Məhkəmə qərarları › İş №2(027)-1335/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1335/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1335/2021 02.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 3570,90 AZN əsas, 687,02 AZN faiz, cəmi 4257,92 AZN məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.07.2020-ci il tarixli, RGTK2473758A165 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 3570,90 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlnamış müqavilənin şərtələrinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı-yə 3570,90 AZN əsas, 687,02 AZN faiz, cəmi 4257,92 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, xəstə uşağının müalicəsi ilə əlaqədar olaraq İddiaçı-dən 24.07.2020-ci il tarixli, RGTK2473758A165 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 3570,90 manat məbləğində kredit almışdır. Aldığı kreditə görə banka ödəməli olduğu kredit borcunu 2-ci Qarabağ müharibəsində iştirak etdiyinə görə ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməyə imkanı yoxdur, ancaq iddiaçıdan aldığı kredit pulunu qaytarmağa heç bir etirazı olmadığını, həmin pulu ödəməli olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 24.07.2020-ci il tarixli, RGTK2473758A165 saylı kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə 60 ay müddətinə illik 23 faiz ödənilməsi şərtilə 3570,90 manat məbləğində kredit verilmişdir. - 12.11.2020-ci tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.05.2021-ci il tarixli, RGTK2473758A165 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 19.05.2021-ci il tarixə əsas 3570.90 manat, 687.02 manat faiz, cəmi 4257.92 manat borcu yaranmışdır. - 26.05.2021-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3570.90 manat əsas borc, 687.02 manat faiz borcu olmaqla, cəmi 4257.92 manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3570.90 (üç min beş yüz yetmiş manat, doxsan qəpik) manat əsas borc, 687.02 (altı yüz səksən yeddi manat iki qəpik) manat faiz borcu, cəmi 4257.92 (dörd min iki yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar