Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-141/2024 08.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddaçı İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 103.000 (bir yüz üç min) manat pulun, 435 manat dövlət rüsumunun və 900 manat hüquqi yardıma görə ödənilmiş xərclərin ümumilikdə 104,335 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ondan aldığı malların dəyərindən bir hissəni hissə-hissə ödəmiş, borclu qaldığı 103.000 (bir yüz üç min) manat məbləğində borcu 04 oktyabr 2021-ci il tarixdə yazılı şəkildə imzalamaqla 2021-ci ilin dekabr ayının sonunadək ödəməyə dair öhdəlik götürsə də, ötən müddət ərzində həmin məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdeh həyat yoldaşı X3 ilə birlikdə onlara məxsus daşınmaz əmlakla bağlı etibarnamə verməklə və sonradan qeyd olunan etibarnaməni ləğv etdirməklə borcun ödənişinə təminat görüntüsü yaratmışlar. Bunun üçün cavabdeh Quba rayonu, Vladimirovka kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsində magistral yolun kənarında inşa etdiyi qeyri-yaşayış binasının (obyekt) təsdiqlənmiş layihə eskiz sənədlərinin əslini də ona vermişlər. Cavabdeh ona olan borcunun bir hissəsini hissə-hissə ödəmiş, qalıq 103.000 (bir yüz üç min) manat məbləğində borcu isə 2021-ci ilin sonuna kimi ödəməyə söz versə də, öhdəlik götürməsi barədə qəbzi imzaladığı 04 oktyabr 2021-ci il tarixdən hal-hazıradək heç bir məbləğdə ödəniş etməmiş, bununla da, borcu qaytarmayacağı barədə hərəkətlər nümayiş etdirmişdir. Cavabdehə qarşı pul tələbi ilə bağlı iddiası ilə əlaqədar qəbul ediləcək qətnamənin icrasının təminatı üçün onun faktiki sahibliyində və istifadəsində olan, xüsusi mülkiyyətindəki torpaq sahəsində yerləşən obyektin üzərinə qadağa qoyulması, obyektin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı ərizəsi də Quba rayon məhkəməsinin qərardadı ilə təmin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Əvvəlki, məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iltizamdan görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 103.000 manat məbləğində pulu 2021-ci ilin dekabrın axırına qədər qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-742.4-cü maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 103.000 manat məbləğində borclu olduğu pulu İddiaçı 2021-ci ilin dekabr ayının sonuna qədər ödəyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 103.000 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 103.000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin, İddiaçı hüquqi yardımla bağlı ödədiyi 900 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardımla bağlı 900 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısı, yəni 450 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 435 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 103.000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 435 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısı, yəni 450 manat məbləğində pul cavabdehdən alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-141/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-141/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver