Məhkəmə qərarları › İş №2(027)-1107/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1107/2024

15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1107/2024 15.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayonu Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 dekabr 2009-cu il təvəllüdlü X1 üçün qət edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarını 220 manat müəyyən edilərək, hər ay Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və Cavabdeh hər ay 300 manat tutularaq əlavə xərclərə görə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci ildə ailə qurmuş, birgə ər-arvad olaraq yaşadıqları 14 dekabr 2009-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar, azyaşlı Bahar hal-hazırda onun yanındadır. Cavabdeh uşağa maddi yardım göstərmədiyi üçün o, aliment tələbi ilə 2015-ci ildə Quba rayonu Məhkəməsinə müraciət etmiş və Quba rayonu Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2015-ci il təvəllüdlü Baharın hal-hazırda 8 yaşı var. Cavabdehdən tutulub ona verilməsi qət edilmiş 100 manat pul uşağın tələblərini ödəmir, cavabdeh də bu hallara əhəmiyyət vermir. O, özü də heç bir yerdə işləmir, uşağı maddi cəhətdən təmin etməyə çətinlik çəkir. O, həmçinin bildirir ki, azyaşlı Baharın yaxşı təhsil alması məqsədilə onu məktəbdən əlavə müəllim yanma aparıb əlavə təhsil aldırır ki, gələcək də müasir təhsil sisteminə uyğunlaşa bilsin və onun bu təhsilini təkmilləşdirməsinə hər ay 300 manat xərc çəkir. Ona görə də hesab edir ki, Cavabdeh ona verdiyi alimentin miqdarı artırılmalı və azyaşlı Baharın təhsili ilə əlaqədar əlavə xərclərə cəlb edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Quba rayonu Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment üzrə də cavabdehin yığılmış borcları var. O, özü də heç bir yerdə işləmir, uşağı maddi cəhətdən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, aliment borcu olmuş, maddi imkanı olmadığından ödəyə bilməmişdir. Uzun müddətdir mütəmadi olaraq alimenti ödəyir. Hazırda ailəlidir, bir övladı var. İş yeri yoxdur. İddiaçının tələb etdiyi 220 manat sabit pul məbləğində aliment və hər ay 300 manat əlavə xərclərə görə pul ödəmək iqtidarında deyil. Qətnamə qəbul edilərkən, hazırda maddi imkanı olmadığını, himayəsində Bahardan başqa bir övladının da olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 412509 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 adlı övladları doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(027)- 1365/2015 saylı qətnaməsindən görünür ki, 14 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 15 may 2015-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışından görünür ki, X5 2023-2024cü tədris ilində Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinin Azərbaycan bölməsinin İX sinfində oxuyur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 14 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq, İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 14 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 235 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Bununla yanaşı, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən, həmçinin hər ay 300 manat tutularaq əlavə xərclərə görə ödənilməsi hissəsində tələb təmin edilməməldir. Çünki cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Lakin iddiaçı məkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə m ünasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar