Məhkəmə qərarları › İş №2(027)-1084/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1084/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1084/2020 28.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona verməli olduğu 178500 (bir yüz yetmiş səkkiz min beş yüz) manat əsas borcun,178500 manat əldən çıxmış faydanın və onların faizlərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi və cavabdehə qarşı iddia təmin tədbirləri, cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması və cavabdehin xaricə getməyinin məhdudlaşdırılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi veteranıdır. Belə ki,1990-cı ildən 2000-ci ilədək Quba rayonunun Polis şöbəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidməti dövründə həmişə cinayətkarlığa qarşı prinsipial mövqedə olmuş, ağır cinayətlərin qarşısının alinmasinda fəal iştirak etmişdir. Mənfur erməni qəsbkarlarının Vətənimizə təcavüzü dövründə özü könüllü yazılaraq Qarabağ bölgəsində, o cümlədən, Dağlıq Qarabağ ərazisində, Şuşada və ətraf kəndlərdə, Qubadlı-Laçın bölgəsində torpaqların qəsbkarlardan müdafiəsində fəal iştirak etmişdir. O, daima Vətən torpaqlarının müdafiəsinə hazırdır. 2000-ci ildə yaranmış şəraitlə əlaqədar o, polisdə xidmətini öz xahiş ilə saxlamışdır. Ailəsinin maddi problemlərini həll etmək məqsədilə kiçik bizneslə məşğul olmağa başlamışdır. 2019-cu ilin may ayında tanışı Quba rayonunun İ Nügədi kənd sakini Cavabdeh ona özünün də bizneslə məşğul olduğunu, lakin hal-hazırda çətin vəziyyətə düşdüyünü, yaxşı mal olarsa işləyə biləcəyini və hər ikisinin də yaxşı qazanc əldə edəcəylərini bildirmişdir. O,dələduzluqla onun tam etibarını qazanmışdır. O, ona inanaraq, Türkmənistan Respublikasından olan tanışı, əvvəllər dəfələrlə iş gördüyü X1 müraciət etmiş, Ənvərin ondan sifaişilə pomidor və soğan furalarını Ənvərə göndərtmişdir. Ənvər isə malı qəbul edərək məhsulu satmışdır. Hər furada 20 ton mal olmaqla 7 fura soğan, 8 fura pomidoru, ümumilikdə 15 fura malı cavabdehə göndərtmişdir. Həmin malın yalnız maya dəyəri 50000 ABŞ dolları etmişdir. O, özünü də iki dəfə Ənvəri yoxlamış, malın çox sürətlə gəlirli qiymətə satıldığının şahidi olmuşdur. O, onların etibarlarıdan sui-istifadə edərək faktiki oğlu Şöhrətlə cinayətkar birlik yaradaraq pulu cinayətkarcasına mənimsəyərək külli məbləğdə pullar qazanmışlar, hesablarına əsassız varlanmışlar.Təkcə malın mayasından, yəni maya dəyərindən 50000 (əlli min) ABŞ dolları məbləğində pulu Ənvər və oğlu Şöhrət onlardan oğrulayaraq mənimsəmişlər. Cavabdeh bu maldan 55000 ABŞ dolları məbləğində əlavə faydagəlir verməli idi. O, onları axtarıb nəhayət Azərbaycanda, Quba rayonunun İ Nügədi kəndində Əfsan sarayında təmtəraqlı toy edərkən tapmış, iradlarını bildirmiş, malın heç olmasa maya dəyərini istəmişdir. O isə yenidən onu aldatmağda davam etmiş, yoldaşı ilə birlikdə oğulları Şöhrətin toyu üçün və gəlinin qızıl-zinət əşyalarına onun pulunu xərclədiklərini və toyun səhərisi ən azından malın maya dəyərini ona qaytaracaqlarına söz verdilər. O, xx xxxxxx 2020-ci il tarixində bu işlə əlaqədar Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və Cavabdeh və dəstəsinin barəsində ciddi tədbir görülməsini, əməllərinə hüquqi qiymət verilməsini, ondan oğurladıqlarının qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Quba rayon polis şöbəsində ərizə əlaqədar araşdırılma aparılmış, Azərbaycan Respublikasının Mülki qanunvericilyi əsas gətirilərək onların arasında olan mübahisənin məhkəmə qaydasında həll olunması qərarına gəlinmiş və onlar barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı tələbi mülki mübahisəli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş gömrükdən yük keçirmə aktlarından görünür ki, X2 tərəfindən müxtəlif tarixlərdə Cavabdeh hesabına sifaişilə pomidor və soğan furaları göndərilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin Quba RPŞ-nə verdiyi izahatında 50.000 dollar borclu olduğu puldan 24.000 dollar pul qaytardığını qeyd etsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin iddiaçıya 50.000 dollar məbləğində borcu vardır. İddiaçı 178.500 manat əsas borc, 178.500 manat əldən çıxmış faydanın və onların faizlərinin cavabdehdən alınıb ona verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməli, cavabdehdən iddiaçının xeyrinə malın maya dəyəri olan 50.000 dollar hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 493.1-493.2-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçılar qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, Cavabdehdan 50.000 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh 30 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 50.000 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar