə dair hissədə qismən təmin edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,8 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə həmin tələb təmin olunmamalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 02 aprel 2025-ci il tarixli borc müqaviləsi üzrə 5200 manat məbləğində pul və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin 68,8 manat hissəsi tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 aprel 2025-ci il tarixli borc müqaviləsi üzrə 5200 manat məbləğində pul və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin 68,8 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar