Məhkəmə qərarları › İş №2(027)-1013/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1013/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1013/2023 22.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verməli olduğu 1900 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumunun və 50 manat məbləğində hüquqi yardım xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Quba rayonu Çiçi kəndində yaşayır. Özünə məxsus təsərrüfatında heyvan saxlayaraq satmaqla özünün və ailəsinin gündəlik xərclərini qarşılamağa çalışır. 06 avqust 2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evinə gələrək ondan 1900 manat dəyərində 14 baş qoyun almışdır. Həmin qoyunları ondan alarkən cavabdeh ona 1900 manat məbləğində pulu 10 gün ərzində gətirib çatdıracağını bildirmişdir. Cavabdeh əvvəllər də ondan heyvan almış və ödənişini vaxtında çatdıraraq etibarını qazanmışdır. O da, ona inanaraq 14 baş qoyunu cavabdehə nisyə satmağa razılaşmışdır. Üstündən xeyli vaxt keçdikdən sonra cavabdehdən bir xəbər çıxmadığı üçün o, ona zəng edərək pulunu istəmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr ilə bundan imtina etmişdir. O, cavabdehin yalanlarına inanaraq dəfələrlə taksi tutaraq onun yanına getmişdir. Bununla da əlavə olaraq gediş-gəliş üçün 200 manata yaxın maddi ziyana da düşmüşdür. Lakin cavabdeh ondan aldığı 14 baş qoyunun dəyəri olan 1900 manat məbləğində pulu bu günə kimi qaytarmamışdır. O, sadə bir kəndli kimi heyvanları min cür əziyyətlə saxlayaraq onları satıb ailəsinə çörək pulu qazanır. Hazırda cavabdehin ondan nisyə aldığı malların dəyərini geri qaytarmayaraq öhdəliyini icra etməməsi səbəbindən ziyana düşmüşdür. Cavabdeh həmin qoyunları ondan alıb apararkən yanında Murad Fərzəliyev adlı əsgər yoldaşı olmuşdur. Həmçinin qoyunların maşına yüklənməsi zamanı qonşuları Çərkəz Musayev və Fariz Müslümov da köməklik göstərmişlər. Cavabdeh ona olan borcunu qaytarmadığı üçün mən bu barədə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin Quba rayon Polis şöbəsinin 22 dekabr 2022-ci il tarixli məktubu ilə tələbinin mülki xarakterli olduğundan müraciətinə baxılmasının mümkünsüz olduğu və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında alğı-satqı ilə bağlı münasibətlərin mövcudluğunu və cavabdehin ona 1900 manat məbləğində pul borcu olmasını ərizəsinə əlavə etdiyi telefon danışıqlarından çıxarışlar da bir daha təsdiq edir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, pandemiya vaxtı borclarə çox olduğu üçün iddiaçıdan aldığı qoyunları sataraq borclarını vermişdir. Hazırda fəhləyə işləyir. Qeyd olunanların məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş edir. . Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 1900 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıya 1900 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 1900 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, iş materiallarında olan 29 mart 2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı 50 manat məbləğində pul ödənişi etmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardımla bağlı ödədiyi 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1900 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilsin. İddiaçı hüquqi yardımla bağlı ödədiyi 50 manat vavabdeh Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar