Məhkəmə qərarları › İş №2(027)-1467/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1467/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1467/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində borc, dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi olan 80 manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, o, Naibə adlı şəxslə 2021-ci ilin yanvarında tanış olmuş, aralarında yaxşı münasibət yaranmışdır. O, evində dərzi kimi fəaliyyət göstərir. Naibə isə kosmetik məhsulların satışı ilə məşğuldur. O, özünə torpaq sahəsi almaq üçün qızıllarının da bir hissəsini sataraq 6000 (altı min) manat pul düzəltmiş, Naibə isə bunu bilmişdir. 2021-ci ilin may ayının ortalarında Naibə Pərviz adlı şəxslə gündüz vaxtı yanına gələrək ağlaya-ağlaya atasının ağır xəstə olduğunu və bunun üçün 12000 (on iki min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da inanıb Naibəyə 3000 (üç min) manat pul borc vermişdir. Növbəti dəfə təxminən 20 gün sonra təkrarən yanına gələrək qalan pulu da istəmişdir. Pulu vermək istəməsə də, Naibə bankla danışdığını və 10000 (on min) manat məbləğində kredit götürəcəyini, kreditdən 6000 (altı min) manatı ona olan borcu qaytaracağını bildirmişdir. O da inanmışdır. Üzərindən bir müddət keçdikdən sonra Naibədən pulu istəsə də, sonuncu müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Hər dəfə ödəyəcəyini bildiriərək onu aldatmışdır. O, telefon vasitəsilə əlaqə saxladığı zaman 4000 (dörd min) manat qaytaracağını bildirsə də, yenə onu aldatmışdır. Bir qədər sonra pulu qaytarmayacağını bildirmişdir. O, Naibəyə bununla bağlı şikayət edəcəyini bildirsə də, sonuncu heç bir əhəmiyyət verməmişdir. O, Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Polis şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında guya ona 3000 (üç min) manat qaytardığını bildirsə də, ona əslində heç bir pul məbləği qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia qəbul etməyərək bildirdi ki, İddiaçı 2021-ci ilin iyun ayında 1000 manat pul almış, oktyabr ayına kimi faizi ilə birlikdə 2500 manat iddiaçıya qaytarmışdır. Pulu iddiaçıdan götürəndə və qaytaranda onların yanında kimsə olmamışdır. Pulu iddiaçıya Qusar rayon avtovağzalında vermişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan CD diskə məhkəmə zalında baxış keçirilən zaman məlum oldu ki, iki qadın bir-birinə səs yazıları göndərmişlər, hansında ki, bir qadın digər qadından ona borclu olduğu 6000 manatı tələb edir. Cavabında digər qadın borclu olduğu 6000 manat puldan yaxın günlərdə 4000 manatı qaytaracağını, qalan 2000 manatı isə bir yolla tapıb qaytaracağını bildirir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməsə də, səs yazısına baxış keçirildikdən sonra Cavabdeh etiraf edir ki, səs yazısı qeyd olunan iki qadndan biri, yəni borclu tərəf özüdür, diskdə olan səs ona məxsusdur. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında göstərilir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı borc olaraq Cavabdeh 6000 manat pul vermişdir. Cavabdeh aldığı pulun müqabilində razılaşdırılmış öhdəliklərin heç birini yerinə yetirməmiş və bu günədək borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borc kimi götürdüyü pul vəsaiti olan 6000 manatı iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qızına verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Dövlət hesabına köçürülmüş dövlət rüsumunun əvəzi 80 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar