Məhkəmə qərarları › İş №2(027)-1452/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1452/2021

31.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1452/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh Şıxbaba qızına qarşı ümumi istifadədə olan gediş-gəliş yolunun açılması və mülkiyyətdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X5 iddia ərizəsilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07 may 2021-ci il tarixli Çıxarışa əsasən X2 məxsus olan Quba şəhərində yerləşən 0,02 ha torpaq sahəsinə Cavabdeh Şıxbaba qızı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X6 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdı ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07 may 2021-cı il qeydiyyat tarixli çıxarışa əsasən Quba şəhəri ünvanında yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Onun torpaq sahəsinə qonşu olan Cavabdeh onun torpaq sahəsinin gediş-gəliş yolunu qanunsuz olaraq zəbt edib. Cavabdehin zəbt etdiyi ərazi gediş-gəliş yoludur və cavabdehin mülkiyyətində deyildir. Hətta cavabdehin ümumi istifadə də olan gediş-gəliş yolunu zəbt etməsi bağlı Quba rayon Polis Şöbəsinə ərizə ilə müarciət edib. Polis şöbəsindən zəbt edilmiş yola baxış keçirilmişdir. Quba rayon Polis şöbəsindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı məsələnin səlahiyyətlərində olmadığı üçün ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Cavabdehin qanunsuz hərəkətləri davam etdiyi müddətcə mülkiyyət hüququ pozulur, ümumi istifadədə olan gediş-gəliş yolundan sərbəst surətdə istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07 may 2021-ci il tarixli Çıxarışa əsasən X2 məxsus olan Quba şəhərində yerləşən 0,02 ha torpaq sahəsinə Cavabdeh Şıxbaba qızı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman iş üzrəCavabdeh Şıxbaba qızı iddanı qəbul etməyərək göstərmişdi ki, sözü gedən ərazi ona məxsusdur, orda heç bir yol yoxdur. Həmin torpaq sahəsini o almalıydı, bələdiyyə birinci növbədə ona müraciət etməliydi. Ona görə də qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçı X3 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, Quba şəhəri ərazisində yerləşən yaşayış məntəqələrinə aid 0,02 ha torpaq sahəsi X1 tam xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq olunmuş surətindən məlum olur ki, Quba şəhəri ərazisində yerləşən yaşayış məntəqələrinə aid 0,02 ha torpaq sahəsinin hüquq sahibi X4r. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmzadır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqlan naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X2 məxsus Quba şəhəri ərazisində yerləşən yaşayış məntəqələrinə aid 0,02 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Onun torpaq sahəsinə qonşu olan Cavabdeh onun torpaq sahəsinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunu qanunsuz olaraq zəbt edib. Ona görə də özünə məxsus torpaq sahəsinə sərbəst girib çıxa bilmir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində gediş-gəliş yolundan sərbəst istifadəsinə maneələr yaradıldığı üçün iddiaçı ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını haqlı olaraq tələb edir. Cavabdeh isə həmin ərazinin ona aid olduğunu bildirərək, həmin ərazidə yolun olduğunu inkar edir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07 may 2021-ci il tarixli Çıxarışa əsasən X2 məxsus olan Quba şəhərində yerləşən 0,02 ha torpaq sahəsinə Cavabdeh Şıxbaba qızı tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 07 may 2021-ci il tarixli Çıxarışa əsasən X2 məxsus olan Quba şəhərində yerləşən 0,02 ha torpaq sahəsinə Cavabdeh Şıxbaba qızı tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar