Məhkəmə qərarları › İş №2(027)-1002/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1002/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1002/2021 09.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair idda ərizəsi üzrəmülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi və təbiətə dəymiş ziyana görə 560 (beş yüz altmış) manat məbləğin Cavabdeh tərəfindən İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu, Alpan kənd sakini Cavabdeh Quba rayonu Alpan bələdiyyəsi ərazisində 6 ədəd müxtəlif cinsli və diametrli yaş inkişafda ağacları kəsərək məhv etmişdir. Faktla əlaqədar onun barəsində Azərbaycan Ekologiya və təbii Sərvətlər Nazirliyinin İddiaçı tərəfindən 21.04.2020-ci il tarixli, 59305 saylı akt, 21.04.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq 30.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsinin tələblərini və “Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun tələblərini pozaraq inzibati xəta törətmiş, nəticədə Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən onun barəsində təbiətə dəymiş ziyana görə 560 (beş yüz altmış) iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat Cavabdeh 22.04.2020-ci il tarixli, 678 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdr. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21 aprel 2020-ci il tarixli 59305 nömrəli aktdan görünür ki, Cavabdeh Quba rayon Alpan kəndinin qərb hissəsində Alpan çayın (Quruçay) cənub hissəsindəki yaşıllıq ərazisindən ağacların qanunsuz kəsilməsi faktı aşkar olunmuşdur. Qeyd olunan ərazidən yemişan cinsinə mənsub yaş kök üstündə kök boğaz nahisyyəsindən diametri 4 sm 3 ədəd, Qarağac cinsinə mənsub 8 sm 2 ədəd, 12 sm 1 ədəd olmaqla ümumilkdə cəmi 6(altı) ədəd yaş inkişafda olan ağacların kəsilərəq aparıldığı aşkar olunmuşdur. İş materiallarında olan İnzibati xəta haqqında 21 aprel 2020-ci il tarixli, ******* №-li protokoldan görünür ki, Quba rayon Alpan kəndinin qərb hissəsindən Alpan bələdiyyəsi ərazisindən 6 ədəd müxtəlif cins və diametrli yaş inkişafda olan ağacları heç bir icazə sənədi olmadan kəsib apardığı üçün protokol tərtib olunmuşdur. İş materiallarında olan 30 aprel 2020-ci il tarixli, MN №0481551 saylı inzibati xəta haqqında qərardan görünür ki, Quba rayon Alpan kəndinin qərb hissəsindən Alpan bələdiyyəsi ərazisindən 6 (altı) ədəd müxtəlif cins və diametrli yaş inkişafda olan ağacları heç bir icazə sənədi olmadan kəsib apardığı üçün Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan hesablama cədvəlindən görünür ki, Quba rayon Alpan kəndinin qərb hissəsindən Alpan bələdiyyəsi ərazisində Cavabdeh tərəfindən kəsilən ağaclara görə 560 manat ziyan hesablanmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh oğlunun Quba rayonu, Alpan meşəbəyliyindən 6 ədəd müxtəlif cins və diametrli yaş inkişafda olan ağacları heç bir icazə sənədi olmadan kəsərək mülki hüquq pozuntusu törətməsi və bunun nəticəsində dövlət mülkiyyətinə 560 manat ziyan vurması sübuta yetirildiyindən, iddia təmin edilməli və Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 560 (beş yüz altmış) manat məbləğində pul alınaraq, İddiaçı büdcədən kənar xüsusi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələlsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci madhdəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tam təmin edildiyi üçün Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr; başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olununlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t et d i : İddia təmin edilsin. Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 560 (beş yüz altmış) manat məbləğində pul alınaraq, İddiaçı bank hesabına (VÖEN ********** hesab nömrəsi AZ41NABZO**********0********) ödənilsin; Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar