Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1045/2023 04.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X1, Cavabdeh nümayəndəsi qismində vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Fərhadov Bahadır Hacıəliyeviç iddia ərizəsi ilə müraciət edərək Cavabdeh JN-093F, kod 30311018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətanaməyə əsasən onun mülkiyyətində olan 0,10 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1991-1995-ci illərdə mərhum atası X8 RİHB-nın Vladimirovka İƏV nümayəndəliyinin təsərrüfat başına kitabında qeyd edilmişdir ki, mərhum atasının həmin kənd ərazisində ümumi sahəsi 80 kv.m olan yaşayış evi və şəxsi istifadəsində olan 0.20 ha torpaq sahəsi vardır. Atası vəfat etməzdən öncə bütün mülkiyyətində olan əmlakları ona bağışlamışdır. Bir müddət Rusiya Federasiyasında yaşayıb işlədiyi üçün cavabdeh atasından ona qalmış torpaq sahəsinin 0.10 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. O Rusiya Federasiyasına getməzdən öncə həmin torpaq sahəsində gilas ağacları əkib və onun məhsullu ilə dolanmışdır. Lakin, həmin torpaq sahəsi hazırda illərdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, əkdiyi gilas ağacları cavabdeh tərəfindən kəsilmişdir. Bununla bağlı ilk öncə kənd nümayəndəliyinə, bələdiyyəsinə müraciət etmişdir. Onlar ona köməklik göstərməmişlər. Cavabdehin özünə bu barədə müraciət etdikdə o, bu torpaq sahəsinin ona məxsus olduğunu və torpaq sahəsindən çıxmayacağını bildirərək hədə-qorxu gəlmişdir. Bununla bağlı Quba rayon Prokurorluğuna müraciət etmiş, müraciəti əsasında ona bildirilmişdir ki, müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Bu hərəkətləri ilə cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək onu mülkiyyətindən faktiki olaraq məhrum etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edildiyinə görə B.Fərhadov mülkiyyət sənədini ala bilmir və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdi ki, sözü gedən torpaq sahəsinə cavbdehin adına Quba rayon AİK-nın qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmiş, həmin şəhadətnaməyə əsasən mülkiyyətçinin öz adına ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatından çıxarış verilmişdir. İddiaçı isə idda etdiyi torpaq sahəsinə aid məhkəməyə heç bir mülkiyyət sənədi təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-64A KOD 30311018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.17 ha torpaq sahəsi Quba rayonu, Vladimirovka kənd sakini Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********64 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,1365 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 05 may 2016-cı il tarixli arxiv arayışından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirmişdir ki, Quba RİHB- nın Vladimirovka İnzibatı Ərazi Vahidi üzrə nümayəndəliyinin 1991 -1995-ci illərə aid Vladimirovka kəndi üzrə təsərrüfat başına kitabında vətəndaş X5 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində ümümi sahəsi 80 kv.metr, o cümlədən yaşayış sahəsi 51 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 0.20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin X3 ünvanlanmış məktubundan görünür ki, X2 adına olan JN-093F KOD 30311018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 mübahisələndirdiyi torpaq sahəsinə dair hər hansı hüquq üzrə dövlət qeydiyyatından keçmiş müvafiq sənəd müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1045/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1045/2023
04.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver