Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1235/2023 19.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Məmmədşərəf oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məmmədşərəf oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona çatası 23 arı ailəsinin dəyəri olan 4600 manat pulun Cavabdeh Məmmədşərəf oğlundan alaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1988/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsiylə birgə nikah dövründə əldə edilmiş 70 (yetmiş) arı ailəsi, 14 hissədə bölünmüşdür. xx.xx.2023-cü il tarixdə icra məmuru ilə birlikdə ona düşən 35 arı ailəsini almaq üçün ailələrinin olduğu Quba Rayonu Adur kəndinə getmiş, borclu Cavabdeh həyətində cəmi 32 arı müəyyən etmişlər. Onlardan 12-si sağlam olmuş, qalanları ölmüşdür. Buna görə də o arı ailəsindən yalnız 12-sini götürmüşdür. Qalan 20 ailə ölü vəziyyətində olmuş, 3 arı ailəsi yerində olmamışdır. O yalnız 12 sağlam arı ailəsini götürmüşdür. Ona çatası olan 23 arı ailəsinin pulunu almaq istəyir. Bir arı ailəsi 200 manat olduğuna görə 23 ailə 4600 manat edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir və etiraz ərizəsiylə əlaqədar əlavə olaraq bildirmişdir ki, qışda həmin kəndə getmək mümkün deyil, qışda demək olar ki, orada yaşayış olmur. Çox çətinliklə gedirlər, o üzdən arıları yazda gedib gətirməsini məsləhət bilmişdir. Bu barədə cavabdehə də məlumat vermişdir. Lakin cavabdeh arıları dəyişmiş, sağlam arıların yerinə ölü arılar qoymuş, hal-hazırda bir arı yeşikinin qyməti 200 manatdır, 23 yeşiyin 200 manatdan dəyərini tələb edir. Cavabdeh Məmmədşərəf oğlu iddia tələbinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində yazılanlar tam əsassızdır. İddiaçı ərizədə yazır ki, onun ünvanına gəliblər 32 arı müəyyən ediblər 12 arı yeşik sağ olub, qalan 20 arı ölü, 3 arı yeşiyində arı ailəsi olmayıb. Halbuki, dəfələrlə cavabdehə 35 arı ailəsi yeşiklərin aparmasını bildirsə də, iddiaçı qəsdən məhkəmə qətnaməsi qəbul olunduqdan 6 ay sonra icra üçün gəlmişdir. Hətta qətnamə qəbul olduqdan qanuni qüvvəsin almamış o iddiaçıya 35 arı ailəsinin təhvıl almasını təklif etmişdir. İddiaçı ona istədiyi vaxt gəlib aparacağını bildirmişdir. İddiaçı bilirdi ki, qış aylarında arını saxlamaq çətindir hətda soyuq hava şərayətinə görə arı ölə də bilər, iddiaçı bunları bilərək qəsdən ona maddi ziyan və arı ailəsinin əvəzinə pul almaq məqsədi ilə arı yeşiklərinin aparılmasını yubadaraq bugünkü pul tələbilə məhkəməyə müraciət etmişdir. İddiaçinin davranışlarından qənaətə gəlmək olur ki, bilərəkdən 35 arı ailəsini ölümə düçar edib, halbuki, iddiaçı qətnamədən maksimum 1 ay sonra o dediyi vaxt arıları təhvil alsaydı, ari ailəsi sağ-salamat olacaqdı. Dəfələrlə o iddiaçıya gəl 35 arı ailəsin təhvıl almasını dedikdə, iddiaçı ona əvəzində pul alacağını bildirmişdir. İddiaçı bilərəkdən qəsdən arıları almamışdır ki, arılar ölsün, bugünkü gündə ondan dediyi kimi pul alsın. İddiaçının məqsədi arı deyil bilərəkdən təsarrüfatına qəsdən ziyan vurmaq olmuşdur. Əlində maddi subutlar var ki, onda olan arılar tək onun deyil. Bir çox sakinlərin arıları xəstəlik səbəbindən tələf olmuşdur, buna görə də bir çox sakinlər və ekspertlər akt tərtib etmişlər. Həmin aktların əsli ondadır. Göstərilənlərə əsasən İddiaçı - İddiaçı “Maddi ziyanın ödənilməsi” barədə tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Məmmədşərəf oğlu iddianı qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat verərək, bildirmişdi ki, Adur dağ kəndi olmasına baxmayaraq, gediş -gəliş həmişə vardır. O məhkəmə bitən kimi dəfələrlə iddiaçıya xəbərdarlıq edib ki, arılarını aparsın. Çünki uzun illər bu işlə məşğul olur və bilir ki, arıların yerdəyişməsi əsasən qış mövsümündə aparılır. Qışda arılar arasında arı pandemiyası yayıldığından, bir qismi tələf olub, onun bu məsələdə heç bir günahı yoxdu. Səhv iddiaçının özündə olub ki, vaxtında əmlakını gəlib aparmalı idi. Hal-hazırda bir arı ailəsi yeşik qarışıq 80 manat təşkil edir. Qiymət yeşiyin içindəki ramkaların sayı ilə müəyyən edilir. Onda yeşiklər 3-4 ramkalı olub. Yeşiklər hamısı bir yerdə olub, o heç birini dəyişdirməyib. Yeşiklər hələ də yerindədir. O üzdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən icra məmuru X2 ifadəsində bildirmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə icraatına qəbul edilib. İcra sənədində Birgə nikah dövründə əldə edilmiş 70 (yetmiş) arı ailəsi, 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payı müəyyən edilməklə bölünməsi qət edilib. İcra sənədinin icrasını təmin etmək məqsədilə onlar xx.xx.2023-cü ildə Adur kəndinə gedib, orda baxış keçirilən zaman məlum olub ki, 35 arı yeşiyi olub, onlardan 12-si salamat, qalanları boş olub. Yerdə qalan 23 yeşikdə bəzilərində demək olar ki, arı olmamış, ölü arılar olmuşdur. Yeşiklər də hamısı köhnə yeşiklər olmuşdur. 12 salamat arı ailəsi aktlaşdırılıb tələbkara təhvil verilib. Qalanlarından tələbkar imtina etmişdir. İcra sənədində və qətnamədə əmlakların dəyəri müəyyən edilməmişdir və ona görə də aşkar olunmayan əmlaklar barədə icra davam etdirilməsi mümkün olmamışdır. İlkin məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, o Quba rayonu,Rük kəndində arı saxlayır. 53 yeşik arısı olmuş və hazırda 10 ədədi qalmışdır. 53 arı ailəsi üçün dövlətdən subsidiyada alsa da, arılara çarə edə bilməmişdir. Arı xəstəliyindən çox hissəsi ölmüş, cəmi 10 arı ailəsi salamat qalmışdır. Dəyəri təqribi bir arı yeşiki 80-100 manat arasında dəyişir. Məhkəmə iddiaçını, cavabdehi və şahidləri dinləyib iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə Birgə nikah dövründə əldə edilmiş 70 (yetmiş) arı ailəsi, 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payı müəyyən edilməklə bölünməsi qət edilmişdir. İş materiallarında olan icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə birgə nikah dövründə əldə edilmiş 70 arı ailəsi, 14 hissədə İddiaçı və 14 hissədə Cavabdeh payı müəyyən edilməklə bölünməlidir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə icra məmuru tələbkarla birlikdə xx.xx.2023-cü il tarixində borclu Cavabdeh məxsus arı ailərinin olduğu Quba rayonu, Adur kəndinə getmiş, həmin ünvanda 32 arı ailəsi müəyyən etmişdir. Həmin arı ailələrindən 12-si sağlam vəziyyətdə tələbkar İddiaçı təhvil verilmiş, qalan 20 (iyirmi) arı ailəsi ölü vəziyyətdə olduğu üçün tələbkar həmin arı ailələrini təhvil götürməmişdir. Tələbkar İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək qalığ 20 arı ailəsi üçün məhkəməyə müraciət edəcəyini, dəyərini borcludan tələb edəcəyini və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1988/2022 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli “Azərbaycan Arıçılar Asossiasiyasının Quba üzrə sədri Emin Bayramov tərəfindən verilmiş arayış”dan göründüyü kimi, payız mövsümündə arı ailəsinin qiymətləndirilməsi ramka hesabı ilə 20 manat dəyərində (arı ailəsinin qışdan çıxa bilməməsi riskinə görə) qiymətləndirilir. Qiymətləndirmə yeşiklərin vəziyyətindən asılı olaraq, 25-30 manat arasında dəyişir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrara Xidmətlər Agentliyi Laboratoriya Ekspertiza və X1 Laboratoriyasının xx.xx.2023-cü il tarixli M/H ******* nömrəli protokolundan görünür ki, sifarişçi Cavabdeh məxsus arılardan xx.xx.2023-cü il tarixində nümunəsi götürülmüş analizin bakteroloji müayinəsi zamanı parazit mikroorqanizmlər aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Quba Rayon Məhkəməsinin 2(027)-1988/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə birgə nikah dövründə əldə edilmiş 70 (yetmiş) arı ailəsi, ½ hissədə bölünmüşdür. İcra sənədi üzrə icra hərəkətkəri aparılarkən ailəsindən 12-si sağlam olmuş, digərləri tələf olmuş və ona görə də icra mümkün olmamışdır. Tələbkar olan hazırki iş üzrə iddiaçı ona çatası bir arı ailəsi 200 manat olmaqla 23 ailə üçün 4600 manat tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddisnə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı tərəf Cavabdeh Məmmədşərəf oğlunun birbaşa qəsdlə zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməlinin mövcudluğuna dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əmlaka vurulmuş ziyanın kobud ehtiyatsızlıqla bağlı olmuşdur. Belə ki, cavabdeh qalıq arı ailəsinin iddiaçıya təqdim edilməsində və salamatlığının qorunmasında ifadə olunan heç bir hərəkət etməmiş, əksinə onun hərəkətsizliyi ehtiyatsızlıqdan arı ailəsinin tələf olması ilə nəticələnmişdir. İddia ərizəsində vurulmuş ziyanın məbləğinin İddiaçı öz mülahizəsinə görə hər arı ailəsi üçün 200 manat olmaqla 23 ailə üçün 4600 manat olmasının hesablanmasına dair hüquqi əsas müəyyən edilməmiş, habelə bununla bağlı sübut təqdim edilməmişdir. Ona görə də indiki halda tərəflər arasında vurulmuş ziyanın məbləği ilə bağlı belə bir qarşılıqlı razılaşmanın olması halı müəyyən edilmədiyindən, vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi şahid ifadəsi və işin hallarına uyğun aparılmalıdır. Halbuki qeyd edilən halla dair sübut təqdim etmək və həmin halları sübut etmək vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə qeyd edilənlərlə bağlı sənədin (qüsur aktı və digər) olmadığını bildirmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə vurulmuş ziyanın məbləğinin hesablanmasında, yəni zərərin həcminin müəyyənləşdirilməsində zərərçəkən olan iddiaçının davranışının da zərərin yaranmasına və artmasına müəyyən həcmdə şərait yaratması, yəni müəyyən olunmuş vaxtda icra sənədi üzrə icranı həyata keçirməməsi, habelə qalıq əmlakların da müəyyən dəyərə malik olması, nəzərə alınmalıdır. Beləlilklə də, hər arı ailəsinin saxlanc qabı ilə birlikdə qiyməti 80 manat olmaqla , 23 ailə üçün 1840 manat olması, həmin məbləğdən hər qab üçün dəyər 20 manat, cəmi 460 manat çıxılmaqla, cəmi 1380 manat məbləğdən zərərçəkən olan iddiaçının müəyyən olunmuş vaxtda icra sənədi üzrə icranı həyata keçirməməkdə ifadə olan davranışının zərərin artmasına şərait yaratması nəzərə alınaraq, dəymiş zərər üzrə 920 manat məbləğin tutulması ağlabatan hesab edilir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədşərəf oğlundan dəymiş zərər üzrə 920 (doqquz yüz iyirmi) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1235/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1235/2023
19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver