Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1044/2021 25.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı “xxxx” QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh və Zamindan cəmi 2400 ABŞ dolları və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun «X2» ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin çıxarılmasım xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, ((İddiaçı» ASC ilə borclu Cavabdeh arasında bağlanmış 17.07.2007-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 20 faizlə 12 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanmış Cavabdeh öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclular Cavabdeh və Zamin müqayilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Quba rayon Məhkəməsinin 2(027)-1044/2016 saylı, 13.06.2016-cı il tarixli məhkəmə əmri ilə, xx.xx.1952-ci ildə Quba rayonu, Digah kəndində anadan olmuş. Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh və xx.xx.1968-ci ildə Quba rayonu, Digah kəndində anadan olmuş, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan Zamindan müştərək qaydada 920 ABŞ dolları əsas borcun, 1480 ABŞ dolları faiz, cəmi 2400 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı ASC-nə verilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1044/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadı ilə, Quba rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(027)-3364/2016 nömrəli məhkəmə əmri ləğv edilməsi və mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun 10.02.2017-ci il tarixli təhvil-təslim aktı əsasında “xxxx” QSC-yə verildiyini qeyd edərək, cavabdehlərin “xxxx” QSC-yə 1199,31 ABŞ dolları məbləğində kredit borclarının olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin müddət keçməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımı qaydada xəbərdar edilsə də, cavabdeh Zamin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia təmin olunmamalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17.07.2007-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 20 olmaqla 12 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqavilə ilə əlaqədar iddiaçı ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. 10.02.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu “xxxx” QSC-nin icraatına keçirilmişdir. 24.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” QSC-yə 24.05.2021-ci tarixə olan borcu 1199,31 ABŞ dolları təşkil edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək müqavilə üzrə iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflər arasında müqavilə 17.07.2007-ci il tarixdə bağlanmış. Müqavilənin bitmə tarixi 17.07.2008-ci il olmuşdur.Hazırki tələb üzrə iddia müddətinin axımı məhz 17.07.2008-ci il tarixdən başlayır ki, 3 illik həmin iddia müddəti də 17.07.2011-ci il tarixdə başa çatmışdır. İddiaçı isə 10.06.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, bank özünə məxsus olan pul vəsaitini sonradan qaytarmaq şərtilə kredit formasında ayrı-ayrı şəxslərin istifadəsinə verir və bu zaman ödənilən faizlər bankın qazancını təşkil edir. Bankın əsas funksiyalarından biri də kredit vermə funksiyasıdır. Verdiyi kredit məbləğlərinin qaytarılmasına nəzarət etmək və bununla bağlı müvafiq hüquqi prosedurlardan istifadə etmək bankın vəzifəsidir. Bu zəmində məhkəmə hesab edir ki, müştəriləri ilə çoxlu sayda kredit müqaviləsi bağlayan və peşəkar kredit vermə fəaliyyəti ilə məşğul olan iddiaçı bank onun hüquqlarının məhz həmin vaxtdan pozulduğunu bilməli idi. İddiaçı iddia müddətinin axımının dayandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd olunmuş halların mövcud olması və iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmiş, eyni zamanda iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüquq pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Beləki Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Mülki Məcəllənin 374-cü maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyəti ilə bağlı sözügedən 3 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı qərarında qeyd etmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla, qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun 3 iyun 2013-cü il tarixli qərarına istinad edərək qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqədardır. Bu hal da hər zaman bir-biri ilə üst-üstə düşmür. Məhkəmə onu da nəzərə çatdırır ki, iddiaçı cavabdehin vərəsələrindən kreditin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Bunun üçün hüquqi əsasda mövcuddur. Lakin tərəflər arasında bağlanmış 17.07.2007-ci il tarixli kredit müqaviləsi ilə bağlı tələb üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürüldüyündən hazırki iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdliyi üçün iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1044/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1044/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver