Məhkəmə qərarları › İş №2(027)-1177/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1177/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1177/2025 18.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cavavdeh Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə onun borclu qaldığı 2 828,13 (iki min səkkiz yüz iyirmi səkkiz manat on üç qəpik) pul vəsaitinin və 49,00 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 01 noyabr 2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış Əmək müqaviləsinə əsasən o, İddiaçı MMC-yə sürücü-ekspeditor işinə qəbul edilmişdir. Həmin tarixdə də İddiaçı MMC ilə H. Tahirov arasında tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh, sürücüekspeditor kimi, ona təhkim edilmiş yük avtomobili ilə MMC-nin çörək sexində istehsal olunmuş çörək və un məmulatlarını ticarət obyektlərinə daşımaqla həmin malın satışını həyata keçirməli idi. Hər iş gününün sonunda H. Tahirov çörək sexindən qaimə ilə təhvi aldığı çörək və un məmulatlarının nəqd satışından əldə-etdiyi pul vəsaitini çörək sexinə təhvil verməli və hər ayın sonunda aylıq hesabat verməli idi. Lakin cavabdeh tərəfindən 2023-cü ilin noyabr ayının 01-dən 2024-cü ilin iyun ayına kimi (həmin ay da daxil olmaqla) 2 828,13 manat pul vəsaiti çörək sexinə təhvil verilməmişdir. Belə ki, 2023-cü ilin noyabr ayında 6101,35 manatlıq çörək məmulatları satmış, 6002,00 manat təhvil vermiş, nəticədə 99,35 manat borc yaranmış, dekabr ayında 9731,05 manatlıq çörək məmulatları satmış, 8850,65 manat təhvil vermiş, nəticədə 880,40 manat borc yaranmış, 2024-cü ilin yanvar ayında 7387,28 manatlıq çörək məmulatları satmış, 6537,15 manat təhvil vermiş, nəticədə 850.13 manat borc yaranmış, fevral ayında 8477,90 manatlıq çörək məmulatları satmış, 8394,35 manat təhvil vermiş, nəticədə 83,55 manat borc yaranmış, mart ayında 9682,55 manatlıq çörək məmulatları satmış, 9114,80 manat təhvil vermiş, nəticədə 567.75 manat borc yaranmış, aprel ayında 7890,70 manatlıq çörək məmulatları satmış, 6908,75 manat təhvil vermiş, nəticədə 981.95 manat borc yaranmışdır. May ayında 2805,60 manatlıq çörək məmulatları satmış, 3399,05 manat təhvil vermiş, nəticədə 593.45 manat borcunda azalma, iyun ayında isə 833,15 manatlıq çörək məmulatları satmış, 874,70 manat təhvil vermiş, nəticədə 41,55 manat borcunda azalma yaranmışdır. Dəfələrlə cavabdeh H. Tahiovdan onun tərəfindən qaytarılmamış 2 828,13 manat pul vəsaitinin qaytarılması tələb edilmiş, lakin pul qaytarılmamışdır. Ancaq o, satışdan əldə-edilmiş pul vəsaitinin tam olaraq çörək sexinə qaytarmadığını inkar etmir. Yuxarıda qeyd edilənlərdən nəticəyə gəlinək olur ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə qaytarılmamış 2 828,13 manat pul vəsaiti ondan məhkəmə məhkəmə qaydasında MC-nin xeyrinə tutulmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılnalra uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Cavabdeh İddiaçı MMC-yə sürücü-ekspeditor işinə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə H. Tahirov arasında tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan çörək sexinin sürücü-ekspeditoru Cavabdeh borc qalığı barədə Müstəqil auditorunda imzaladığı aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2023 - cü il tarixli SA/108 qeydiyyat nömrəli icazə əsasında fəaliyyət göstərən X4 ilə Qusar şəhərində fəaliyyət göstərən "xxxx" MCCnin direktoru X3 arasında bağlanmış xx.xx.2024-cü tarixli 21 saylı müqavilənin şərtlərinə əsasən çörək sexinin sürücü-ekspeditoru Cavabdeh götürdüyü çörək məmulatlarının qalıq dəyərinin auditini apardı. Audit xx.xx.2024-cü il tarixdə başlayıb, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Nəticədə çörək sexinin sürüc-ekspeditoru Cavabdeh hesabında 2828,13 (iki min səkkiz yüz iyirmi səkkiz manat on üç qəpik) qalıq borcunun olduğu müəyyənləşdi. İş matreriallarında olan 14 yanvar 2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh İddiaçı MMC-dən 2.828,13 manat məbləğində pul vəsaitini mənimsəməsi faktı mühasibat sənədləri ilə sübuta yetirilməyərək öz təsdiqini tapmadığından, toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı MMC-nin direktoru X2 Cavabdeh borc məbləğlərinin tələb edilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-nin sürücü-ekspeditoru vəzifəsində işlədiyi müddət ərzində 2023-cü ilin noyabr ayının 01-dən 2024-cü ilin iyun ayına kimi 2 828,13 manat pul vəsaiti çörək sexinə təhvil verilmədiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda, e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və Cavabdeh iddiaçıya zərər vurması öz təsdiqni tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 2828,13 manat pul və 49 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2828,13 manat pul və 49 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar