Məhkəmə qərarları › İş №2(027)-1268/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1268/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1268/2021 22.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə əsas borcu 701.34 dollar, faiz borcu 515.20 dollar, cəmi 1216.54 dollar və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 21.05.2015-ci il tarixdə, № 16-15-11-023123 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29% olmaqla 48 ay müddətinədək 1345 dollar məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 21.05.2015-ci il tarixdə № 16-15-11 023123 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Əlavə olaraq bildirmişlər ki, aralarında bağlanmış 21.05.2015-ci il tarixdə № 16-15-11-023123 saylı kredit müqaviləsinin şərtləri cavabdeh X1 tərəfindən pozulmuşdur. Belə ki, 21.05.2015-ci il tarixdə № 16-15-11 023123 saylı Kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddəti uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16% miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 58% miqdarında cərimə faiz ödəyir. .05.2015-ci il tarixdə № 16-15-11-023123 saylı kredit müqaviləsinin 5.4.1.-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bənlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. 04.05.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 04.05.2021-ci il tarixinə İddiaçı-yə əsas borcu 701.34 dollar, faiz borcu 515.20 dollar, cəmi 1216 dollar təşkil edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.05.2015-ci il tarixli, 16-15-11-023123 nömrəli Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı tərəfindən 48 ay müddətinə illik 29% dərəcəsi ilə Cavabdeh 1345 (bir min üç yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən cavabdehlərə 3 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı-nin 04 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 may 2019-cu il tarixə İddiaçı-yə olan borcu 701.34 (yeddi yüz bir ABŞ dolları 34 sent) ABŞ dolları əsas, 515.20 (beş yüz on beş ABŞ dolları 20 sent) ABŞ dolları faiz borcu və cəmi borc 1216.54 (bir min iki yüz on altı ABŞ dollar 54 sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan 06 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh arasında 21.05.2015-ci il tarixdə 16-15-11-023123 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh bankdan 48 ay müddətinə, illik 29% dərəcəsi ilə 1345 ABŞ dolları məbləğində kredit almış, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçı təşkilata 701.34 (yeddi yüz bir ABŞ dolları 34 sent) ABŞ dolları əsas, 515.20 (beş yüz on beş ABŞ dolları 20 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1216.54 ABŞ dolları borcu yaranmışdır. Həmçinin, hazırki iddianın qaldırılması üçün İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 may 2015-ci il tarixli Kredit müqaviləsi üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozduğundan, Cavabdeh İddiaçı-nin xeyrinə 701.34 (yeddi yüz bir ABŞ dolları 34 sent) ABŞ dolları əsas, 515.20 (beş yüz on beş ABŞ dolları 20 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1216.54 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh İddiaçı-nin xeyrinə 701.34 (yeddi yüz bir ABŞ dolları, 34 sent) ABŞ dolları əsas, 515.20 (beş yüz on beş ABŞ dolları, 20 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1216.54 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar