Məhkəmə qərarları › İş №2(027)-1501/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1501/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1501/2021 07.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli əmri ilə İddiaçı ASC-nin ərizəsi təmin edilərək, Cavabdeh və Zamin 11213 ABŞ dolları əsas, 2901,42 ABŞ dolları faiz, cəmi 14114,42 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manat uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsümu tutularaq Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən İddiaçı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Zamin Quba Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli əmrinə etiraz vermiş, Quba Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 29 aprel 2016-cı il tarixli, 2(027)-2532 saylı məhkəmə əmri ləğv edilərək, mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin tələbi onunla əsaslandırmışdır ki, borclu Cavabdeh Ərzuman qızı ilə İddiaçı ASC-arasında bağlanmış 18.04.2015-ci il tarixli, Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 23 ay müddətinə, illik 25% olmaqla 11213 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu Zamin (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh aid bütün öhdəlikləri icra etməlidirlər. İddiaçı ASC məhkəməyə ərizə göndərərək, həmin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və sözügedən mülki işə mahiyyəti üzrə məhkəmədə baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.04.2015-ci il tarixli, DP/86607/50/14 saylı Kredit Sazişi müqaviləsindən, görünür ki,İddiaçı ASC tərəfindən 23 ay ay müddətinə illik 25% ödəmək şərti ilə Cavabdeh 11213 ABŞ dolları məbləğində kredit verilmiş, «Borc alan» Cavabdehnun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan 01.04.2016-cı il il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin 07.04.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh 18.04.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə olan əsas borcu 11213 ABŞ dolları əsas, 2901,42 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan 15.09.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.04.2015-ci il tarixli Kredit müqaviləsi üzrə sonuncunun üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək, müqavilə şərtlərini pozduğundan, Cavabdeh və Zamin İddiaçı ASC-nin xeyinə 11213 ABŞ dolları məbləğində əsas borc və 2901,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14114,42 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh və Zamin iddiaçı İddiaçı ASC-nin xeyinə 11213 ABŞ dolları məbləğində əsas borc və 2901,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14114,42 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar