Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1009/2020 04.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində əsas borc, 14.000 (on dörd min) bank faizi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona X1 nümayəndəsi kimi “xxxxxxxxxx” ASC-nin Xaçmaz fillialı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 114 saylı kredit müqaviləsinə əsasən həmin kredit təşkilatından illik 7% olmaqla 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Həmin kreditin zamini kimi cavabdeh ona öz evini girov qoymağı təklif etmiş, müqabilində ondan aldığı kredit vəsaitindən müəyyən hissəsini istəmişdir. Cavabdehə etibar etdiyi üçün razılaşmışdır. O, cavabdehin evini girov qoyub 200.000 (iki yüz min) manat məbləğində kredit götürmüş və aldığı vəsaitdən 28.000 (iyirmi səkkiz min) manat cavabdehə vermişdir. Aralarındakı razılaşmaya əsasən, cavabdeh aldığı məbləği illik faizi ilə birlikdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra kredit ödənişləri cədvələ uyğun olaraq hər ay özü ödəmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək aldığı puldan ödəniş etməmişdir. Cavabdehin hal-hazırda ona 42.000 (qırx iki min) manat məbləğində borcu vardır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq pulu ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində əsas borc, 14.000 (on dörd min) bank faizi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun evini girov qoyaraq, bankdan kredit almış, lakin aldığı vəsaiti təyinatı üzrə istifadə etməmişdir. Bununla bağlı Xaçmaz Rayon Məhkəməsində İddiaçı barəsində hökm çıxarılmışdır. İddiaçı borcunu ödəyə bilmədiyi üçün müxtəlif bəhanələr gətirərək ondan pul almaq istəyir. İddiaçının məhkəməyə təqdim etdiyi əlyazmanı o, başqa işə görə imzalamışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən zaman İddiaçı, Cavabdeh dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 114 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxx” ASC-nin Xaçmaz fillialı ilə X1 nümayəndəsi kimi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən illik 7% olmaqla 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Kreditin təminatı olaraq Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 98 nömrəli fərdi yaşayış evi girov qoyulmuşdur. İş materiallarında olan əlyazma “öhdəlik” vərəqəsindən görünür ki, Cavabdeh illik faizi ilə birlikdə 38.900 (otuz səkkiz min doqquz yüz) manat pulu 2016-cı ilin oktyabr ayından başlayaraq ayda 500 (beş yüz) manat, iyun-iyul aylarında isə 6.000 (altı min) manat ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(067)- 149/2019 saylı Hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.1-ci maddələrinə əsasən məhkum edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı bankdan kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh məxsus evi girov qoymuşdur. İş materiallarından göründüyü kimi iddiaçı kredit götürdüyü vəsaitin müəyyən hissəsini faizi ilə birlikdə qaytarmaq şərti ilə cavabdehə vermiş, sonuncu üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, cavabdehin iddiaçıya 28.000 (iyirmi səkkiz min) manat əsas borcu olması iş materialları ilə təsdiq edilsə də, 14.000 (on dörd min) manat faiz borcu ilə bağlı məhkəmə hər hansı sübut təqdim edilməmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində əsas borc tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1009/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1009/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver