Məhkəmə qərarları › İş №2(027)-1558/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1558/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1558/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2566/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X3 adlı, xx.xx.2017-ci il tarixdə isə X4 adlı övladları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Xasiyyətləri uyğun gəlməmişdir. Bu səbəbdən də o uşaqları ilə birlikdə valideynlərinin yanında qalır. Bundan sonra o nikahın pozulması və aliment tələbinə dair Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-2566/2019 saylı qətnasməsi ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli 110 nömrəli nikah qeydi pozulmuş, birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaqla, yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qətnamə ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqlarına baxa bilmir. Cavabdeh əmək qabilliyətlidir, pul qazanmaq uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Uşaqlarına baxmaq onun kimi cavabdehin də vəzifəsidir. Hal-hazırda qanunla hər uşaq üçün minimum yaşayış tərzi 170 manat nəzərdə tutulmuşdur. Uşaqları məktəblidir. Onların ehtiyacları günü-gündən artır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “nikahın pozulması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 110 nömrə ilə qeydə alınmış nikah ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-2566/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 110 № ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 nikah pozulandan sonra anaları İddiaçı yanında saxlanılması və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla, iki uşağa görə hər ay cəmi 240 manat sabit pul miqdarında aliment iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən uşaqlarının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027-2566/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)- 2566/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar