Məhkəmə qərarları › İş №2(027)-1406/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1406/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1406/2022 22.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 2619/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz manat) manat miqdarında alimentin və ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2013-cü il tarixdə Mələk adlı qızı doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pisləşmiş və nikahları pozulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2619/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Təyin olunmuş alimentlə uşağa baxmaq mümkün deyil. Həmin məbləğ uşağın yemək və məktəb xərclərini ödəmir. Qızı böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Cavabdeh əmək qabilliyətlidir, rəsmi gəlirləri var, uşağına baxmaq üçün maddi və fiziki imkanları vardır. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2619/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment 2022-ci il üçün nəzərdə tutulmuş yaşayış minimumundan çox aşağıdır. O, aptekdə işləyib az məbləğdə əmək haqqı alır. Qızının ehtiyaclarını tək başına ödəyə bilmir. Cavabdehin maddi imkanı yaxşı olsa da, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 100 (bir yüz) manat sabit pul məbləğində alimenti vaxtında ödəmir. Sonda iddiaçı məhkəmədən iddianı təmin edərək, qanunla nəzərdə tutulmuş məbləğdə alimentin müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, eyni zamanda ərizəyə etiraz verərək bildirdi ki, Quba rayon mərkəzi xəstəxanası PHŞ-nın TTYS-da sürücü vəzifəsində işləyir və aylıq 692 (altı yüz doxsan iki) manat əmək haqqı alır. Alimentin qismən artırılmasına, hər ay 173 (bir yüz yetmiş üç) manat məbləğində müəyyən edilməsinə etiraz etmir, vaxtında ödənilməmiş qalıq qalan borcu da ödəyəcəkdir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİİ 229674 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmişdir; AZE 18505143 şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 anası Mehriban Vahabova, atası Cavabdehdur. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2619/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir; “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1849 nömrəli arayışından görünür ki, Cavabdeh Quba rayon mərkəzi xəstəxanası PHŞ-nın TTTYS-da sürücü vəzifəsində işləyir və aylıq 692 (altı yüz doxsan iki) manat əmək haqqı alır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2619/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2018-ci il tarixdən başlayaraq alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Məhkəmə hesab edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərildiyi kimi uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin 692 (altı yüz doqxan iki) manat əmək haqqının 1/4 hissəsində aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 2619/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 73 (yetmiş üç) manat (692 (altı yüz doqxan iki) manat əmək haqqının 1/4 hissəsi- 173 (bir yüz yetmiş üç) manat) təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 100 (bir yüz) manat aliment artırılaraq, hər ay cavabdehin qazancının 1/4 hissəsi (173 (bir yüz yetmiş üç)) miqdarında alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 876 (səkkiz yüz yetmiş altı) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2619/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət büdcəsinə köçürülmüş mediasiya xərci əvəzi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar