Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1057/2023 11.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2000 (iki min) manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun əvəzinin alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir neçə il əvvəl, oğlu vasitəsilə tanımışdır. Münasibətləri normal olmuşdur. 2022-ci ildə Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirmiş, ondan köməklik göstərməyini xahiş etmişdir. 2022-ci ilin aprel ayında ona 2750 manat məbləğində borc vermişdir. Cavabdeh ondan göstərilən məbləğdə borcu alması və həmin borcu ödəməyi öhdəsinə götürməsi barədə, şahidlərin də iştirakı ilə yazılı iltizam imzalamışdır. Aralarındakı razılaşmaya əsasən cavabdeh borcu, tam ödənilədək hər ay pensiyasından ödəməyi öhdəsinə götürmüşdür. Bunun üçün pensiya kartını ona vermişdir. Həmin vaxtdan sonra cavabdehin pensiya kartından ona olan borcundan hər ay hissə-hissə olmaqla, ümumilikdə 750 manat məbləğində pul götürmüşdür. Onların borc sövdələşmələrindən bir ay sonra, may ayında cavabdeh törətdiyi əmələ görə həbs olunmuşdur. 2022-ci ilin dekabr ayında Cavabdeh pensiya kartını bağlamış və ödənişlər dayanmışdır. Beləliklə cavabdehin ona 2000 manat məbləğində borcu qalmışdır. Bundan sonra o, onun ailə üzvləri ilə əlaqə saxlamış, amma onlar tərəfindən heç bir ödəniş olunmamışdır. Dəfələrlə bu barədə müraciətlər etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh ona borclu olduğunu etiraf edərək bu barədə əqd imzalasa da, şərtləşdiyi kimi borcunu ödəmək üçün pensiyası olsa da pulunu ödəməkdən yaynır, bununla da üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ona borclu olduğu puldan 1440 manatını ödəmişdir. cavabdehin ona 1310 manat məbləğində borcu qalmışdır. İddianın həmim hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, cavabdeh iddiaçıya 600 məbləğində pul borcludur. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazmadan görünür ki, cavabdeh ehtiyacı olduğuna görə İddiaçı 2750 manat borc pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.6-cı maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ona borclu olduğu 2000 (iki min) manat məbləğində pulun alınaraq ona verilməsini tələb etsə də, iddiaçı məhkəmə iclasında cavabdehin ona 1310 manat məbləğində pul borclu olduğunu və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Vahabov X2 Qəniyevdən 2750 manat məbləğində pul almış və həmin borcu öz pensiya kartı vasitəsi ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh iddiaçıya borclu olduğu 2750 manat məbləğində puldan 1440 manatını qaytarmış, qalan 1310 manat məbləğində pulu isə qaytarmaqdan boyun qaçırmışdır. Bununla da, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında tam icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 1310 manat məbləğində pul öhdəliyi qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi iddiaçıdan 600 manat məbləğində borc alınmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin borcun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə mövcud sübutlar əsasında iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 1310 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1310 manat məbləğində pul və 40 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1057/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1057/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver