Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1220/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.02.2020-ci il tarixli, A38/20 saylı “Alqı-satqı müqaviləsi” üzrə 145.00 (yüz qırx beş) manat əsas borc və gecikdirilmiş gün sayına görə 254.00 (iki yüz əlli dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 399.00 (üç yüz doxsan doqquz) manat pulun və ödənilmiş 20.00 (otuz) manat döxlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 13.02.2020-ci il tarixli, A38/20 saylı “Alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 405.00 manat olan “Samsung” markalı samsung J7 Cavabdeh satılmışdır. Alqı-satqı müqaviləsinin 2.3cü bəndinə əsasən “Alıcı” satılan malın dəyərini 30.00 manat olmaqla, hər ayın 13-ü hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndində “Alıcı” satılan malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0.5 %-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və aldığı malın dəyərni tam ödəməmişdir. Əlavə olaraq qeyd edir ki, “xxxx” MMC-nin adı dəyişdirilərək İddiaçı adlandırılmış və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə şirkətə yeni çıxarış təqdim edilmişdir. Hazırda cavabdehin İddiaçı-yə əsas borcu 145.00 manat və gecikdirilmiş gün sayına görə cərimə borcu 254.00 manat ümumilikdə 399.00 manat təşkil edir. Borcun ödənilməsi barədə İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Buna görə də, İddiaçı yaranmış mübahisəinin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən İddiaçı-nin nümayəndəsi Şəbnəm Əliyeva məhkəməyə ərizə ilə müraciət edərək, həmin ərizədə iddia tələbini tam müdafiə etdiyini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və sözügedən mülki işə mahiyyəti üzrə məhkəmədə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 fevral 2020-ci il tarixli, A38/20 saylı alqı-satqı müqaviləsindən, İddiaçı ilə Cavabdeh arasında 405 manat məbləğində mobil telefonun alınması barədə müqavilə bağlanmış, Cavabdeh 405 manat məbləği 12 ay müddətinə, 30 manat olmaqla « xxxx» MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.02.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünürki, «xxxx» MMC Cavabdeh oğluna “SAMSUNG-J7” markalı bir ədəd mobil telefon təhvil verilib. İş materiallarında olan son xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan 08 may 2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 405 manat məbləğində mobil telefonun alınması barədə 13 fevral 2015-ci il tarixli, A38/20 saylı alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh 405 manat məbləği 12 ay müddətinə, 30 manat məbləğində borcu ödəməyi öz öhdəsinə götürmüş, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, İddiaçı-yə 145 əsas borcu və 254 manat cərimə borcu olmaqla ümumi borcu 399 manat təşkil etmişdir. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı 20 (iyirmi) manat dövlət rusumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, müqavilə üzrə iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətldər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 145 manat əsas borc hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının tələb etdiyi 254 manat dəbbə pulu tələb edilən 145 manat əsas borca nisbətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı-nin gəliri, müqavilə üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X2rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 254 manat məbləğində dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 399 manat olduğu, bu tələb 195 manat məbləğində təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən ödənilmiş 9,77 manat dövlət rüsumu alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.02.2020-ci il tarixli müqavilə üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozduğundan, Cavabdeh 13.02.2020-ci il tarixli, A38/20 saylı “Alqı-satqı müqaviləsi” üzrə 145 manat əsas borc və 50 manat dəbbə pulu olmaqla cəmi 195 manat və 9,77 manat dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun. Cavabdeh 13.02.2020-ci il tarixli, A38/20 saylı “Alqı-satqı müqaviləsi” üzrə 145 manat əsas borc və 50 manat dəbbə pulu olmaqla cəmi 195 manat və 9,77 manat dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1220/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1220/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver