Məhkəmə qərarları › İş №2(027)-1426/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1426/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1426/2022 16.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2018-ci tarixli 2(027)-1333/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi və 12 iyun 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit məbləğdə aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(027)-1333/2018 saylı qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahlarından 12 iyun 2007-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat məbləğində vəsait (aliment) alınaraq iddiaçı kimi İddiaçı verilir. İlk vaxtlar bu məbləğ iddiçının himayəsində olan azyaşlı X1 çox çətinliklə də olsa kifayət edirdi. Amma indi vəziyyət dəyişmiş, uşağın saxlanması xərcləri çoxalmışdır. Belə ki, məhkəmə qətnaməsi çıxarılarkən uşaq hələ kiçik olduğundan onun xərcləri indiki qədər çox deyildi. Artıq uşaq böyümüş və hazırda 9-cu sinifdə təhsil alır. Buna görə də onun saxlanmasına daha böyük məbləğlərdə vəsait xərcləmək lazım gəlir. Onun isə buna imkanı yoxdur. Digər tərəfdən isə, son vaxtlarda yaşayış üçün zəruri sayılan istehlak mallarının və xidmətlərin qiymətləri də əhəmiyyətli dərəcədə artmışdır. Bu hal uşağın saxlanması üçün lazım olan xərclərin daha çox artmasına səbəb olub. Cavabdehdən alınan 140 manat aylıq aliment indiki şəraitdə uşağın daim artan ehtiyaclarını ödəmək üçün yetərli deyildir. Cavabdehin özü isə aliment ödəməkdən savayı, öz oğluna digər heç bir köməklik göstərmir. Belə bir çətin şəraitdə uşağın saxlanması ilə bağlı daim artan xərcləri özü təklikdə çatdıra bilmir. Çünki maddi və ailə vəziyyəti olduqca ağırdır. Quba rayonu Kələnov kənd tam orta məktəbində yarım stavka ilə xadimə kimi çalışdığı iş yerində ümumi aylıq əmək haqqı hazırda 156 manat təşkil edir. Müvafiq tutulmalardan sonra isə aldığım məvacibin məbləği bir az da azalaraq cəmi 141 manat olur. Halbuki 2022-ci il üçün əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məvacibimin az olması səbəbindən böyük maddi sıxıntı içərisində yaşayır. Digər hər hansı gəliri yoxdur. Ən zəruri həyati ehtiyacları ödəməkdə çox çətinlik çəkir. Yaxın qohumların da ona kömək etməyə inkanları yoxdur. Atası əlildir, bir ayağı yoxdur. Anası isə daimi müalicəyə ehtiyacı olduğundan aldığı cüzi sosial müavinət yalnız onun müalicəsinə sərf olunur. Qardaşı da xəstəliyi ilə əlaqədar əmək qabiliyyətsizdir, heç bir iş görə bilmədiyi üçün hər hansı gəlirə malik deyil. Bu səbəbdən o da ata-anasının himayəsindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə X5 doğulmuşdur. İş materiallarına əlavə olunmuş Firuz Mustafayev adına Kələnov kənd tam orta məktəbin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 məktəbin İX sinfində təhsil alır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 1333/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Quba Rayon Məhkəməsinin 16 fevral 2015-ci il tarixli, 2(027)-222/2015 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1333/2018 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1333/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar