Məhkəmə qərarları › İş №2(027)-1178/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1178/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1178/2024 07.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-270/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 10 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 270/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 10 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana qədər saxlanması 50 manat məbləğində pul tutularaq İddiaçı Renad qızına verilməsi qət olunmuşdur. Belə ki, hal-hazırki dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 100 (yüz) manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Çünki uşaq böyüdükcə tələbatı artır. Azyaşlı Yusif məktəblidir. Məktəbli uşağın maddi xərci çoxdur. Dövlət tərəfindən 2024-cü il üçün bir uşağa aylıq 235 (iki yüz otuz beş) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Məlumat üçün bildirmişdir ki, cavabdeh X3 maddi vəziyyəti yaxşıdır. Qazancı sabit olmasa da imkanları yaxşıdır. Maddi vəziyyəti aylıq 235 (iki yüz otuz beş) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd etmişdir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altmış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdeh keçirilən mediasiya prosesinə dəvət olunsa da prosesə gəlməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Quba rayonu Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment uşağın saxlanılmasına kifayət etmir. O, özü heç bir yerdə işləmir, uşağı maddi cəhətdən təmin edilməsini xahiş edir. Cavabdeh X5 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Heç bir yerdə işləmir, gəliri yoxdur, öhdəsində xəstə övladı vardır. İşləməməsini və öhsədində xəstə övladı olmasını nəzərə alaraq, hər ay 120 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İV seriyalı, 264098 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-cü il tarixdə X6 adlı övladları doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-270/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, 10 iyun 2017-ci il tarixdə doğulmuş İskəndərov (Qaraşov) Yusif Taleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 sentyabr 2018-ci il tarixdən cavabdeh X2 hər ay sabit pul məbləğində 100 manat alimentin və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)- 270/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 10 iyun 2017-ci il tarixdə doğulmuş Qaraşov (İskəndərov) Yusif Taleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 sentyabr 2018-ci il tarixdən cavabdeh X2 hər ay sabit pul məbləğində 100 manat alimentin və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pul tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 10 iyun 2017-ci il təvəllüdlü Qaraşov (İskəndərov) Yusif Taleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-270/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh X2 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia uşağın saxlanması üçün 200 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 235 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat cavabdeh X2 tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 iyun 2017-ci il təvəllüdlü Qaraşov (İskəndərov) Yusif Taleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-270/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh X2 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat cavabdeh X2 tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar