Məhkəmə qərarları › İş №2(027)-1002/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1002/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1002/2024 23.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1326/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəflərindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 1326/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq ona, İddiaçı verilməsi qət olunmuşdur. Belə ki, hal-hazır ki dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 90 (doxsan) manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi vəziyyəti ağırdır. Məktəbli uşağı saxlamağa imkanı çatmır. Dövlət tərəfindən 2024-cü il üçün bir uşağa aylıq 235 (iki yüz otuz beş) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh maddi vəziyyəti yaxşıdır. Qazancı sabit olmasa da imkanları yaxşıdır. Maddi vəziyyəti aylıq 235 (iki yüz otuz beş) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdeh keçirilən mediasiya prosesinə dəvət olunsa da prosesə gəlməmişdir. Bəzi ondan asılı olmayan səbəblərdən iddia ərizəni gec yazır. Ancaq aralarında mediasiya prosesində hər hansı bir razılıq əldə olunmayıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından may ayına kimi uşaq cavabdehin yanında qalmış, həmin dövr üçün alimentdə imtina edə bilər. Hazırda isə uşaq özünün yanındadır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul etməyərək, göstərmişdir ki, 2018-ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi uşaq onun yanında olmuş, təxminən orta aylıq 450 manat qazancı olur. İddiaçıdan ayrılqdan sonra o, yeni ailə qurmuşdur və yeni ailəsindən iki uşağı vardır. Hər ay 235 manat ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 144355 №-li doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X8 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 04 sentyabr 2012-ci il tarixli, 2(027)-1126/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikahın pozulması, 12 may 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit məbləğdə 60 manat pul alınaraq X2 verilməsi qət olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 13 avqust 2014-cü il tarixli, 2(027)-1326/2014 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1126/2012 nömrəli, 04 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 12 may 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızna verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət X7 üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli, 88/24 №li arayışından görünür ki, X8 2023-cü ildə İX sinif bazasından Emal Sənayesi Bakı Dövlət Peşə Təhsil Mərkəzinə Aşpaz ixtisasına daxil olub. Hal-hazırda əyani şöbənin 1-ci kursunda oxuyur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İŞ MŞİH-08659 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı qız ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-1326/2014 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay sabit pul məbləğində 90 manat aliment tutularaq, İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-1326/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 235 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə m ünasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-1326/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 33,20 (otuz üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar