Məhkəmə qərarları › İş №2(027)-1049/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1049/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1049/2023 07.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçıASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış № 01 saylı Əlavəyə əsasən plastik kart üzrə 6339.60 AZN məbləğində texniki overdraft borcunun və 83.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 19 oktyabr 2021-ci il tarixli bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və xx.xx.2021-ci il tarixində Cavabdeh plastik kart verilmişdir. Cavabdeh xx.xx.2021 -ci il tarixdə hesabında olan vəsaitdən 6339.60 AZN artıq məbləğdə vəsaiti məxaric etməklə texniki overdrafta yol vermişdir. 10 fevral 2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 19 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış № 01 saylı Əlavəyə əsasən plastik kart üzrə 6339.60 AZN texniki overdraft borcu vardır. 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinin 10-cu paraqrafının 4-cü hissəsinin 32-ci bəndində texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək,eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. Borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçıASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdehnın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 19 oktyabr 2021-ci il tarixli bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və xx.xx.2021-ci il tarixində Cavabdeh plastik kart verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 6339 (altı min üç yüz otuz doqquz) manat 60 (altımış) qəpik məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh qeyd olunan vəsaitin 3 (üç) təqvim günü ərzində banka ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə olunan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinə görə 83.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh 35310****7674 hesab nömrəli plastik kart istifadəçisidir və o, xx.xx.2021 -ci il tarixdə hesabında olan vəsaitdən 6339.60 AZN artıq məbləğdə vəsaiti məxaric etməklə, həmin məbləği Banka geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 19 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi bağlanmış və ona bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kart verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə hesabında olan vəsaitdən 6339.60 manat artıq məbləğdə vəsaiti məxaric etməklə plastik kart üzrə bank qarşısında 6339.60 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 6339.60 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 83 (səksən üç) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 oktyabr 2021-ci il tarixli “Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi“ üzrə 6339 (altı min üç yüz otuz doqquz) manat 60 (altımış) qəpik borc və ödənilmiş 83 (səksən üç) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar