Məhkəmə qərarları › İş №2(027)-1175/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1175/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1175/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun borclu qaldığı 960,11 (doqquz yüz altımış manat 11 qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30,00 manat dövlət rüsumunun, alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh - Cavabdeh ilə etibarnamə üzrə nümayəndəsi arasında 5 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/146 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xamətov küçəsində yerləşən ona məxsus olan “Kafel - Metlax” mağazasından 589,00 manat dəyərində inşaat malları borca satılmışdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq 17,67 komisyon xərcləri və 124,70 manat ödəniləcək faiz pulu ilə onun cəmi 731,37 manat borcu yaranmışdır. Cavabdeh borcu, müqaviləylə müəyyən edilmiş ödəmə qrafiki üzrə 2023-cü ilin oktyabr ayının 5-dən başlayaraq 12 ay müddətində, 05 sentyabr 2024-cü il tarixinə kimi (həmin ay da daxil olmaqla), ödəməli idi. Cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilmiş qaydada ödəmələr edilməmiş, onun tərəfindən borcdan xx.xx.2024-cü il tarixində yalnız 100,00 manat ödənilmiş və onun 631,37 manat borcu qalmışdır. Cavabdehlə etibarnamə üzrə nümayəndəsi arasında 5 sentyabr 2023cü il tarixində bağlanmış № 23/172 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xamətov küçəsində yerləşən ona məxsus olan “1001 Xırdavat” mağazasından 163,75 manat dəyərində borca mal satılmışdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq 4,91 manat komisyon xərcləri və 34.67 manat ödəniləcək faiz pulu ilə ona cəmi 203,33 manat borcu yaranmışdır. Cavabdeh borcu, müqaviləylə müəyyən edilmiş ödəmə qrafiki üzrə 2023-cü ilin oktyabr ayının 5-dən başlayaraq 12 ay müddətində, 05 sentyabr 2024-cü il tarixinə kimi (həmin ay da daxil olmaqla), ödəməli idi. Lakin cavabdeh tərəfindən müqaviləyə müəyyən edilmiş ödəmə qrafiki üzrə hər hansı bir ödəniş edilməmiş və 203,33 manat borcu qalmışdır. Cavabdehlə etibarnamə üzrə nümayəndəsi arasında 5 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/246 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xamətov küçəsində yerləşən ona məxsus olan “Bağ və İnşaat aləmi” mağazasmdan 101,00 manat dəyərində borca mal satılmışdır, onun cəmi 125,41 manat borcu yaranmışdır. Cavabdeh borcu, müqaviləylə müəyyən edilmiş ödəmə qrafiki üzrə 2023-cü ilin oktyabr ayının 5-dən başlayaraq 12 ay müddətində, 05 sentyabr 2024-cü il tarixinə kimi (həmin ay da daxil olmaqla), ödəməli idi. Lakin cavabdeh tərəfindən müqaviləylə müəyyən edilmiş ödəmə qrafiki üzrə hər hansı bir ödəniş edilməmiş və onun 125,41 manat borcu qalmışdır. Hər 3 alqı-satqı müqaviləsi üzrə cavabdeh ona cəmi 960,11 manat borcludur. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək və pulu məhkəmə qaydasında tutulmasını tələb etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə bağlanmış 5 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/146 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xamətov küçəsində yerləşən “Kafel - Metlax” mağazasından 589,00 manat dəyərində inşaat malları borca satılmışdır. Alqısatqı müqaviləsinə uyğun olaraq 17,67 komisyon xərcləri və 124,70 manat ödəniləcək faiz pulu ilə onun cəmi 731,37 manat borcu yaranmışdır. 5 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/172 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xamətov küçəsində yerləşən ona məxsus olan “1001 Xırdavat” mağazasından 163,75 manat dəyərində borca mal satılmışdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq 4,91 manat komisyon xərcləri və 34.67 manat ödəniləcək faiz pulu ilə ona cəmi 203,33 manat borcu yaranmışdır. 5 sentyabr 2023-cü il tarixində bağlanmış № 23/246 olan alqı-satqı müqaviləsinə əsasən ona, Qusar şəhəri, Xamətov küçəsində yerləşən ona məxsus olan “Bağ və İnşaat aləmi” mağazasmdan 101,00 manat dəyərində borca mal satılmışdır, onun cəmi 125,41 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən göründüyü kimi, iddia qaldırılması üçün 38.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 960 (doqquz yüz altımış) manat 11 (on bir) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat tutularaq tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar