Məhkəmə qərarları › İş №2(027)-1359/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1359/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1359/2023 20.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Gülbala qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gülbala qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Gülbala qızı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1105/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfimdən ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsumunun və müdafiəçiyə ödənilmiş 300 (üç yüz) manat məbləğində müdafiə xərcinin yarısının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Gülbala qızı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-1105/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona, İddiaçı verilməsi qət olunmuşdur. Belə ki, hal-hazırki dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 100 (yüz) manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi vəziyyəti ağırdır. Məktəbli uşağı saxlamağa imkanı çatmır. Dövlət tərəfindən 2023-eü il üçün bir uşağa aylıq 220 (iki yüz iyirmi) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Bildiyinə görə Cavabdeh gəlirləri yaxşıdır. Maddi vəziyyəti aylıq 220 (iki yüz iyirmi) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 55 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Övladı Elmir azyaşlıdır. Məhkəmə iclasında İddiaçı Gülbala qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh 300 manat məbləğində maaş alır. Alimentin artırılması onu maddi cəhətdən vəziyyətini ağırlaşdıra bilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1105/2018 saylı, 19 iyul 2018-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona, İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Quba rayon Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, mediasiya prosesinin keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Quba rayon məhkəməsinin 2(027)-1105/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 55 (əlli beş ) manat məbləğində pulun yarısı, yəni 27,50 (iyirmi yeddi manat əlli qəpik) manatı, müdafiəçiyə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun yarısı, yəni 150 (bir yüz əlli) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-1105/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Gülbala qızına verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı Gülbala qızının iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pulun yarısı, yəni 27,50 (iyirmi yeddi manat əlli qəpik) manatı, müdafiəçiyə ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun yarısı, yəni 150 (bir yüz əlli) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar