Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1143/2024 14.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı və X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 2115 (iki min yüz on beş) manat maddi ziyanın, ödədiyi 41 (qırx bir) manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödədiyi 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Opel Zafıra” markalı **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan-Saray yolunda orta zolaqla hərəkət etmişdir. Sağ zolaqda olan VAZ-2105 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sola manevr edərək onun avtomobili ilə toqquşmuşdur. Polis tərəfindən arşadırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, sürücü Cavabdeh atası X2 məxsus VAZ-2105 markalı **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdehin izahatı alınması üçün Abşeron rayon X9 Şöbəsinə dəvət edilmiş lakin o sənədlərdən də görsəndiyi kimi izahat verməkdən imtina etmişdir. Cavabdeh barəsində ******* nömrəli X7 protokol və atası X3 barəsində isə ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Cavabdeh sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyan qarşılanmamışdır. O, avtomobilə dəymiş ziyanın hesablanması ilə bağlı Müstəqil Sığorta Eskpertinə müraciət etmişdir. Sözügedən ekspert tərəfindən xx.xx.2023-cü il tarixdə Opel Zafıra minik markalı **-VX-*** nömrəli dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləğinin təyin olunması üçün baxış keçirilmiş və ümumilikdə avtomobilə 2115 (iki min yüz on beş) manat ziyan dəydiyi barədə akt tərtib edilmişdir. O, cavabdehdən dəymiş ziyanı tələb etsə də, o, bu ziyanı ödəməkdən boyun qaçırmış, sonradan telefon zənglərinə cavab belə verməmiş, bu günki günədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Bu səbbədən də o, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 2115 (iki min yüz on beş) manat və hüquqi xidmətə görə ödədiyi 200 (iki yüz) manat məbləğində pulun ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sığorta məbləğinin ödənilməsi barədə vəkil vasitəsilə Söğorta şirkətinə şifahi müraciət etmişdir. Buna baxmayaraq ona müsbət cavab verilməmişdir. Cavabdeh sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyan ödənilmədiyi, həm də aradan çox vaxt keçdiyi bildirilmişdir. Dəfələrlə cavabdehə zəng eləmiş, cavabdeh onun telefonlarına cavab verməmiş, bu günə kimi də avtomobilinə dəymiş ziyandan bir manat da ona vəsait ödəməmişdir. İddiaçı məhkəmədən ona dəyən zərərin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X7 protokoldan görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 21051” Minik markalı dövlət qeydiyyat nişalı nəqliyyat vasitəsini Xırdalan-Saray yolunda əks hərəkət zolağına çıxmadan manevra qaydalarını pozaraq “Opel”markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücülük vəsiqəsi olmadan yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “Opel Zafıra” Minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2115 (iki min yüz on beş) manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinə görə 41 (qırx bir) manat dövlət rüsumu və "xxxx" MMC-nin kassa mədaxil orderindən görünür ki, hüquqi xidmətə görə 200 (iki yüz) manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozması İddiaçı məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Sürücü Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyanın məbləğilə bağlı iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1c- maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 41 (qırx bir) manat dövlət rüsumu və hüquqi xidmətə görə 200 (iki yüz) manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2115 (iki min yüz on beş) manat məbləğində maddi zərər, 41 (qırx bir) manat dövlət rüsumu və hüquqi xidmətə görə 200 (iki yüz) manat pul, cəmi 2356 (iki min üç yüz əlli altı) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1143/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1143/2024
14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver