Məhkəmə qərarları › İş №2(027)-1073/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1073/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1073/2025 17.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: vurulmuş ziyanın ödənilməsi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərara əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:00-da “VAZ 21074” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri 32-33-cü məhəllə istiqamətinə çıxarkən, “LEXUS UX 250H” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Quba rayon Polis şöbəsində verilmiş izahatda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13:00 radələrində özünə məxsus idarə etdiyi VAZ 07 markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhər 32-33-cü məhəllədə hərəkətdə olarkən nizamlanmayan yol ayrıcılığında ondan sağda yol ayrıcılığına daxil olan “LEXUS UX 250H” minik markalı, **-RT-*** nömrəli avtomobillə toqquşmuş, avtomobilin sol tərəfi dirəyə dəymişdir. 3."xxxx" Firması tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair akta əsasən buraxılış ili 2020 olan “LEXUS UX 250H” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 12085 manat təşkil edir.

4. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə“ hesabata əsasən “LEXUS UX 250H” minik markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 7830 manat dəyərində müəyyən olunmuşdur.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7085 manat avtomobilinə dəyən zərər, ziyan aktının yazılmasına görə ödədiyi 50 manat və məhkəmə rüsumu olaraq ödəniş etdiyi 92 manat rüsum olmaqla, ümümilikdə 7227 manat məbləğində pulun tutularaq, onun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 26 dekabr 2024-cü il tarixdə saat 13:00 radələrində Quba şəhəri 32-33 cü məhəllədə ona məxsus “LEXUS UX 250H” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh idarə etdiyi “VAZ 21074” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirkar tərəf Cavabdeh olmuşdur. Hadisə baş verən zaman Cavabdeh idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobil "xxxx" ASC Sığorta şirkətində sığortalı olmuşdur. Onun **-RT-*** dövlət qeydiyyat nişanlı “LEXUS UX 250H” markalı avtomobili isə "xxxx" ASC Sığorta şirkətində sığortalı olmuşdir. Hadisənin baş verməsində təqsirkar tərəf olaraq, Cavabdeh qarşı törətdiyi inzibati xəta nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Quba rayon Polis Şöbəsinin DYP əməkdaşları tərəfindən X1 Haqqında TP ******* saylı qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin ön kapotu, ön buferi, buferin sağ və sol salaskaları, buferin üzərindəki planka, buferin alt lipi buferin üzərindəki parkradarlsır, qoşqu yerinin üst kalpakı, buferin alt qoruyucu şvelleri, ön sağ və sol faralar, duman faralarının plasmas örtükləri, ön sol qanadaltı qoruyucu örtük, disktronik, disktronikin qoruyucu korpusu, şüşəsilənin su baçoku, “LEXUS” emblemi, radyator barmaqlığı və dövlət qeydiyyatlı nişarlı olmaqla adları qeyd olunan ehtiyat hissələri yararsız hala düşmüşdür. b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

8. İddiaçı məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında bildirmişdir ki, ilkin olaraq iddia tələbində 7227 manat məbləğində pulun ödənilməsini tələb etsə də, hazırda "xxxx" Sığorta şirkəti tərəfindən tərtib edilmiş ziyan aktında göstərilən məbləğlə razıdır. Belə ki, həmin aktda dəymiş ziyanın məbləği 7830 manat göstərilmişdir. Sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğində pul nəzərə alınmaqla, ümumilikdə 2830 manat məbləğində pulun ödənilməsinə etiraz etmir.

9. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatda bildirdi ki, tələb edilən məbləği ödəməyə imkanı yoxdur. Borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını məhkəmədən xahiş etdi.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

12.AR Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. - 1099.1. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir . - 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 14.Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozması iddiaçıya məxsus Lexus UX 250H minik markalı 77RT477 nömrəli avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Belə ki, Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək barəsində X1 haqqında qərar qəbul edilmişdir. İddiaçı ilkin olaraq məhkəməyə təqdim etdiyi "xxxx" Firmasının dəymiş ziyanın qiymətləndirilməsi barədə aktında göstərilən məbləğin ödənilməmiş hissəsini tələb etsə də, daha sonra cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" Sığorta şirkəti ASC tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılaşmışdır. Belə ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği "xxxx" Sığorta şirkəti ASC tərəfindən 7830 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğin 5000 manat təşkil edən hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Cavabdeh isə ilkin olaraq tələb edilən məbləğə etiraz etsə də, daha sonra məhkəmədə verdiyi izahatında maddi durumu ilə əlaqədar olaraq ödənişi həyata keçirmədiyini qeyd etmişdir.

15. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur.

16. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi dəymiş ziyan məbləğinə münasibətdə qismən təmin edilməli, Cavabdeh 2830 manat maddi ziyan məbləği tutularaq, iddiaçıya ödənilməlidir. 17.Bundan əlavə iddiaçı həmçinin ziyan aktının tərtib edilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab edir. 18.Belə ki, xx.xx.2024-cü il tarixli ƏİÖ/2 seriyalı 690908 nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən "xxxx" Firmasına 50 manat məbləğində ödəniş edilmişdir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 92 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2830 (iki min səkkiz yüz otuz) manat maddi ziyan, ziyan aktı ilə bağlı ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat olmaqla, ümumilikdə 2972 (iki min doqquz yüz yetmiş iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar