Məhkəmə qərarları › İş №2(027)-1218/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1218/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1218/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-2049/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nəzərə alınmış Cavabdeh ilə aralarında mediasiyada 26 avqust 2021-ci il tarixdə bağlanmış MŞİH-01349 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan olan 31 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı xidmət haqqı kimi ödədəyi 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahı 26 sentyabr 2019-cu il tarixdə rəsmiləşdirərək ailə qurmuşlar, birgə nikahdan 31 oktyabr 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən nikahın pozulması, uşağın onun himayəsində saxlanması və aliment tələbinə dair mediasiyaya müraciət etmişdir. Cavabdeh ilə aralarında bağlanmış 26 avqust 2021-ci il tarixli, MŞİH-01349 saylı barışıq sazişinə əsasən aralarında olan nikah pozularkən birgə nikahdan doğulmuş uşağı 31 oktyabr 2020-ci il təvəllüdlü X2 onun himayəsində saxlanmasına və uşağın saxlanması üçün hər ay 175 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə razılaşmışdır. Quba Rayon Məhkəməsinin 2(027)- 2049/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş, uşaq tələbi və aliment öhdəlikləri ilə bağlı mediasiya şurasının 23 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinin nəzərə alınmasına dair qətnamə qəbul edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. O özü uşağın tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Oğlu körpə olduğundan hal-hazırda heç bir yerdə işləmir. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağın qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlməmiş, buna görə də, ona 20 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, təyin olunmuş aliment uşağın tələbatını ödəmir. Uşaq balaca olduğuna görə özü işləyə bilmir. Uşaq müalicə olunur. Cavabdehin aliment ödəməyə imkanı var, həftədə 300-500 manat qazanc əldə edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, 300-500 manat onun aylıq qazancıdır. Daimi iş yeri yoxdur. Təyin olunmuş alimenti müntəzəm şəkildə ödəyir. Artıq miqdarda ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İV 524888 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 31 oktyabr 2020-ci il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 26 avqust 2021-ci il tarixli, MŞİH-01349 saylı barışıq sazişindən qətnaməsindən görünür ki, 31 oktyabr 2020ci il təvəllüdlü X4 saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsinə razılaşmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-2049/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə aralarındakı nikah pozulmuş, uşaq tələbi və aliment öhdəlikləri ilə bağlı 26 avqust 2021-ci il tarixli, MŞİH- 01349 saylı barışıq sazişinin nəzərə alınması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 95.4-cü maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 26 avqust 2021-ci il tarixli, MŞİH-01349 saylı barışıq sazişinə əsasən 31 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə saziş bağlanmışdır. Quba Rayon Məhkəməsinin 2(027)- 2049/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına adir məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 31 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 26 avqust 2021-ci il tarixli, MŞİH-01349 saylı barışıq sazişi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddiaçı mediasiya seansının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, qeyd edilən 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 15 (on beş) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 175 (bir yüz yetmiş beş) manat aliment artırılaraq, aylıq 190 (bir yüz doxsan) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 180 (bir yüz səksən) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən İddianın qiyməti 1.000 manatdan az olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 26 avqust 2021-ci il tarixdə bağlanmış MŞİH-01349 saylı barışıq sazişi ilə müəyyən olunmuş, Quba Rayon Məhkəməsinin 2(027)-2049/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nəzərə alınmış alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş mediasiya xərci əvəzi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar