Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1214/2021 06.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mağazasından aldığı XİAOMİ REDMİ 9T 4GB/128GB Carbon Gray markalı telefon geri qaytarılmalı, həmin telefonun qiyməti olan 449 manat pul və ona dəymiş 20000 (iyirmi min) manat məbləğində ziyan Cavabdeh mağazasından alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 10 mart 2021-ci il tarixdə Cavabdehin Xaçmaz şəhərində yerləşən mağazasından 449 manat dəyərində XİAOMİ REDMİ 9T 4GB/128GB Carbon Gray markalı telefon almışdır. Aldığı telefonun zəmanət müddəti 12 ay idi. Bu barədə onlar hətta müqavilə də bağlamışlar. Cavabdeh mağazasının ona verdiyi zəmanət talonuna əsasən 14 gün ərzində məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa modellə dəyişdirilə bilər. Bu zaman qiymətdə fərq olarsa satıcı ilə lazımı hesablaşma aparılır. Telefonu 10 mart 2021-ci il tarixdə alıb evə aparıqdan sonra o, telefonda əməliyyatlar zamanı gecikmələrin olduğunu, əməliyyatların gec-gec həyata keçirildiyini görmüş, bu bir neçə gün davam etmişdir. Belə olan halda o, 18 mart 2021-ci il tarixdə telefonu aldığı mağazaya gedərək telefonun əməliyyatlarında gecikmə olduğunu bildirmiş və telefonu geri qaytarıb başqa telefon almaq istəmişdir. Bu zaman onun telefonunda niyə əməliyyatların gecikməsini öyrənmək üçün telefonu ondan təhvil alaraq servisə göndəriləcəyi bildirildi. O, da bununla razılaşmışdır. 18 mart 2021-ci il tarixdə mağaza ondan telefonu aldı və məhsulun vəziyyəti barədə cızıq aşkar edilmədi qeydi də yazılmışdır. Bundan bir həftə sonra o, telefonu ilə maraqlanmağa getmiş, bu zaman ona hələ də telefonunun Bakıdan servisdən gəlmədiyi qeyd edilmişdir. Beləliklə bir neçə dəfə get-gəldən sonra ona telefonunun Bakı şəhərindən servisdən gəldiyini, telefonun usb konnektorun kənarında cızıqlar aşkar olunduğunu bildərərək telefonu qaytara bilməyəcəklərini qeyd etdilər. O, isə telefonu ondan alarkən heç bir cızıq aşkar edilmədiyi barədə qeyd aparıldığını, həqiqətən telefon çox səliqəli işlətdiyini bildirmişdir. Lakin buna baxmayaraq onun telefonunu Zəmanət talonunda göstərilmiş şərtlər daxilində qaytarmırlar. Ona da bunun nəticəsində ziyan dəymişdir. Hesab edir ki, onun Cavabdehin Xaçmaz şəhərində yerləşən mağazasından aldığı 449 manat dəyərində XİAOMİ REDMİ 9T 4GB/128GB Carbon Gray markalı telefon geri qaytarılmalı, telefonu dəyişmədikləri və ya pulu geri qaytarmayaraq qanunsuzluq etdikləri üçün bunun nəticəsində əsəb və stres keçirdiyi üçün 20000 (iyirmi min) manat məbləğində ziyan cavabdehdən alınaraq ona verilməldir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, iddinın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı 10.03.2021-ci il tarixdə “Cavabdeh Electronics” MMC-nin Xaçmaz rayon filialından Xiaomi Redmi 9T 4GB/128GB Carbon Gray markalı mobil telefon almışdır. Mobil telefonu müəyyən müddət istifadə etdikdən sonra mobil telefonda qüsurlar olması iddiası ilə Xaçmaz rayon filialına müraciət etmişdir. 30.03.2021-ci il tarixdə mobil telefon “Cavabdeh Electronics” MMC-nin X3 qəbul olunmuşdur. Texniki müayinə zamanı iddia olunan qüsürlar mobil cihazda aşkar olunmamışdır. Eyni zamanda texniki müayinə zamanı mobil telefonun istifadə zamanı usb konnektorun kənarında cızıqlar yaranması aşkar olunmuşdur və bu barədə də texniki rəydə qeydlər aparılmışdır. Mobil telefon istifadə olduğuna və məhsulda heç bir istehsalat qüsuru aşkar edilmədiyinə görə mobil telefonun qaytarılması və yaxud yenisi ilə əvəz olunması mümkün deyil. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satış tarixi 10.03.2021-ci il olan Zəmanət talonunda qeyd edilmişdir ki, zəmanət müddəti malın satıldığı gündən hesablanır. 14 gün ərzində məhsuldan əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilər. İş materiallarında olan 18.03.2021-ci il tarixli Müştəri müraciət qəbzindən görünür ki, alış tarixi 10.03.2021-ci il olan Redmi 9T 4/128 Carbon Gray markalı telefonun Mİ pultu işləmədiyi, telefonun donması, cızıq aşkar edilmədiyi göstərilmişdir. İş materiallarında olan Texniki rəydən görünür ki, XİAOMİ REDMİ 9T GB/128GB Carbon Gray markalı telefonda qüsur aşkar olunmadığı və Usb konnektorun kənarında dərin cızıqlar olduğu qeyd edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 10.03.2021-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı Cavabdeh MMC-dən 449 AZN dəyərində 12 ay zəmanət müddəti ilə XİAOMİ REDMİ 9T GB/128GB Carbon Gray markalı mobil telefon almış, 18.03.2021-ci il tarixdə Redmi 9T 4/128 Carbon Gray markalı telefonun Mİ pultu işləmədiyi və telefon donduğu üçün həmin telefonu qaytarılması üçün müraciət etmiş, cavabdeh cihazın əmtəə görünüşü pozulduğuna görə cihazın dəyişdirilməsi və qaytarılmasının mümükün olmadığını bildirmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü bəndinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməldir. Həmin qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı 449 manat pul tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı həmçinin cavabdehdən 20000 manat məbləğində mənəvi ziyan tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsəsən “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Zərər tələb edilərkən, zərər tələb edən şəxs, yəni iddiaçı bu zərərin göstərilən məbləğdə olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş yaranması, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olması və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Bu halları da qanun görə iddiaçı sübut etməlidir. İddiaçı Cavabdeh MMC-dən 20000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 20000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də 20000 manat mənəvi ziyan tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh” Elektroniks mağazasından aldığı XİAOMİ REDMİ 9T 4GB/128GB Carbon Gray markalı telefon Cavabdeh” Elektroniks mağazasına qaytarılmalı və 449 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh” Elektroniks mağazasından aldığı XİAOMİ REDMİ 9T 4GB/128GB Carbon Gray markalı telefon Cavabdeh” Elektroniks mağazasına qaytarılsın və 449 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1214/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1214/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver