Məhkəmə qərarları › İş №2(027)-1136/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1136/2021

01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1136/2021 01.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə onun xeyrinə 19551.92 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Ondan başqa həmin evdə həyat yoldaşı Şəlalə, oğlanları-Turan, Tamerlan və qızı Gülsümxanım onunla birgə yaşayırlar. Evin mülkiyyətçisi X3 olsa da o, onlarla birlikdə yaşamır. O, həyat yoldaşı və uşaqları həmin evdə istifadə hüququna malikdirlər. 2018-ci ildə dəfələrlə qonşusu olan cavabdeh onun yanına gələrək demiş ki, “sənin hamamının suyu mənim evimə sızır, nəmişlik əmələ gəlir.” O, cavabdehə inanmasa da onun bəhanəsini kəsmək üçün ondan soruşmuş ki, nə etmək istəyir. Cavabdeh bildirmişdir ki, “icazə ver tualetini və hamamını söküm və öz xərcimlə yenidən tikim.” O vaxt tikinti materiallarını əldə etmək çox çətin idi. Həmin hamamın tikintisi ona 30000 (otuz min) manata başa gəlmişdir. 2018-ci ilin iyun ayında cavabdehə icazə vermiş ki, hamamı və tualeti söküb yenidən tiksin. Cavabdeh ona söz vermiş ki, iki ay müddətinə hamamı və tualeti yenidən tikib təhvil verəcək. Cavabdeh hamam və tualeti söküb bütün materialları özündə saxlamışdır. İndiyə qədər cavabdeh vədinə əməl etməmiş, sökdüyü hamam və tualetə uyğun hamam və tualeti tikib ona təhvil verməmişdir. O, birinci qrup əlildir. Fiziki cəhətdən ona gücü çatmır. Dəfələrlə ondan hamamın və tualetin tikilib təhvil verilməsini xahiş etsə də, cavabdeh onu hədələyərək verdiyi vədi yerinə yetirməmişdir. Axırıncı dəfə 04 iyul 2019-cu il tarixdə o, ona yanaşaraq tələb etmiş ki, hamamı və tualeti tikib təhvil versin. Cavabdeh onun xahişinə əməl etməkdənsə, onun küçədə camaatın gözü qarşısında döymüşdür. Cavabdehin etdiyi bu hərəkətə görə o, Quba rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərarı ilə 300 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. Beləliklə, cavabdehin təqsiri səbəbindan 2018-ci ilin iyun ayından bu günə qədər bütün ailəni evlərindən didərgin salmış, o səbəbdən də 35 aydır ki, yaşadığı evdə hamam və tualet olmadığı üçün ailəsi ilə birlikdə ayda 300 manat verərək kirayədə yaşayır. 10500 manat kirayə pulu vermişdir. Cavabdeh onun tikdiyi hamam və tualeti sökərək, hamam və tualetin yerini dəyişərək təzədən hamam və tualet tikmişdir. Cavabdeh tərəfindən sökülən hamam və tualetin həcmi ilə təzə tikilən hamam və tualet arasında çox fərq vardır. İndiki bazar qiymətlərini nəzərə alaraq sökülən hamamın və tualetin tikintisinə görə 5857,50 manat dəyərində aşağıdakı materiallar təşkil edir: 1. Qum 1 maşın = 150 manat 2. Şebel 1 maşın = 150 manat 3. Kubik daşı 850 ədəd x 0.60 manat = 510 manat 4. Sement 40 kisə x 6 manat =240 manat 5. Armatur (010-luq) 200 metr x 1.40 manat = 294 manat 6. Kanalizasiya xətti üçün turba (100-lük) və əyrilər = 95 manat 7. Su xətti çəkilməsi üçün 025-lik 120 metrx 1.10 manat = 132 manat 8. Mufta 30 x 0.20 manat = 6 manat 9. Qəlyan 30 x 0.25 manat = 7.50 manat 10. Traynik 20 x 0.25 manat = 5 manat 11. Vintel krant 6 ədəd x 4.50 manat = 27 manat 12. Su turbasının qoşma arxa hissəsi 4 ədəd x 2.50 manat = 10 manat 13. Duş 1 ədəd = 120 manat 14. Krant əl-üz üçün 2 ədəd x 30 manat = 60 manat 15. Vanna 1 x 300 manat = 300 manat 16. Hamam avadanlıqları, güzgü = 65 manat 17. Elektrik ləvazimatları = 50 manat 18. Çən 2.5 tonluq = 500 manat 19. Kalonka qızdırıcı 500 litrlik = 250 manat 20. Kafel 65 kv. m x 25 manat = 1625 manat 21. Metlax 13.5 kv. m x 18 manat = 243 manat 22. Qaz xətti çəkilişi üçün 2.5-lik 35 metr x 1.80 manat = 63 manat 23. Qaz üçün vintel, qəlyan, muftalar = 35 manat 24. Yarımçıq qalmış tikilinin təzədən sökülməsi = 150 manat 25.Söküntüdən çıxan tullantıların atılması = 80 manat 26. Dam örtüyünün bağlanması üçün taxta və örtük = 500 manat 27. Novça və karnizlər dəmirdən 15 ədəd keçmə boru əyri = 190 manat, usta pulu - 1. Bənna 64.27 kv. m x 5 manat = 321.35 2. Beton vermə damı və yerinə 35.84 kv. m x 10 manat = 358.40 manat 3. Beton hamam ətrafı və köhnə yerin bərpası üçün 30 kv. m x 10 manat = 300 manat 4. Dam örtüyünün bağlanması = 150 manat 5. Suvaq vermə 128.09 kv. m x 3 manat = 384.27 manat 6. Metlax düzmə 12.31 kv. m x 10 manat =123.10 manat 7. Kafel vurma 63.82 kv. m x 15 manat = 957.30 manat 8. Santexnik pulu kanalizasiya xətti, qazıntı və hamam = 300 manat 9. Armatur qaz turbaların işi üçün = 200 manat 10. Elektrik işi = 100 manat. Beləliklə sökülmüş hamam və tualetin tikintisinə materialların pulu 5857.50 manat və işlərin görülməsi üçün ustaların pulu 3194.42 manat, cəmi 9051.92 manat pul işlənmişdir. Beləliklə cavabdeh hamamın və tualetin sökülüb yenidən tikilməsi üçün ona 9051.92 manat, kirayədə yaşadığı 35 ay üçün hər ayı 300 manat olmaqla 10.500 manat, cəmi 19551.92 manat ziyan vurmuşdur. Cavabdehin təzə tikdiyi bina, onun əvvəlki binasından həcimcə kiçik olduğu üçün o binadan hamam kimi rahat istifadə edilməsi mümkün deyil. Əvvəlki tikili sökülərkən üstündən çıxan bütün materiallar və əşyaları cavabdeh özündə saxlamışdır. Buna baxmayaraq, cavabdeh 2 ildən artıqdır ki, qarınyağışın altında qalıb, yararsız vəziyyətə düşən materiallardan və əşyalardan istifadə etmişdir. Hamamın su xəttlərini, sanitar su qovşağını düzgün qoşmamışdır. Belə olduğu halda o, tikintini qəbul etmir. Cavabdeh həmin binanı öz hesabına sökməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 25,10,2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı İ qrup əlildir və ömürlük 200 manat məbləğində əmək pensiyası alır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-840/2019 saylı, 09.08.2019-cu il tarixli qərar ilə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı ailəsi ilə birlikdə 2018-ci il tarixdən 2020-ci il tarixədək X1 məxsus iki otaqlı evdə aylıq 300 manat kirayə haqqı ödəməklə yaşamışlar. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının 23.09.2021-ci il tarixli, 10/2733 saylı rəyindən görünür ki, Tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan tikilinin faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur, (şək.1-2) Tikili faktiki olaraq mövcud olmadığından ölçü işlərinin aparılması və tiknti zamanı hansı inşaat materiallarından istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı ilk növbədə sübuetmə yükü baxımından Cavabdeh iddiaçıya 19551.92 manat məbləğində ziyan vurmasını sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının 23.09.2021-ci il tarixli, 10/2733 saylı rəyi ilə, Tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan tikilinin faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur, (şək.1-2) Tikili faktiki olaraq mövcud olmadığından ölçü işlərinin aparılması və tiknti zamanı hansı inşaat materiallarından istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin iddiaçıya 19551.92 manat məbləğində ziyan vurmasını təsdiq edən sübut iş materillarında mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmçinin, məhkəmə iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar