Məhkəmə qərarları › İş №2(027)-1213/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1213/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1213/2024 04.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Etibar oğlunun iştirakı ilə, İddiaçı Etibar oğlunun cavabdeh "xxxx" MMC-nə qarşı nisyə alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Etibar oğlu iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında olan 25 noyabr 2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən müqavilənin ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 25 noyabr 2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, “TAUBE TB55S2RBK 4K UEİD” markalı, satış qiyməti 630 manat olan televizor ona satılmışdır. Müqaviləyə əsasən ilk olaraq 30 manat tərəfindən ilkin ödəniş edilmiş və borclu qaldığı 599.99 manat məbləğin hər ay 100 manat ödənilməklə, 6 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. “TAUBE TB55S2RBK 4K UHD” markalı televizoru alıb Quba rayonu, Zərdabi kəndində yerləşən evinə quraşdırdıqdan 2 saat sonra televizorun daxili, gözlənilməyən və gözlə görünməyən qüsurların olduğu aşkara çıxmışdır. Belə ki, televizorda xətlər yarandıqdan sonra onun sağ küncündə ləkələr yaranmışdır. Təbii ki, bu istismar qüsurudur. Bu barədə müqavilənin 3.2.8-ci bəndinə əsasən rəsmi servis mərkəzinə dərhal məlumat verilmiş, xx.xx.2023-cü il tarixdə isə televizor təhvil verilmişdir. Bu günə qədər televizor Quba fılialındadır. Cavabdehin ona satdığı qüsurlu televizor nəticəsində o ziyana düşmüşdür, hüquqları pozulmuşdur. MKR-də adına gecikmə düşmüş, kredit almaq imkanından məhrum olmuşdur. Cavabdeh MMC-tərəfindən 25 noyabr 2023-cü il tarixli Nisyə alqı- satqı müqaviləsini 3 gün ərizində ləğvini və ödənilmiş 30 manat ilkin ödənişin geri qaytarılması barədə pretenziya məktubu cavabdehə göndərilmiş, cavabdeh ona əsassız cavab göndərmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, müddətli alqı-satqı müqaviləsinin 3.1.2-ci bəndinə əsasən satılan mal yoxlanılıb təhvil verilmişdir və tərəfınzdən müqavilənin 3.2.7-ci bəndinə əsasən malı yoxlayıb qəbul etmisiz. xx.xx.2023-cü il tarixdə servis mərkəzi tərəfindən cihaz qəbul olunmuşdur. Təhvil verilmiş cihaz şirkətin mütəxəssisləri tərəfindən yoxlanılmış və texniki rəy verilmişdir. Rəyə əsasən cihazda mexaniki və fiziki zədələr aşkar olunmuşdur. Sizə təqdim olunmuş zəmanət talonun 4-cü bəndinə görə şəxsi istifadə üçün nəzərdə tutulan məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədələrə görə şirkət zəmanət vermir. “TAUBE TB55S2RBK 4K UHD" televizor aparatının qüsurları, keyfiyyətsizliyi ona sonradan məlum olmuşdur. Cihaz ilk gündən etibarən qüsurludur və heç bir formada qüsuru aradan qaldırılmamaqla hələ də istifadəyə yararsız haldadır. Cihaz hələ də cavabdehin özündədir. Hazırda isə müxtəlif bəhanələrlə ödənilən vəsait qaytarılmır. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı Etibar oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, satış qiyməti 630 manat olan televizora görə 30 manat ilkin ödəniş etmiş, qalan 599.99 manat məbləği 6 ay müddətində hər ay 100 manat ödəməli olmuşdur. Televizor qüsurlu olduğundan geri qaytarmışdır. 25 noyabr 2023-cü il tarixdə almış, 25 noyabr 2023-cü il tarixdə də zəmanət talonu ilə birlikdə qaytarmışdır. Hazırlıq iclasından 2 gün sonra "xxxx" MMC-dən ona zəng olunmuş, 600 manatlıq televizorun təmirinə görə ondan 500 manat təmir xərci istəmişdilər. Hazırda televizor cavabeh şirkətin baş ofisindədir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh elektron ərizə ilə məhkəməyə müraciət edərək, əməkdaş sayının çatışmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və bu səbəbdən nümayəndələrinin iştirakı olmadan işə baxılması və mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh ərizəyə əlavə olunmuş məlumatda qeyd etmişdir ki, qeyd olunmuş mülki iş üzrə alqı-satqı müqaviləsinin predmeti olan “Taube” markalı televizor İddiaçı tərəfindən Cavabdeh MMC-nin servis mərkəzinə müraciət üçün təhvil verilən zaman fiziki zədələrin mövcud olduğu müəyyən olunmuşdur. Eyni zamanda tərtib olunmuş servis aktından göründüyü kimi fiziki zədələrin mövcudluğu iddia olunan qüsurun istehlakçının ucbatından yarandığına əsas gətirir. Həmçinin televizor istehlakçıya təhvil olunan zaman hər hansı bir qüsur aşkarlanmamış, alıcı tərəfindən iddia olunan qüsurlar isə birbaşa olaraq alıcının istifadəsi zamanı məhsula dəymiş fiziki zədələrin ucbatından yaranmışdır. Qeyd olunan istehlakçının ucbatından yaranan fiziki zədələrə görə isə zəmanət tətbiq edilmir. Bu mübahisə ilə bağlı olaraq daha əvvəl Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətində araşdırma aparılmış və iddiaçının müraciəti əsassız hesab olunmuşdur. Həmçinin qeyd olunan “Taube” markalı televizor İddiaçı təhvil verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 noyabr 2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən göründüyü kimi İddiaçı "xxxx" MMC-dən ilkin ödəniş 30 manat, 6 ay ödəniş cədvəli üzrə hər ay 100 manat ödəmək şərti ilə, 630 manat dəyərində “TAUBE TB55S2RBK 4K UEİD” markalı televizor almışdır. İş materiallarında olan ********* nömrəli müştəri müracətindən məlum olur ki, müştəri İddiaçı 25 noyabr 2023-cü il tarixdə aldığı “TAUBE TB55S2RBK 4K UEİD” markalı televizorda xətlər əmələ gəlib, sonra sağ yuxarı küncündə qara ləkələrin əmələ gəldiyi barədə "xxxx" MMC-nin texniki serviz mərkəzinə müraciət etmiş, müraciəti 26 noyabr 2023-cü il tarixdə qəbul edilərək, son rəyin mütəxəssilər tərəfindən veriləcəyi qeyd edilmişdir. Müraciətə əsasən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində cihazda mexaniki və fiziki ləkələrin aşkar olduğu, lakin zəmanət öhdəliklərinin qeyd olunan hallara şamil olunmadığı qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə ünvanladığı 19 yanvar 2024cü il tarixli pretenziya məktubunda iddiaçı “TAUBE TB55S2RBK 4K UHD” markalı televizoru alıb Quba rayonu, Zərdabi kəndində yerləşən evinə quraşdırdıqdan 2 saat sonra televizorun daxili, gözlənilməyən və gözlə görünməyən qüsurların olduğu aşkara çıxmış, televizorda xətlər yarandıqdan sonra onun sağ küncündə ləkələr yaranmışdır. Bu barədə müqavilənin 3.2.8-ci bəndinə əsasən rəsmi servis mərkəzinə dərhal məlumat vermiş, xx.xx.2023-cü il tarixdə isə televizor təhvil verilmişdir. Bu günə qədər televizor Quba fılialında olduğunu qeyd edərək, qüsurlu televizor nəticəsində ziyana düşmüş, hüquqları pozulmuşdur. MKR-də adına gecikmə düşmüş, kredit almaq imkanından məhrum olmuşdur. Cavabdeh MMC-tərəfindən 25 noyabr 2023-cü il tarixli Nisyə alqı- satqı müqaviləsini 3 gün ərizində ləğvini və ödənilmiş 30 manat ilkin ödənişin geri qaytarılmasını tələb etmişdir. Pretenziya məktubunun xəbərnaməsini xx.xx.2024-cü il tarixdə “Əhmədov Ozan” imza edərək, qəbul etmişdir. "xxxx" MMC-nin direktoru Aris Şıxəliyevin İddiaçı ünvanladığı 03 fevral 2024-cü il tarixli məlumatında qeyd olunur ki, tərəfinizdən ünvanlanmış 19 yanvar 2024-cii il tarixli pretenziya məktubunda göstərilən xüsusatlar araşdırılmışdır. Məlumat üçün Sizə bildiririk ki, 25 noyabr 2023cü il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə 599.99 AZN manat dəyərində olan 6 ay müddətinə aylıq ödəniş 100 AZN olmaqla “TAUBE TB55S2RBK 4K UHD” markalı televizor satılmışdır və tərəfinizdən müqaviləyə imza edilmişdir. 25 noyabr 2023-cü il tarixdə məhsulların təhvil-təslim aktı sizə təqdim olunmuşdur, həmçinin sizə zəmanət talonu verilmişdir. Müddətli (nisyə) alqı-satqı müqavilənin 3.1.2-ci bəndinə əsasən sizə nisyə satılan malı yoxlayıb təhvil vermiş və tərəfinizdən həmin müqavilənin 3.2.7-ci bəndinə əsasən malı yoxlayıb qəbul etmisiniz. 26 noyabr 2023-cü il tarixdə servis mərkəzi tərəfindən cihaz qəbul olunmuşdur. Təhvil verilmiş cihaz Cavabdeh şirkətinin mütəxəssisləri tərəfindən yoxlanılmış və texniki rəy verilmişdir. Rəyə əsasən cihazda mexaniki və fiziki zədələr aşkar olunmuşdur. Sizə təqdim olunmuş zəmanət talonun 4-cü bəndinə görə şəxsi istifadə üçün nəzərdə tutulan məhsulun təyinatı üzrə istifadə qaydalarına riayət olunmaması, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədələrə görə şirkət zəmanət vermir. Ona görə də pretenziya məktubunuzda qeyd olunan tələb əsassız olduğundan icra edilməsi mümkün deyildir. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasənn əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Həmin Məcəllənin 596.1-ci maddəsinə əsaəsn alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X1 arasında nisyə alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilənin predmeti televizor olmuşdur. Müqaviləyə əsasən cavabdeh olan satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, iddiaçı isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, müəyyən edilmişdir ki, müvafiq müqavilə predmeti iddiaçıya təhvil verilmiş, iddiaçı isə həmin malı təhvil alsa da, həmin malın dəyərini indiyədək ödəməmişdir, bunu həmin malın qüsurlu olması ilə əsaslandırmışdır. İddia tələbi üzrə iddiaçı bağlanılmış müvafiq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbini irəli sürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququna malik olmasının əsasları dəqiq, aydın və birmənalı şəkildə qeyd olunmuşdur. Həmin əsaslardan biri də əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququna malik olması qeyd olunmuşdur. Göründüyü kimi, alıcı malın keyfiyyəti ilə bağlı yalnız qeyd olunan əsas olduğu halda alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə iddiaçı müvafiq alqısatqı müqaviləsi üzrə malın qüsurlu olması əsas ilə geri qaytarılması və müqaviləyə xitam verilməsi barədə cavabdehə yazılı şəkildə bildiriş göndərmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçının müraciəti əsasında həmin əşyaya mütəxəssislər tərəfindən baxış keçirilmiş və həmin əşyada qüsur aşkar edilmiş və son rəyin servis mütəxəssisləri tərəfindən veriləcəyi bildirilmişdir. Bununla belə cavabdeh müqavilə predmeti olan əşyanın qüsurlarının istehsalçının təqsiri və ya hər hansı mexaniki təsirlə bağlı olması araşdırılmamışdır. Bununla da, mülki qanunvericiliyin tələbinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın verildiyi halda alıcının əşyanın keyfiyyəti ilə bağlı alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququna malik olan əsası müəyyən edilmişdir. Beləliklə də mülki iş üzrə alıcının müvafiq alıq-satqı müqaviləsindən imtina etmək hüququnun olmasına əsas verən hər hal müəyyən edildiyindən, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilənin ləğvindən sonra cavabdeh tərəfindən hüquqi nəticələrinin aradan qaldırılması mahiyyət etibarilə eyni tələb kimi qəbul edilməklə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi üzrə iddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Bu Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları; lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 2-ci bəndinə əsasən Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. 3-cü bəndinə əsasən İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. 4-cü bəndinin 3-cü abzasında qeyd edilir ki, müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Etibar oğlu ilə "xxxx" MMC arasında bağlanmış 25 noyabr 2023-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin və hüquqi nəticələri aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu "xxxx" MMC-dən alınaraq İddiaçı Etibar oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar