Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1255/2024 03.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2012ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Quba rayon Məhkəməsinin 2(027)-885/2023 saylı xx.xx.2023-cü il il tarixli qətnaməsində qeyd olunan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 (iki yüz ) manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğinin Cavabdeh - tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-885/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz ) manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladlarının 12 yaşı var. Hal-hazırda Quba rayon Məhkəməsinin 2(027)- 885/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədə qeyd olunmuş 200 (iki yüz ) manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdückə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Uşağın atası alimenti vaxtı-vaxtında ödəmir onun uşağı tək saxlamağı çətin olur. Böyüdükcə uşaqda ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq xəstədir. Daimi müalicədədir, iynə dərmanlarını çatdıra bilmir. Buna görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir və 220 manat məbləğində aliment ödəməyə razıdır. Övladlarından bii yetkinlik yaşına çatsa da, bütün təminatını tək o qarşılayır. Qızının 18 yaşı var, təhsil aldığı üçün əlavə xərcləri də var. Bununla belə digər övladının təminatına da alimentdən kənar köməklik edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 885/2023 saylı qətnaməsindən göründüyü kimi, Sumqayıt Apellyasıya Məhkəməsinin 2(105)- 2530/2020 saylı xx.xx.2020-cı il tarixli qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı xx.xx.2012-ci il təvəllüdlü X6 münasibətdə dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 932968 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024- 00066 saylı arayışına əsasən, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-885/2023 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay uşağın saxlanılması üçün 235 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşağın aylıq xərcinin 235 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsini, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Həmçinin cavabdeh məhkəmə iclasında aylıq 220 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmamasını nəzərə alaraq, alimentin uşağa görə 235 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçı alimentin artırılmasının iddia ərizəsini məhkəməyə təqdim etdiyi gündən hesablanmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin, alimentin artırılması barədə iddia tələbləri üzrə qəbul edilmiş qətnamələr qanuni qüvvəyə mindiyi gündən hesablanır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 mart 2016-cı il tarixli Qərarından görünür ki, Qərarın 8.14-cü bəndinə əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-885/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1255/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1255/2024
03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver