Məhkəmə qərarları › İş №2(027)-1219/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1219/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1219/2023 03.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 3298/2016 saylı, 01 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş aliment miqdarının artırılaraq birgə nikahlarından doğulmuş 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı ödədiyi 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Aralarında olan nikahı 20 avqust 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 aprel 2014-cü il təvəllüdlü X2 adlı və 23 fevral 2016-cı il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduğları ilk vaxtlardan münasibətləri pis olmuşdur. Cavabdeh ilə yaşamaq mümkün olmadığından o, azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Uşaqların saxlanılması ilə bağlı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(027)-3298/2016 saylı qətnaməsi ilə 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh 08 iyun 2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat və 23 fevral 2016-cı il təvəllüdlü X1 üç yaşınadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra cavabdeh qət edilmiş aliment məbləğini ödəməmişdir. Aliment məbləği yığılaraq qalmışdır. Cavabdeh bir ata kimi uşaqları ilə maraqlanmamış, onların nə yeyib içdiyindən belə xəbəri olmamışdır. O, min bir əziyyətlə uşaqlarına baxmışdır. Hazırda övladları məktəblidir. Oğlu Rəvan İ sinifdə, Rəşad isə İll sinifdə oxuyur. Onların ehtiyacları günügündən artır. Hazırda heç bir yerdə işləmir. Uşaqlarına valideynlərinin köməkliyi ilə baxır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O, ilkin olaraq məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün alimentin artırılması tələbinə dair mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh ilə aralarında heç bir razılıq əldə edilmədiyi üçün ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 noyabr 2022-ci il tarixli, 21198 nömrəli arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 345 manat məbləğində maaş alır. Alimentin artırılması onu maddi cəhətdən vəziyyətini ağırlaşdıra bilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 20 avqust 2014-cü il tarixdə nikah bağlanmış və nikah Quba rayonu Qeydiyyat şöbəsi tərəfindən həmin tarixli 354 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-3298/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat və 23fevral 2016-cı il təvəllüdlü X1 üç yaşınadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Quba rayon məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016cı il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat olmaqla 340 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 32,72 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli ) manat məbləğində pulun yarısı, yəni 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03 aprel 2014-cü il təvəllüdlü X2 və 23 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-3298/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla 340 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 32,72 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli ) manat məbləğində pulun yarısı, yəni 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar