Məhkəmə qərarları › İş №2(027)-1064/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1064/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1064/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İsgəndər oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsgəndər oğlundan borclu olduğu 1950 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Ağcabədi rayon Cəfərbəyli kəndində ferması var. Cavabdeh İsgəndər oğlu 12 mart 2024-cü il tarixdə ailəsi ilə birlikdə çoban kimi işləmək üçün onların fermaya gəlmişdir. Aralarında olan razılaşmaya görə Cavabdeh hər ay 500 manat əmək haqqı vermişdir. Cavabdeh fermada işləyən vaxt ondan borca 1600 manat pul alıb özünə heyvan almış, sonradan aldığı 1600 manatlıq heyvanı ona vermişdir. Bundan sonra Cavabdeh ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 1850 manat borca pul almışdır. Cavabdeh həmçinin kənddəki mağazaların birindən onun adına nisyə 120 manatlıq ərzaq almışdır. Cavabdeh İsgəndər oğlu 2024-cü ilin iyun ayında Ağcabədi rayon Polis Şöbəsində verdiyi izahatında ona 1950 manat borcu olmasını etiraf etmişdir. Sonradan cavabdeh onun yanında işləməkdən boyun qaçırıb çıxıb getmiş, borcunu qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan 6 aydan çox vaxt ötməsinə və dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh İsgəndər oğlu borclu olduğu 1950 manat pulu hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırır və etdiyi xəbərdarlıqlara məhəl qoymur. Ona görə də, pozulmuş hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburuyyətində qalmış və Cavabdeh İsgəndər oğlundan borclu olduğu 1950 manat pulun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə tələbimin təmin olunmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və daha sonra teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İsgəndər oğlu məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh İsgəndər oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 iyun 2024-cü il tairxli qərardan və Cavabdeh İsgəndər oğlunun Quba rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, Muradov X1 Faiq Xudayar oğluna 1950 manat məbləğində pul borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə hesab edir ki, borc cavabdeh tərəfindən etiraf edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 1950 (bir min doqquz yüz əlli) manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İsgəndər oğlundan 1950 (min doqquz yüz əlli) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar