Məhkəmə qərarları › İş №2(027)-1436/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1436/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1436/2024 27.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Şahdağ Milli Parkının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Şahdağ Milli Parkının Cavabdeh qarşı təbiətə dəymiş 235,67 manat ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahdağ Milli Parkı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təbiətə dəymiş 235,67 (iki yüz otuz beş manat altımış yeddi qəpik) manat ziyan məbləğini, Şahdağ Milli Parkının büdcədənkənar hesabına ödənilməsinin təmin etmək üçün köməklik göstərilməsini xahiş etmişdir. Şahdağ Milli Parkı iddiasını onunla əsaslandırmışdır ki, 27 noyabr 2023-cü ci il tarixdə Şahdağ Milli Parkı Quba bölməsi Rustov meşəbəyliyi, 05 saylı dolayında Milli Parkın əməkdaşları tərəfindən qəfləti yoxlama keçirilən zaman, Quba rayon Təngəaltı kənd sakini Cavabdeh tərəfindən qanunsuz olaraq Rustov meşəbəyliyi, 05 saylı dolayında fıstıq cinsindən müxtəlif diametrlərdə yaş köküstə olmaqla 7 (yeddi) ədəd ağacların kəsildiyi və aparıldığı müəyyən edilmiş və vətəndaş haqqında 27 noyabr 2023-cü il tarixili AA-000625 nömrəli AKT və MN-1202126 nömrəli protokol tərtib edilmişdir. Kəsilmiş yaş köküstə ağaclann ümumi həcmi 11.29 m3 təşkil etməklə təbiətə 235.67 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında Şahdağ Milli Parkının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, dəymiş ziyan üzrə 215 manat borcu qalmışdır. Hazırda işləmir. Həmin məbləği birdəfəyə ödəməyə maddi imkanı çatmır. Hissə-hissə ödəmək iqtidarındadır. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şahdağ Milli Parkının Quba-Qusar bölməsi üzrə Rustov meşəbəyliyinin sahə müfəttişi X5, ŞMP-nın Quba bölməsinin Rustov meşəbəyliyinin 05 saylı dolayın mühafizə yegeri X4, Quba rayonu, Təngəaltı kənd sakini Cavabdeh tərtib etdiyi 27 noyabr 2023-cü il tarixli 000625 nömrəli aktdan görünür ki, Cavabdeh Quba-Qusar bölməsi üzrə Rustov meşəbəyliyinin 5 saylı dolayı ərazisindən fıstıq cinsindən müxtəlif diametrli cəmi 7 ədəd ağacları yaş kök üstə kəsməsi aktlaşdırılmışdır. İş materiallarında olan İnzibati xəta haqqında 27 noyabr 2023-cü il tarixli, ******* №li protokoldan görünür ki, Şahdağ Milli Parkının Quba-Qusar bölməsi üzrə Rustov meşəbəyiliyinin 5 saylı dolayının xidməti ərazisindən 7 ədəd ağacı kəsib apardığına görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İş materiallarında olan həcm-qiymət cədvəllərindən görünür ki, Rustov meşəbəyliyinin 5 saylı dolayı ərazisində Cavabdeh tərəfindən kəsilən ağaclara görə 235 manat 67 qəpik ziyan hesablanmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Şahdağ Milli Parkının Quba-Qusar bölməsi üzrə Rustov meşəbəyiliyi ərazisindən 7 ədəd ağacları yaş kök üstə qanunsuz kəsərək mülki hüquq pozuntusu törətməsi və bunun nəticəsində dövlət mülkiyyətinə 235,67 manat ziyan vurması sübuta yetirildiyindən, iddia təmin edilməli və Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 235,67 (iki yüz otuz beş manat altımış yeddi qəpik) manat məbləğində pul alınaraq, Şahdağ Milli Parkının hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələlsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci madhdəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tam təmin edildiyi üçün Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aiddir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun mətninin 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr; başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olununlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurduğu ziyanın əvəzi olaraq 235,67 (iki yüz otuz beş manat altımış yeddi qəpik) manat məbləğində pul alınaraq, iddiaçı Şahdağ Milli Parkının bankdakı X1 Kodu: 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41 NABZ********************, S.W.İ.F.T BİK CTREAZ22, Adı: Şahdağ Milli Parkı Hesab №: AZ68CTRE******************** VÖEN: **********, Təsnifat kodu: 142330, Büdcə səviyyəsinin kodu: 1 hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar