Məhkəmə qərarları › İş №2(027)-1025/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1025/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1025/2022 19.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 2730 manat pulun, hüquqi yardım üçün ödədiyi 150 manat, 48 manat dövlət rüsumunun və etibarnamənin alınması üçün ödədiyi 17 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Məhəmməd oğlu ilə 2 il bundan əvvəl Xaçmaz rayonunda yerləşən "Mərkəzi bazar"da tanış olmuşdur. Belə ki, o, öz avtomobili ilə Xaçmaz bazarından meyvə-tərəvəz alıb Siyəzənə gətirərək orada satır. Cavabdeh isə Qubadan meyvə yığıb Bakıya aparıb satırdı. Söhbət əsnasında ona bildirmiş ki, “istəyirsən yol keçəndə sənin üçün də istədiyin qədər meyvə gətirim, sat pulumu Bakıdan qayıdanda verərsən.” O, cavabdehlə razılaşmışdır. Beləliklə də, Rəşad Bakıya meyvə apararkən bir neçə yeşik gətirib ona da vermişdir. O da, üstündə pulu olanda aldığı meyvənin pulun nəğd vermişdir. Pulu olmayanda o, Bakıdan qayıdanda meyvəni satıb vermişdir. Beləliklə də, Rəşadla onun arasında yaxşı münasibət yaranmış və bir-birilərinə inamları artmışdır. Təxminən 14.05.2021-ci il tarixdə Rəşad ona zəng vuraraq onu Quba şəhərinə dəvət etmişdir. O, Quba şəhərinə gəlmiş və avtovağzal yaxınlığında Rəşadla görüşdür. Rəşad bildirmiş ki, kişi geyimləri mağazası açmış, bununla əlaqədar icarəyə mağaza götürmüşdür. Rəşad buna görə ona 5000 manat borc pul lazım olduğunu bildirərək həmin məbləği ondan borc istəmişdir. O, Rəşada bildirmiş ki, nağd pulu yoxdur, bircə avtomobili var. Rəşad təklif etmiş ki, həmin avtomobili satsınlar. O, həmin avtomobili 6700 manata almışdır. Ona təklif etmiş ki, “sənə pul lazım olduğu üçün 5000 manat verən olsa həmin qiymətə də verərəm.” Rəşad demiş ki, “mən gedib Sumqayıtdan maşın üçün alıcı tapıb gətirəcəyəm.” O, Siyəzənə qayıtmış, Rəşad ondan maşının şəklini istəmiş və o da, maşının şəklini göndərmişdir. Həmin günü Rəşad iki nəfər maşın alıcısı ilə Siyəzən şəhərinə onun evinə gəlmişdir. Avtomaşına baxaraq 4500 manata razılaşmış və rəsmiləşdirmək üçün Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərində həmin alıcılar fikirlərini dəyişərək, həmin qiymətin baha olduğunu, avtomaşına 2950 manat pul verəcəklərini bildirmişlər. Rəşad da ona maşını o qiymətə satmasını, onun işi yaxşı olsa köməklik bundan da yaxşı maşın almağa köməklik edəcəyini demişdir. O da, çarəsiz qalıb razılaşaraq 2950 manata avtomobili satmışdır. Həmin puldan Rəşad məndən 1400 manatını almış və Bakı şəhərinə Sədərək Ticarət Mərkəzinə gedib oradan mal alacağını demişdir. O da, onunla getmiş, qayıdıb Siyəzən şəhərində onu düşürərkən Rəşad əlavə olaraq ondan 1450 manat da almışdır. Beləliklə də, Rəşad ondan ümumilikdə 2850 manat pul almış və bütün pulunu yaxın bir vaxtda qaytaracağına söz vermişdir. 2021-ci ilin sentyabr ayında Rəşad Siyəzən şəhərinə gəlmiş və gəldiyi Ford markalı avtomobildə olan yuyucu vasitələri ona olan borcunun bir qismini bağlamaq məqsədilə təklif etmişdir. Lakin o, yuyucu vasitələrdən anlayışı olmadığı üçün Rəşadın təklifini qəbul etməmişdir. Rəşad Xızı rayonuna getmiş, Xızıdan qayıtdıqdan sonra sentyabr ayının son günlərində ona 1200 manat pul verəcəyini vəd edərək 374 manat məbləğində olan yuyucu vasitələri satmaq üçün ona vermişdir. Lakin, o, Rəşadın ona verdiyi yuyucu vasitələrdən 40 manat dəyərində olan malları satmışdır. Dəfələrlə Rəşada ona borclu olduğu pulu ödəməsini tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək və yalan vədlər verərək borcu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, məcbur olub ərizə ilə Siyəzən RPŞ-nə müraciət etmişdir. Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılarkən Cavabdeh ondan 2850 manat borc pul götürdüyünü etiraf etmiş və ona 400 manat dəyərində yuyucu vasitə verdiyini bildirərək, həmin yuyucu vasitələri ona qaytarsa ona 2800 manat, qaytarmasa 2400 manat pul verəcəyini bildirmişdir. Araşdırma aparan təhqiqatçı həmin məsələni gedib aralarında aydınlaşdırmalarını tövsiyyə etmişdir. Onlar evə gəlmiş və o, qalmış yuyucu vasitələri Rəşada qaytarmışdır. Satdıqlarının pulunu həmin borcdan çıxmış, Rəşadın ona 2730 manat borcu qalmışdır. Bu barədə Rəşad öz xətti ilə iltizam yazaraq ona vermiş və həmin borcu 06.01.2021-ci il tarixdə ona qaytaracağına söz vermişdir. Həmin vaxtı gecikdirərsə əlavə olaraq ona 1500 (bir min beş yüz) manat da verəcəyini öhdəsinə götürmüşdür. Bütün bu göstərdiklərini Siyəzən şəhəri, Su Kəməri qəsəbəsi Z.Tağıyev küçəsində yaşayan X2 da təsdiq edə bilər. Cavabdeh borclu olduğu 2730 manat pulu 06.01.2022-ci il tarixdə ödəyəcəyinə söz versə də, sözünə əməl etməmiş, borcu ödəməkdən yayınmışdır. Qanunvericiliyin tələbinə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh borclu olduğu pulu ona ödəmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək və məhkəmədə hüquqularının müdafiəsi üçün Quba rayon Vəkil Bürosu ilə müqavilə bağlayaraq hüquqi xidmət üçün 150 (bir yüz əlli) manat məbləğində pul ödəmişdir. Eləcə də, iddia ərizəsinin verilməsi üçün 48 manat dövlət rüsumu ödəmişdir. Yol uzaq olduğu üçün və cavabdehin ona qarşı bu hərəkətlərindən sonra yüksək qan təzyiqi yarandığından, məhkəmədə iştirak edə bilmədiyi vaxtlarda onun adından da nümayəndə kimi çıxış etmək üçün veridiyi etibarnaməyə görə 17 manat məbləğində pul ödəmişdir. Həmin pul məbləğlərini cavabdehin təqsiri üzündən ödədiyindən, qanunvericiliyin tələbinə əsasən ümumilikdə ödədiyi 215 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.12.2021-ci il tarixli iltizam görünür ki, cavabdeh iddiaçıya 2730 manat məbləğində pul borcludur və həmin borcu 06.01.2022-ci il tarixdə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Siyəzən RPŞ-nin TQ-nın təhqiqatçısı, polis baş leytenantı X1 09.12.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında 2800 manat pul borclu olduğunu etiraf etmiş və həmin borcu 06.01.2021-ci il tarixədək qaytarmağı söz vermişdir. Cavabdeh əməlində AR CMnin 178-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı Cavabdeh barəsində pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 03.03.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı hüquqi yardıma görə 150 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, iddiaçı məhkəmədə hüquqlarını müdafiə etməsi üçün Vəkil etibarnamə vermiş və buna görə də 17,25 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 06.01.2022-ci il tarixdə İddiaçı borclu olduğu 2730 manat məbləğində pulu qaytarmasını öz öhdəsinə götürmüşdür. Bundan başqa, olan Siyəzən RPŞ-nin TQ-nın təhqiqatçısı, polis baş leytenantı X1 09.12.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında cavabdeh iddiaçıya pul borclu olmasını etiraf etmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticə də, cavabdehin iddiaçıya 2730 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh isə iddianın əsassız olması bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdehnın İddiaçı 2730 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. İddiaçının hüquqi yardımın göstərilməsinə görə ödədiyi 150 manat və məhkəmədə hüquqlarını müdafiə etməsi üçün Vəkil etibarnamənin verilməsinə görə ödədiyi 17 manat məbləğin pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2730 (iki min yeddi yüz otuz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçının hüquqi yardımın göstərilməsinə görə ödədiyi 150 manat və məhkəmədə hüquqlarını müdafiə etməsi üçün Vəkil etibarnamənin verilməsinə görə ödədiyi 17 manat məbləğin pul cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Dövlət rüsumunun əvəzi olan 47 (qırx yeddi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar