Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1091/2024 31.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qeyri-qanuni istismarı ilə əlaqədar vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qeyri-qanuni istismarı ilə əlaqədar vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin Sumqayıt Apelasiya Məhkəməsinin 2(105)- 1182/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsinin qəbul edildiyi tarixdən sonra keçən 3 (üç) ildən artıq dövr üçün cavabdehin bu torpaq sahəsini qanunsuz istismarı ilə ona vurulmuş maddi zərərə görə 12.000 (on iki min) manat məbləğində vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh uzun illər ərzində ona məxsus Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən torpaq sahəsinin 0,5 ha hissəsini zəbt etməklə qonşu torpaq sahələrinin ortaq sərhədləri boyunca daş hasarları dağıtmış və bu torpaq sahəsini mənfəət götürmək məqsədi ilə qanunsuz olaraq istismar etməklə burada bir sıra daimi məskunlaşma işləri həyata keçirmişdir. Cavabdeh xəbərdarlığa əhəmiyyət vermədiyi üçün iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etməli olmuş və Quba Rayon Məhkəməsinin 2(027)-494/2019 saylı 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, həmin toraq sahəsinin iddiaçıya qaytarması barədə qərar qəbul olunmuşdur. Qətnamə icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. O, Bakı şəhərində yaşadığı üçün çox nadir hallarda həmin kəndə gedir. Belə ki, icra məmuru tərtib edilmiş akta əsasən məhkəmə qətnaməsinin tam icra edildiyini bildirərək, icra sənədinə əsasən icraata xitam verilməsi üçün təqdimatla Məhkəməyə müraciət etmiş, həmin müraciət təmin edilmişdir. Sonradan məlum olmuşdur ki, icra sənədi icra edilməmiş və cavabdeh həmin sahəni zəbt etməkdə və qeyri-qanuni əməllərini davam etdirməkdədir. Bundan sonra məhkəmə qərardadından şikayət verərək və lazımı ərizələri icra şöbəsinə göndərildikdən sonra yenidən icra sənədi üzrə icra tədbirlərini davam etdirilməsi qərara alınmışdır. Bu barədə Quba Rayon Məhkəməsi 8(027)-499/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. Cavadehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan davam etməkdədir. Əvvəlki məhkəmə qətnaməsi ilə, yəni Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1182/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 14.400 (on dörd min dörd yüz) manat maddi ziyanı ödəməkdən imtina etməklə yanaşı, yeni ziyanlar vurmaqda davam edir. Qeyd etmişdir ki, bu zərər məbləği uzun müddət istismar dövrünü Sumqayıt Apelyasiya Məhkəməsinin qəbul olunduğu tarixdən əvvəlki yalnız son 5 ili nəzərdə tutularaq hesablanmışdır. Hazırda bu məhkəmə qətnaməsindən 3 ildən artıq vaxt keçmişdir. Bütün bunları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsi qətnaməsindən keçən 3 (üç) ildən artıq bir vaxt keçməsinə baxmayaraq cavabdeh zəbt etdiyi torpaq sahəsinin qanunsuz istismarını davam etdirdiyini, həmin cərimənin beşdə üçü qədər, əlavə olaraq zəbt olunmuş torpaq sahəsini 0,6 hektar qədər genişləndirdiyini və bu sahədəki meyvə ağaclarının hər il artan məhsuldarlığını nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin müəyyən etdiyi zərərlə bağlı qətnaməsindən sonrakı 3 (üç) ildən artıq müddət üçün də ona dəyən maddi zərərə görə cavabdehin onun xeyrinə ən azı 12.000 (on iki min) manat vurulmuş zərərin ödəməsi barədə qətnamə qəbul edilməlidir. Əslində bu məbləğ çox kiçik rəqəm olaraq iddiaçıya dəyən maddi zərərin çox az hissəsini təşkil etməklə simvolik xarakter daşıyır. Belə ki, sahədə olan 4 (dörd) iri tut ağacının hər birinin meyvələrindən hər il təxminən 50 (əlli) litrdən çox doşab bişirildiyini və doşabın hər litrinin 20 (iyimi) manatdan yüksək alıcılıq tələbatı ilə satıldığını nəzərə alaraq, təkcə bir tut ağacından bir ildə əldə edilən gəlir 1000 (bir min) manatdan artıq gəlir əldə edilir. Beləliklə, 4 (dörd) tut ağacından bir ildə əldə edilən gəlir 4000 (dörd min) manatdan çox, 3 (üç) ildə isə bu gəlir 12.000 (on iki min) manatdan artıq olur. Sahədəki başqa meyvə ağaclarından və digər istismar sahələrindən gələn, məsələn ot, bostan və.s. gəlirləri də nəzərə alsaq müəyyən olunan cərimənin miqdarı faktiki tələb etdiyindən qat- qat çox olmalıdır. Təbii ki, bütün bunlar məhkəmə prosesində zərurət yaranarsa müvafiq ekspertiza keçirilməklə daha da dəqiqləşdirilə bilər. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və tərəfindən uzun müddət istifadə edilmiş, iddiaçının öz torpaq sahəsindən əldə edəcəyi mənfəətdən məhrum etmiş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Ərizəyə əlavə edilmiş sənədlərdən də görünür ki, 2015-ci ildən iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edilmiş, torpaq sahəsi məhkəmə qətnaməsi ilə cavabdehin qanusuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmışdır. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini uzun illər qanunsuz olaraq zəbt edərək istifadə etməsi iddiaçıya öz torpaq sahəsindən istifadə etməklə gəlir götürməsinə mane olmuş və ona maddi zərər vurmuşdur. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi tam əsassızdır, göstərilən faktlar tam yalandır və həqiqəti əks etdirmir, iddiaçı qərəzli şəkildə əsassız varlanmaq niyyəti ilə, yaxud digər məqsədli və məkrli niyyətlə belə mövqe tutmuşdur. İddiaçının özünün də qeyd etdiyi kimi eyni predmet və əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan AR MPM- nin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməsi daha düzgün və məqsədəuyğun hesab edilə bilərdi. İddia tələbi tam absurddur. İddiaçı özü də etiraf edir ki, o Bakı şəhərində yaşadığı üçün nadir hallarda kəndə gəlir. Belə olan təqdirdə hansı sübut və məntiqlə məhz onun tərəfindən ona maddi zərər yetirməsini və bu zərərin ödənilməşini tələb edir? Əgər özü kənddə olmursa torpağına, meyvə ağaclarına qulluq elmirsə, hansı məhsuldan, bəhrədən və qazancdan danışır? Əksinə o özü ümumi istifadədə olan kənd yolunu qanunsuz zəbt etmişdir və bu haqda kənd sakinlərinin xx.xx.2021-ci ildə akt tərtib edilmişdir. Bu özbaşınalığın qarşısının alınması üçün məhkəməyə kollektiv şəkildə müraciət ediləcəkdir. Həmin akt məhkəməyə təqdim edilmişdir. İddiaçı həmin etiraza qarşı münasibətini yazılı şəkildə ərizə ilə məhkəməyə müraciət edərək barəsində 9 nəfərin iştirakı ilə tərtib olunmuş aktda, onun kənd yolunun zəbt etməsi, cavabdehin öz evinə gedib-gələ bilməməsinin şər-böhtan olduğunu bildirmiş və bu məsələnin ciddi şəkildə araşdırılmasını tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Gümür-Dəhnə kəndinə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, tərəflərə işin mahyyəti başa salınıb və borclu torpaq sahəsindən çıxarılıb, ona hər hansı müdaxilə olunacağı təqdirdə məsuıiyyəti izah olunmuşdur. Lakin tələbkar bunula razılaşmayaraq borcludan daş hasarın bərpa olunmasını tələb etmiş, əks halda torpağı təhvil alamayacağını demişdir. Həmin tələb icra sənədində əksini tapmadığına görə icrasının mümkün olmayacağı tələbkara bildirilmişdir. İcra sənədinin tələblərini yerinə yetirib, bu barədə akt tərtib olunmuşdu. İcra məmuru həmçinin bildirmişdir ki, torpaq sahəsinin ətrafı güclü qorunan hasarla və ya bərkidilməmişdir, ətrafında olan hasar çay daşları ilə yerdən hər kəsin keçə biləcək hündürlükdə çəkilən köhnə hasardır, hazırda bəzi yerlərində daşlar sökülüb, bəzi yerində tikanlı şaxlar qalımışdır. Tam açıq, hər kəsin rahat şəkildə ordan istifadə edə biləcəyi, heyvanların keçə biləcəyi bir sahədir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, cavabdeh ona məxsus torpaqdan qanunsuz istifadə etməklə, maddi gəlir əldə etmişdir. Hasarı dağıdaraq ona məxsus sahədən öz sahəsi kimi istifadə edərək, ona xeyli miqdarda ziyan vurmuşdur. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia əsassızdır, o iddiaçının torpağından istifadə etmir, həyətində heyvanı da yoxdur ki, o sahəyə girsin, əksinə iddiaçı özü özbaşnalıq edərək, ümumi istifadədə olan kənd yolunu qanunsuz zəbt elmiş və bu haqda kənd sakinləri tərəfindən barəsində akt tərtib edilmişdir. İddiaçı yalan danışır, dediklərinin heç biri həqiqətə uyğun deyildir və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı ******* nömrəli, **********49 reyestr nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Gümür-Dəhnə kəndində yerləşən 1,57 hektar torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-494/2019 saylı 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ******* nömrəli, RX seriyalı Çıxarışla İddiaçı məxsus Quba rayonu, Gümür-Dəhnə kəndiridə yerləşən torpaq sahəsindən çıxarılması və torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması qət edilmişdir. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan göründüyü kimi, Quba Rayon Məhkəməsinin 2(027)-494/2019 saylı 12 fevral 2019-cu il tarixli icra sənədi üzrə icraata 16 oktyabr 2019-cu ildə xitam verilmişdir. İş materiallarında olan Quba Məhkəməsinin 3(027)-2269/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarından göründüyü kimi, icra sənədi üzrə borclu Cavabdeh cərimə növündə tətbiq edilmiş tənbehi icra etmədiyinə görə barəsində inzibati həbs tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən göründüyü kimi Quba rayonu, Gümür-Dəhnə kəndində Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, iş üzrə tələbkar İddiaçı, iş üzrə borclu Cavabdeh, hal şahidləri, Gümür-Dəhnə kənd sakini X1, Quba rayonu, Qonaqkənd kənd sakini Rüstəmov Vüqar rasim oğlunun iştirakı ilə akt tərtib edilmiş və müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-494/2019 saylı 12 fevral 2019-cu il tarixli icra sənədinin yenidən icra edilməsilə əlaqədar, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 həmin tarixdə Gümür-Dəhnə kəndində mübahisəli torpaq sahəsində olmuş, torpaq sahəsinə baxış keçirmiş, tərəflərə işin mahyyəti başa salınıb və borclu torpaq sahəsindən çıxarılıb, ona hər hansı müdaxilə olunacağı təqdirdə məsuıiyyəti izah olunmuşdur. Lakin tələbkar bunula razılaşmayaraq borcludan daş hasarın bərpa olunmasını tələb etmişdir. Həmin tələb icra sənədində əksini tapmadığına görə icrasının mümkün olmayacağı tələbkara bildirilsə də, o mövcud vəziyyətdə torpağı təhvil alamayacağını deyib. Aktın doğruluğu imzalarla təsdiq olunmuşdur. İş mateiallarına əlavə olunan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1577/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilməsi, maddi ziyanın əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 14400 (on dörd min dörd yüz) manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh iş üzrə "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 400 (dörd yüz) manat pul tutularaq İddiaçı, "xxxx" MMC tərəfindən aparılmış ekspertizanın dəyəri 200 (iki yüz) manat pul "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan Quba Məhkəməsinin 3(027)-499/2023 saylı 29 dekabr 2023-cü il tarixli qərardadından göründüyü kimi, Quba rayon İcra Şöbəsinin icra məmuru X3 “icra sənədi üzrə icraata xitam verilməsi barədə” 16 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-494/2019 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması qət edilmiş və icra sənədi icra olunduğu üçün 16 oktyabr 2019-cu ildə icra işinə xitam verilmişdir. Daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilməsi, maddi ziyanın əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 14400 manat tutulması qət edilmişdir. Cavabdeh yenidən iddiaçıya məxsus torpaq sahəsindən istifadə etdiyindən, çıxarılması Quba Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə 16 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və Quba Rayon Məhkəməsinin 2(027)- 494/2019 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Hazırda iddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin müəyyən etdiyi zərərlə bağlı qətnaməsindən sonrakı 3 (üç) ildən artıq müddət üçün də ona dəyən maddi zərərə görə cavabdehin onun xeyrinə ən azı 12.000 (on iki min) manat vurulmuş zərərin ödəməsini xahiş etmişdir. İddia ərizəsi 4 (dörd) iri tut ağacının hər birinin meyvələrindən hər il təxminən 50 (əlli) litrdən çox doşab bişirildiyini və doşabın hər litrinin 20 (iyimi) manatdan yüksək alıcılıq tələbatı ilə satıldığını, təkcə bir tut ağacından bir ildə əldə edilən gəlir 1000 (bir min) manatdan artıq gəlir əldə edilir. Beləliklə, 4 (dörd) tut ağacından bir ildə əldə edilən gəlir 4000 (dörd min) manatdan çox, 3 (üç) il üçün cəmi 12.000 (on iki min) manatdan artıq gəlir əldə olunduğu ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Həmin Məcəllənin 135.12-ci maddəsinə əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin https://e-qanun.az/framework/46944https://eqanun.az/framework/*********.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, təqdim olunmuş sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsində olan 4 ədəd ağacın bəhərindən 06 aylıq dövr üçün emal etməklə istifadəsi müəyyən olunmuşdur. İddiaçı ona məxsus torpaq sahəsində bəhərdən istifadə dövrünün 3 il olmasını iddia etsə də, müəyyən olunmuşdur ki, iddiaçı 2023-cü ilin dekabr ayında məhkəməyə müraciət etmiş və icra sənədinin yenidən icraya yönəldilməklə mart 2024-cü il tarixdə icra işinin açılmasına nail olmuşdur. Məhkəmə hesab edir ki, zərər həmin tarixdən qeyd edilən icra sənədinin yenidən icra olunduğu cari ilin oktyabr ayınadək dövr üçün hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 188.3-cü maddəsinə əsasən materialları emal etmiş şəxsin vicdansız hərəkətləri nəticəsində onları itirən materialların mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə verilməsini və ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh 4 (dörd) tut ağacından ildə əldə edilən gəlirin iddia ərizəsində qeyd edildiyi kimi 4000 (dörd min) manat təşkil edə bilməsini mübahisələndirməmişdir. Torpaq sahəsi hər hansı mərzlə mərzlənmədiyindən, sərbəst giriş-çıxışa mane olacaq hər hansı vasitə müəyyən olunmadığından, cavabdeh hazır məhsuldan deyil, emalla yeni əşya hazırlamaqla varlandığından, habelə zərərçəkənin həmin dövr üçün laqeyidlikdə ifadə olunan davranışının zərərin artmasına müəyyən həcmdə şərait yaratması nəzərə alınmalı və dəymiş 2000 manat zərərin 1000 manat hissəsi cavabdehə aid edilməklə ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 188.2-ci maddəsinə əassən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, özünün materiallarından hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən şəxsə ödəməlidir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı rüsumla bağlı tələb irəli sürmədiyindən, ödənilmiş 126 (yüz iyirmi altı) manat rüsum məbləği iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1091/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1091/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver