Məhkəmə qərarları › İş №2(027)-1144/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1144/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1144/2024 03.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(027)- 1287/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) birgə nikahlarından olan 28 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 iyul 2004-cü il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 13 iyun 2005-ci il təvəllüdlü X5 adlı və 28 mart 2007-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə birlikdə yaşamaq mümkün olmadığı üçün o nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(027)-1287/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında bağlanmış xx.xx.2004-cü il tarixli nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş 13 iyun 2005-ci il təvəllüdlü X5 və 28 mart 2007-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış, 13 iyun 2005-ci il təvəllüdlü X5 və 28 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda cavabdehlə birgə nikahdan doğulmuş qızı 13 iyun 2005-ci il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır. Ona görə də onun üçün məhkəmə qaydasında aliment tutulması dayandırılmışdır. Digər övladı 28 mart 2007-ci il təvəllüdlü X6 isə artıq on birinci sinifdə oxuyur və ali məktəbə hazırlaşır. Hazırda onun xərcləri günü-gündən artır. Qət edilmiş 140 manat məbləğində aliment ilə uşağın ehtiyaclarını ödəmək olmur. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O, ilkin olaraq məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında razılıq əldə edilməmiş və ona mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 12 mart 2024-cü il tarixli arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği uşağın bir aylıq təlabatnı belə ödəmir, uşaq bir bir neçə müəllim yanına gedir, cavabdehin tələb olunan alimenti ödəməyə maddi imkanı vardır. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, alimentin artırılmasına etiraz edir. Belə ki, iddiaçı ilə eyni evdə ayrı yaşayırlar. Evin bütün kommunal xərclərini özü ödəyir. Maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. Aliment ödəməkdən azad olunmasını istəyir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin fikirlərini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 943541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1287/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 13 iyun 2005-ci il təvəllüdl X5 və 28 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X2 verilməsi qət olunmuşdur. İş materiallarında olan Quba-Xaçmaz Regional Təhsil İdarəsi İqriq kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 42 №li arayışından görünür ki, X6 məktəbin Xİ sinifində təhsil alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2023-00268 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1287/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X5 və 28 mart 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. X1 yetkinlik yaşına çatmışdır. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğini cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-1287/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-1287/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar