Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1309/2025 23.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü övladı X1 üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü övladı X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-996/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 190 manat alimentin və övladının 3 yaşı olana qədər hər ay 30 manat tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci ildə övladının üç yaşı tamam olduğu üçün hər ay ödənilən 30 manat məbləğin verilməsi dayandırılır. Buna görə də onun Quba Rayon Məhkəməsinə müraciətin əsasında qəbul etdiyi 8(027)-22/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehdən tutulan aliment indeksasiya olunaraq 220 manata çatdırılmışdır. Lakin bütün bunlar belə uşağın xərclərini qarşılaya bilmir. Belə ki uşaq azyaşlı olduğu üçün o da işləyə bilmir. Onun geyimi, yeməklə təmini və digər məişət xərcləri də daxil olmaqla tələbatı qeyd olunan aliment məbləği ilə ödənmir. Cavabdeh indiyə qədər uşaqla maraqlanmır. Onun bütün ehtiyaclarını özü ödəməyə çalışır. Onda olan məlumatlara görə cavabdeh hazırda taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı, Quba rayonu Günəşli kəndində bağ evi və hektarlarla torpaq sahəsinə sahibdir. O, həmin torpaq sahəsində bağ salmış, meyvə məhsullarını satışa çıxarır. Bundan əlavə, Bakı şəhərində “Noxud Pub” adlı restoran işlədir və Bakıda bir neçə evi vardır ki, onlardan biri ünvan 1 ünvanında yerləşir və hazırda həmin mənzil kirayə verilir. Cavabdeh tərəfindən aliment məbləğini ödəmək üçün yetərincə imkanları vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verəərk iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-22/2025 saylı qərardadından göründüyü kimi, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-996/2023 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı xx.xx.2022-ci il təvəllüdlü övladı X5 aylıq təminat xərcinin 300 manat olduğunu və cavabdeh maddi gəlirlərinin olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut (geyim, gidalanması və digər məişət xərcləri barədə) təqdim edə bilməmişdir. Həmçinin, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-22/2025 saylı qərardadı ilə, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-996/2023 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmuşdur. Bu halda, məhkəmə müvafiq məhkəmə qərardadı əsasında təyin edilmiş alimentin məbləğini hazırki halda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-996/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olmasını, uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını, habelə cavabdehin qazancının hazırda müntəzəm olmadığını nəzərə alaraq, hesab edir ki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1309/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1309/2025
23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver