Məhkəmə qərarları › İş №2(027)-112/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-112/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-112/2022 09.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba rayon İcra və Probasiya Şöbəsi məhəkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə onun 1346,03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 1(067)-130/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 29.12.2019-cu il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bır ədəd sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh Quba rayon İcra və Probasiya Şöbəsinə gələrək, mobil nəzarət qurğusunun müdaxilə etmədiyini, ekranın qaraldığını bildirmişdir. Belə olan halda cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun ekranını qeyri işlək vəziyyətə salmış və bizə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına gorə mobil nəzarət qurğusunun qiyməti 1346,03 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də ödəməkdən imtina etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 1(067)-130/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş 30.07.2020-ci il tarixli texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı qeyri işlək vəziyyətə salınmışdır. İş materiallarına əlavə edilmiş 02.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manatdır. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 3/1899 saylı, 19.12.2021-ci il tarixli rəyindən görünür ki, Təhqiqata təqdim edilmiş elektron nəzarət vasitəsinin ekranının yuxarı hissəsində rəyin tədqiqi hissəsində təsvir edilən bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik olan sürtünmə, cızılma zədələri vardır. Lakin tədqim edilmiş elektron nəzarət vasitəsinin ekranının üzərində olan zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks olunmadığından həmin zədələrin nəyin təsirindən yaranmasını, həmçinin zədələrin mobil nəzarət qurğusunun işləməsinə təsir etməsini trasoloji təhqiqatla müəyyən etmək mümkün deyil. Qərarda göstərilən “Tədqiqata təqdim edilmiş Cavabdeh təhkim olunmuş mobil nəzarət qurğusunda hər hansı bir nasazlıq vardırmı. Əgər vardırsa həmin nasazlıq mobil nəzarət qurğusunun hansı hissələrindədir. Cavabdeh təhkim olunmuş mobil nəzarət qurğusunun ekran şüşəsinin sınması nəticəsində ona vurulan ziyanın nə qədər təşkil edir” sualları trasoloqun zəruri biliyindən kənara çıxdığından cavablandırmaq mümkün olmamışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8292 saylı, 27.12.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ekranı zədələnmiş və cızılmış vəziyyətdə olan elektron nəzarət vasitəsinə dəymiş ziyanın məbləği orta bazar qiyməti ilə 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübuetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidir. Məhkəmə iclasında iş üzrə sübutlarla müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 1(067)-130/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı cavabdehdən mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə onun 1346,03 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənməsini tələb etsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8292 saylı, 27.12.2021-ci il tarixli rəyinə əsasən, 01 ədəd ekranı zədələnmiş və cızılmış vəziyyətdə olan elektron nəzarət vasitəsinə dəymiş ziyanın məbləği orta bazar qiyməti ilə 100 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Sadalanan maddi hüquq normalarını hazırki iddiaya tətbiq edərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8292 saylı, 27.12.2021-ci il tarixli rəyini mötəbər sübut kimi qəbul edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 100 manat məbləğində pul alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 100 manat məbləğində pul tutularaq Ədliyyə Nazirliyinin hesabına ödənilsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar