Məhkəmə qərarları › İş №2(027)-1041/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1041/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1041/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində zərərin və 151 manat məhkəmə rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019 cu il tarixli 1(027)-28/2019 saylı hökmünə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500 manat və mənəvi ziyana görə 1000 manat pul vəsaitinin X2 alınaraq atası X9 verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarına əsasən mənəvi ziyana görə ödənilməli məbləğ dəyişdirilərək 4000 min manat müəyyən edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. İcra müddətində 1250 manat pul ödənilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq keçən müddət ərzində 20250 manat pul borclu tərəfindən ödənilməmişdir. X10 19 noyabr 2021-ci il tarixdə vəfat etmiş, atasının vəfatından sonra hüquqi varis kimi o, proseslərdə iştirak etmişdir. X1 isə 15 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra üç vərəsəsi - cavabdehlər qalmışdır. Cavabdehlər qərəzli formada öhdəlik yaranmaması üçün miras qoyan X4 ölümündən sonra vərəsəlik açılması üçün notariat orqanına müraciət etmirlər. Buna baxmayaraq cavabdehlər Rəcəb Əzizova məxsus 0,06 ha torpaq sahəsində yerləşən evdə yaşamaqla, onun mirasından istifadə və idarə etməklə mirası faktiki qəbul etmişlər. Həmçinin cavabdehlərdən Cavabdeh1 borclunun ölümündən sonra məhkəmə proseslərində hüquqi varis kimi tanınmış və iştirak etmişdir. Cavabdehlər göstərilən borcu ödəmək istəmirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 miras qalmış torpaq sahəsinin üzərində yerləşən evdə yaşayırlar və mirası faktik olaraq idarə edirlər. Bununla da, cavabdehlər X4 vərəsələri sayılır və sonuncunun üzərinə qoyulmuş öhdəlikləri icra etməlidirlər. Onun atası Binəli Tosoyevə dəymiş maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Ona görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, atası X4 vəfatından sonra vərəsəliyi qəbul etməmişlər. Evin çıxarışı yoxdur. Onlar miras əmlakdan birgə istifadə edirlər. Vərəsəliyi qəbul etmədikləri üçün, qeyd olunan borc öhdəliyi onların üzərinə qoyulmamalıdır. İddia əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Timiryazev qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)- 28/2019 saylı hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X2 vurduğu maddi ziyana görə 17.500 (on yeddi min beş yüz) manat və mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğində pul alınaraq, X9 verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(105)-164/2019 saylı hökmündən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmü mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilərək, mənəvi ziyana görə X2 alınaraq X9 verilməli olan pulun məbləği 1.000 (bir min) manatdan 4.000 (dörd min) manata qədər artırılmışdır. İş materiallarında olan AZ-İİ 211675 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X7 vərəsəsidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-260F KOD 30304048 saylı şəhadətnamənin surətindən görünür ki, X5 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Quba rayonu, Timirzyev qəsəbəsində yerləşən 0,3191 ha torpaq sahəsi X4 adına rəsmiləşdiriımişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünüür ki, X4 ölümündən sonra Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə onun adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500 manat və mənəvi ziyana görə 4000 manat pul vəsaitinin, ümumilikdə 21500 manat pulun X2 alınaraq atası X9 verilməsi qərara alınmışdır. Qərarın icrası mərhələsində tələb olunan məbləğdən 1250 manat pul ödənilmiş, 20250 manat ödənilmiş qalmışdır. X10 19 noyabr 2021-ci il tarixdə və X5 15 sentyabr 2022-ci il tarixdə vəfat etmişlər. İddiaçı X7 vərəsəsidir. Cavabdehlər isə X4 ailə üzvləri olmaqla sonuncudan miras qalmış əmlakı idarə edirlər. İddiaçı hazırda atası X9 maddi və mənəvi ziyan ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını mülki qanunvericiliyin mülki hüquq pozuntusu ilə bağlı müddəaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, yol-nəqliyyat hadisəsi nəticəsində X4 təqsirli əməli nəticəsində X9 17500 manat maddi və 4000 manat mənəvi ziyan dəymişdir. Məhkəmə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmünü və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(105)-164/2019 saylı hökmünü mötəbər sübut kimi qəbul edib hesab edir ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində əsaslıdır və cavabdehlərdən tutulmalıdır. İş üzrə Cavabdeh1 izahatında ailə üzvləri ilə birlikdə atası X2 miras qalmış əmlakda yaşayaraq əmlakdan birgə istifadə etdiklərini bildirsə də, bugünədək mirası qəbul etmədiklərini iddia edərək, atası tərəfindən X9 vurulmuş maddi və mənəvi ziyanın məhz onlardan tutulmasını əsassız hesab etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Qanunun mənasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 15 sentyabr 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakı qanunla müəyyən edilmiş rəsmi formada vərəsəliyi qəbul etməsələr də, iş materiallarından müəyyən edildiyi kimi onlar X4 ailə üzvləridir və mərhumdan qalan miras əmlaka faktiki olaraq sahib olmuşlar. Belə olan halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X4 vəfatından sonra mirası və qalan bütün öhdəlikləri qəbul etmiş olurlar. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməli, 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 151 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi 151 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar