Məhkəmə qərarları › İş №2(027)-1313/2025

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1313/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1313/2025 01.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4554.86 manat və ödədiyi 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun iş yeri olduğundan cavabdeh ondan kreditlə X1 20w Usb-C, Wei Gt Pro46mm Black Fluoroelastomer S,FON İPHONE 16 Pro 128 X2,Huawei Watch 3 kimi elektron avadanlıqları almağı xahiş etdi və onu krediti ödəyəcəyinə əmin etdi. Lakin həmin avadanlıqları ondan təhvil alsa da, krediti ödəməkdən imtina etmiş və hazırda pulunun olmadığını bildirir. Aldığı məlumata əsasən həmin elektron avadanlıqları ondan aldıqdan sonra satışa qoymuşdur. O,ilkin ödəniş olaraq 400 manat ödəmiş, daha sonra 2 ay isə 275 manat, cəmi 550 manat ona pul ödəmişdir. Bununla əlaqədar şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh onda səs yazıları vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ona könüllü qaytarmır,məcbur olub həmin avadanlıqların pulunu özü ödəyir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən, iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, 4342,86 manat və ödədiyi 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, iddianın təmin olunmasını xahiş etmiş və məhkəməyə ərizə təqdim edərək cavabdehin iclaslarda iştirak etmədiyini, səbəbləri barədə məhkəməyə məlumat verilmədiyini bildirirərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində İddiaçı arasında bağlanmış 13 noyabr 2024-cü il tarixli, BE 216258 nömrəli Nisyə satış müqaviləsinə əsasən satıcı bu müqaviləyə əsasən qiyməti 5292.86 AZN olan avadanlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. 2.1. Alıcı avadanlığın qiymətini bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş qaydada ödəyir. xx.xx.2024-cü il tarixli, BE216258 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən İddiaçı məhsulların qiyməti 5292.86 manat, əvvəlcədən ödəniş məbləği 400 manat, ödənişin müddəti 18 ay olmaqla ödəniş qrafiki tərtib edilmiş, qalıq borc məbləği 4892.86 manat təşkil etmişdir. Sumqayıt şəhəri Pİ-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n İddiaçı Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, AR DİN-in 102 xidmətinə müraciətində qeyd etdiyi mobil telefonu 3 ay bundan öncə Bakı şəhəri, İnşaatçılar metrosu yaxınlığında olan dükandan kreditə götürərək Anar adlı şəxsə verməsi, oğurluq hadisəsinin olmaması, yanlış anlaşılma olmasını bildirmişdir. Anar adlı şəxslə uzun müddətdir ki, tanışlıqları olmuş, həmin telefonu öz adına kredit yolu ilə alaraq Anara vermiş, telefonun kredit ödənişlərini Anar edəcəkmiş, lakin Anartelefon ödənişlərini etməmiş, sonuncu həmin şəxsin Cavabdeh olmasını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı öza dına olsa belə, cavabdehə vermək şərti ilə BE216258 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasında 5292,86 manat dəyərində 18 ay müddətinə aylıq 275 manat ödəməklə X1 20w Usb- C, Wei Gt Pro46mm Black Fluoro elastomer SFON İPHONE 16 Pro 128 X2,Huawei Watch 3 adlı elektron avadanlıqlar almışdır. Ümumi məbləğdən cavabdeh tərəfindən ümumilikdə 400+550=950 manat məbləğində ödəniş həyata keçirilmişdir.Məhkəməyə təqdim edilmiş səs yazılardan avadanlıqların cavabdeh tərəfindən istifadəyə götürülməsi məlum olur. Lakin həmin avadanlıqlar cavabdehin istifadəsinə verilsə də, kredit rəsmiləşdirilməsi iddiaçının adına aparıldığı üçün ödənişləri etməkdən boyun qaçırmışdır. Ona görə də, cavabdeh ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 4342,86 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesa edir ki, Cavabdeh 4342.86 manat tutulmasına dair iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 66 (altmış altı) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4342.86 (dörd min üç yüz qırx iki manat səksən altı qəpik) manat borc və ödənilmiş 66 (altmış altı) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar