Məhkəmə qərarları › İş №2(027)-1218/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1218/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1218/2025 14.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9630 (doqquz min altı yüz otuz) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh təxminən 2020-ci ildən tanıyır. Onunla hərbiçi yaxınlarının vasitəsilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdehlə aralarında “Borc pul verilməsinə dair tərəflərin razılığı” barədə AKT bağlanmış və həmin razılığıa əsasən cavabdeh ondan 10000 (on min) manat məbləğində borc pul almışdır. Bu razılığa əsasən cavabdeh iyul ayının 25-i də daxil olmaqla hər ay 350 manat olmaqla borc bitənə qədər 10000 manat pulu hissəli formada qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyinə əməl etməyərək aldığı borcdan indiyədək hissə- hissə olmaqla cəmi 370 manat ödəmişdir. Dəfələrlə onunla bu barədə danışsa da, heç bir müsbət nəticə əldə olunmamış və cavabdeh öz öhdəliyini yerinə yetirməkdə imtina etmişdir. Artıq, cavabdehlə aralarında olan mübahisə məhkəmədənkənar qaydada öz həllini tapmadığından məcbur olub hüquqlarının müdafiəsi üçün hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh 10.000 manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-cı maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında borc barədə razılıq əldə olunmaqla iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində borc verilmiş və borc bitənə qədər hər ay 350 manat ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Bu halı tərəflər müvafiq qeydlərlə təsdiq etmişlər. Cavabdeh İddiaçı öhdəliyin təsdiqi üçün borc sənədi vermiş, Cavabdeh borcu icra etmədiyindən, İddiaçı həmin sənədi qaytarmamış və hər hansı məbləğ ödənilmədiyindən, verilmiş sənəddə icranın qismən belə təsdiqinə dair qeyd müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək, təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 9630 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9630 (doqquz min altı yüz otuz) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar