Məhkəmə qərarları › İş №2(027)-1408/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1408/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1408/2020 11.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 oğlununvə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-3147/2017 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ümid Hakim oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikahlarını qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ümid Hakim oğlu anadan olmuşdur. Cavabdehlə münasibətlərinin yaxşı olmaması səbəbindən o, valideynlərinin yanına qayıtmışdır. Bundan sonra nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-3147/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ümid Hakim oğlu onun yanında saxlanılmaqla xx.xx.2017-ci il tarixdən 80 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda cavabdeh ona uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti ödəyir. Qeyd edilən məbləğ, yəni cavabdehin aliment olaraq ödədiyi 80 manat pul uşağın bir aylıq tələbatlarını ödəmir. Birgə nikahlarından doğulmuş uşaq məktəblidir. O, uşağın tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın aylıq xərclərini ödəmir. Cavabdeh musiqiçidir. Toylarda musiqi alətində ifa etməklə pul qazanır. Bundan başqa Quba şəhərində olan musiqi məktəbində müəllim işləyir və cavabdehin təsərrüfatı, bağ sahələri vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, hal-hazırda işsiz olduğunu və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-3147/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış nikah pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxx 2012-cı il tarixdə doğulmuş Hüseynov Ümid Hakim oğlu anası İddiaçı yanında saxlanılması, xx xxxxxx 2012-cı il tarixdə doğulmuş Hüseynov Ümid Hakim oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2017-ci il tarixdən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ümid Hakim oğlu anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşağ böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-3147/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ümid Hakim oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ümid Hakim oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)- 3147/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh uşaq üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar