Məhkəmə qərarları › İş №2(027)-1171/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1171/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1171/2024 21.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(027)-1112/2021 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi xx.xx.2021-ci il tarixindən başlayaraq, hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər uşağ üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə 2016-cı ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə yaşadıqarı müddətdə xx.xx.2017-ci ildə Məryəm, xx.xx.2018-ci ildə isə Vasif adlı övladları dünyaya gəlmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 nömrəli qətnaməsi ilə birgə nikahları pozulmuşdur və birgə nikahlarından dünyaya gəlmiş övladları saxlanılması üçün onun himayəsində qalmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi xx.xx.2021-ci il tarixindən başlayaraq, hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O, övladlarını tək və çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsilə müəyyən edilən 260 manat məbləğində alimenti də cavabdeh hər ay ödəmir və həmin vəsait övladlarının minimum yaşayışına bəs etmir. Qeyd olunanları nəzərə alaraq, alimentin artırılması təklifi ilə Mediasiya Şurası, Qusar 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesinə cəlb olunmuşlar. Mediasiya Şurası, Qusar 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞQ/MT-027/2024-00306 saylı protokolu ilə aralarındakı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünlüyü mediator tərəfindən müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətanməsinə əsasən, Cavabdeh oğu ilə İddiaçı arasında Quba rayon Qeydiyya şöbəsi tərəfindən bağlanmış nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan AZ-İV 170660 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ 980711 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2017-ci təvəllüdlü X7 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X4 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-00306 saylı arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı qətnaməsi qətnaməsi tərəflərin nikahı pozulmuşdur və uşaqların iddiaçının himayəsində saxlanmışlar. Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi xx.xx.2021-ci il tarixindən başlayaraq, hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay bir uşağın saxlanılması üçün 235 manat olmaqla cəmi 470 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 235 manat olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 200 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar