Məhkəmə qərarları › İş №2(027)-1/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1/2025 07.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “Aqrarkredit QSC Bank olmayan Kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: Quba Rayon Məhkəməsinin 24 iyun 2010-cu il tarixli əmri ilə "xxxx" ASC-nin ərizəsi təmin edilərək, Quba rayonu Çartəpə kəndində yaşayan Cavabdeh1 və Quba rayonu Digah kəndində yaşayan Cavabdeh2 müştərək qaydada 1,990 manat məbləğində əsas kredit borcu, 704 manat faiz borcu, 1254 manat dəbbə pulu cəmi 3,948 (üç min doqquz yüz qırx səkkiz) manat və 10 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin Quba filialının hesabına ödənilməlidir. Cavabdeh2 Quba Rayon Məhkəməsinin 24 iyun 2010-cu il tarixli əmrinə etiraz vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 24 iyun 2010-cu il tarixli, 2(027)-2337/2024 saylı məhkəmə əmri ləğv edilərək, mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı QSC əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib, ərizəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair" xx.xx.2017-ci il tarixli müqavilə imzalandığını, qeyd edilən Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin X4 problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında “Aqrarkredit" QSC-yə təhvil verildiyini göstərmiş, Qeyd edilələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017- ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən "problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair" xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 qarşı olan tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsini nəzərə alaraq, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz olunmasını və mülki işə iddiaçı qismində “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatın cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı QSC BOKT Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1839,80 manat əsas borc, 1958,0 manat faiz borcunun, öhdəliyinin icra olunmaması ilə bağlı illik 5 faizlə hesablanmış 1325,18 manat faizin, cəmi 5122,98 manat məbləğin və ödənilmiş 33,25 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC BOKT na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı əsassız hesab edərək, qəbul etmədi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, ekspert rəyi ilə razı olduğunu bildirimiş, iddianın qismən təmin olunmasın xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan 07 aprel 2008-ci il tarixli, 131 №li kredit müqaviləsindən və ödəmə sənədlərindən görünür ki, "xxxx" ASC-nin Quba filialı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 22 faiz olmaqla 12 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-dən kredit götürmüş «borcalan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərlərinə götürmüşdür. Həmin müqaviləyə əsasən Borc alan bank qarşısındakı öhdəliklərini tam icra edənə qədər zaminlik müqaviləsi qüvvədədir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 099 №li "xxxx" ASC tərəfindən borclu Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ona cədvəl üzrə yaranmış əsas borc və faiz borcunun 10 iş günü müddətində ödənilməsi, əks təqdirdə borcun məcburi qaydada tutulacağı ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-cu il tarixli ödəniş tapşırığına əsasən 10 manat, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün 33,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 mart 2025ci il tarixli, 9/539 saylı rəyindən görünür ki, Cavabdeh1 Əziulla oğlunun 07 aprel 2008-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixə 1990,00 manat əsas borcu, 171,14 manat faiz borcu, xx.xx.2013-cü il tarixə illik 5 % lə hesablanmış 569,14 manat faiz borcu təşkil edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, Cavabdeh1 borcu ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının 18 mart 2025-ci il tarixli, 9/539 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Ekspertiza rəyinə əsasən əsas borc 1990, faiz borcu üzrə 171,14 manat, 5%-lik hesablama ilə 569.14 manar borc hesablanmışdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1839,80 manat əsas borc, 171,14 manat faiz borcu, öhdəliyin icra olunmaması ilə bağlı illik 5 faizlə hesablanmış 569,14 manat faiz, cəmi 2580,08 manat məbləğ və ödənilmiş 33,25 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xeyrinə ödənilməlidir. Mulki Prosesual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə əsas borc üzrə verilən tələbə uyğun 1839,80 manat tutulmalı olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2025-ci il tarixli, 9/539 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1839,80 manat əsas borc, 171,14 manat faiz borcu, öhdəliyin icra olunmaması ilə bağlı illik 5 faizlə hesablanmış 569,14 manat faiz, cəmi 2580,08 manat məbləğ və ödənilmiş 33,25 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xeyrinə ödənilsin. İş üzrə keçirilmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar