Məhkəmə qərarları › İş №2(027)-156/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-156/2024

09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-156/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, k, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-629/2021 saylı qətnaməsilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X12 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2015-ci ilin oktyabr ayından ayrılmışlar, həmin vaxtdan uşaqlar onun yanında qalırlar, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir, təlim-tərbiyələri ilə özü məşğul olur. Ayrı yaşamağa başladığı vaxtdan cavabdeh uşaqların saxlanılmaları üçün heç bir maddi köməklik göstərmədiyindən, aliment tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1606/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-629/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1606/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Alimentin təyin edildiyi vaxtdan cavabdeh demək olar ki, aliment ödəməmişdir. Bununla bağlı dəfələrlə Quba rayon İcra Şöbəsinə, Ədliyyə Nazirliyinin icra Baş İdarəsinə müraciət etmişəm. Aliment öhdəliklərini icra etmədiyi üçün cavabdehin barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(027)- 1000/2021 saylı qərarı ilə 10 gün müddətinə, xx.xx.2023-cü il tarixli 3(027)-149/2023 saylı qərarı ilə 12 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin cavabdeh bütün bunlardan heç bir nəticə çıxarmır və aliment öhdəliklərini qəsdən icra etmir. Hazırda cavabdehin 15.000 manata yaxın aliment borcu vardır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-139/2023 saylı qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanımda qalmaları qət edilmişdir. Bundan başqa, məhkəmənin diqqətinə çatdırıram ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi çıxarılan vaxtdan keçən müddət ərzində ölkə üzrə uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Belə ki, hazırda cavabdehin iki uşaq üçün ödəməli olduğu alimentin məbləği (260 manat) 2023-cü ildə ölkə üzrə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğindən (220 manat) cüzi aşağıdır. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh də valideyn olaraq uşaqların saxlanılmasında onunla bərabər məsuliyyət daşıyır. Eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etməmişdən əvvəl hazırkı mübahisənin mediasiya vasitəsilə aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh X5 iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırda üç ildir ki X6 tərəfindən işlə təmin edilmir. Belə ki, fəaliyyət göstərdiyi "xxxx" MMC (“Quba Rixos otel”) X10 ilə birgə əmək hüquqlarını pozaraq gəlirlərini mənimsəmiş və onu qanunsuz işdən çıxarmışdır. Buna dair məhkəməyə müraciət etsə də, otelin ölkənin mötəbər ailələrindən birinə məxsus olduğu üçün, iddia təmin edilməmişdir. Həmçinin, 2020-ci ilin sonundan işsiz qaldığı üçün, X3 işaxtaran kimi qeydiyyata alınmışdır, lakin ötən üç il ərzində agentlik onu işlə təmin etməmişdir (DMA-da is axtaran vətəndaş kimi qeydiyyata alınmasıma dair xx.xx.2021 tarixli məktub etiraza əlavə edilir). 2021-ci ildə Dövlət özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı ilə təmin edilsə də, təsərrüfat yararsız olduğu üçün, tələf olub və küllü miqdarda ziyan və vaxt itkisi ilə üzləşmişdir (DMA tərəfindən özünüməşğulluğa cəlb olunmasına dair 06 sentyabr 2021 tarixli 142 nömrəli müqavilə, etiraza əlavə edilir) Əmək hüquqlarım pozularaq qanunsuz işdən çıxarılması və üç ildir ki, aidiyyatı dövlət qurumları tərəfindən işlə təmin edilmədiyinə görə aliment öhdəliyini qismən yerinə yetirə bilir. Bu səbəbdən icra məmurlarının tərtib etdiyi yığılmış aliment borcuna görə, qərəzli protokol əsasında Quba Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 3(027)1000- 2021 saylı (hakim Vüqar Seyidov) və xx.xx.2023 tarixli 3(027)149-2023 saylı (hakim Aydm Babayev) qərarları ilə barəsində iki dəfə inzibati həbs tətbiq edilib (hər iki qərar etiraza əlavə edilir); Quba Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli 8(027)-855/2018 saylı qərardadı ilə (hakim Fərid Yaqubov) məhkəmədə iştirakı təmin edilmədən, qanunsuz olaraq ölkədən çıxışına qadağa qoyulduğu üçün, xaricdə yüksək gəlirli işdə işləyib pul qazanmaq hüququndan məhrum edilmişdir (qərar etiraza əlavə edilir); Ali Məhkəmənin xx.xx.2023 tarixli 2( 102)-2146/2023 qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 yanvar 2023 tarixli 2( 105)-311/2023 nömrəli qətnaməsi qismən, aliment borcunun müəyyən edilməsi hissəsində ləgv edilməsi və iş üzrə icraata həmin hissədə işə məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi barədə qərar çıxarıb (Ali Məhkəmənin xx.xx.2023 tarixli 2(1021-2146/2023 qərarı etiraza əlavə edilir); İcra Baş İdarəsinin 12/ƏN-365 nömrəli təqdimatı əsasında, ƏN İstintaq İdarəsində aliment borcuna görə barəsində xx.xx.2023 tarixli ********* nömrəli qərarı ilə cinayət işi açılıb (qərar etiraza əlavə edilir); Quba Rayon Statistika İdarəsinin xx.xx.2022 tarixli 107 nömrəli məlumatına əsasən Quba rayonunda orta aylıq əmək haqqı 2017-ci il üçün 301 manat, 2018-ci il üçün 322 manat, 2019-cu il üçün 406 manat, 2020-ci il üçün 510 manat, həmin idarənin 17 noyabr 2023 tarixli 3-34-63/2-127/2023 nömrəli məktubuna əsasən Quba Rayonunda orta aylıq əmək haqqı 2022-ci il üçün 589 manat, 2023-cü ilin oktyabr ayının biri tarixinə isə 640 manat təşkil edir. Quba rayonu üzrə hazda 640 manat olan orta aylıq əmək haqqının iki uşağa görə AR Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən gəlirin 1/3 hassəsini, yəni 213 manat təşkil etdiyi halda, məhkəmə qərarı ilə ondan 260 manat məbləğində sabit pul tutulur və bu hal artıq illərdir ki davam edir. Bu isə faktiki olaraq məhkəmənin yanlış nəticəyə gələrək, maddi vəziyyətimi nəzərə almadan, ona qarşı çıxardığı ədalətsiz və onun üçün çıxarılan əlverişsiz qətnamənin nəticəsidir. Məhkəmə qətnaməni çıxararkən, real maddi vəziyyətini nəzərə almadığı üçün öhdəliyini tam icra edə bilmir (Quba Statistika İdarəsinin hər iki məktubu etiraza əlavə edilir): Beləliklə, hazırkı vəziyyətdə nəzərə alınmalıdır kı, əmək hüquqlarım pozularaq fəaliyyət göstərdiyi “Rixos” otelindən qanunsuz kənarlaşdırılmışdır. 2020-ci ilin sonundan iş axtaran şəxs kimi X4 (DMA) müraciəti əsasında iş axtaran kimi qeydiyyata alınmışdır. Ötən üç il ərzində dəfələrlə müraciətlər etsə də, DMA tərəfindən işlə təmin edilməmişdir. Dövlət Özünüməşğulluq proqramına (arıçılıq üzrə) cəlb edilsə də, aldadılaraq, yararsız təsərrüfat verildiyi üçün təsərrüfat tələf olmuşdur. Həm vaxt itkisi, həm də küllü miqdarda təsərrüfata xərclənən vəsaitin əvəzində gəlir ala bilmədiyi üçün ziyanla üzləşmişdir. Dövlət faktiki olaraq vətəndaş qarşısında olan öhdəlikləri, vətəndaşını işlə təmin etmək, onun sosial durumu ilə maraqlanmaq əvəzinə, illərdir ki heç bir tədbir görmür. Bununla da, dövlət qeyd olunan məsələdə öz funksiyasını yerinə yetirə bilmir. İllərdir ki, işsiz qalmaqla yanaşı, himayəsində olan xəstə və yaşlı anasının müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Həmçinin, 1954-cü il təvəllüdlü anası xəstə və qoca olduğu üçün, əlavə qulluğa ehtiyacı var və bu ehtiyacı özüm qarşılamaq məcburiyyətindədir. Adına da heç bir təsərrüfatın, torpaq sahəsinin olmaması səbəbindən, əlavə gəliri yoxdur. Sahibkarlıqla məşğul olmadığı üçün, artıq altıncı ildir ki fəaliyyəti dondurulmuşdur. 13 saylı Quba Vergilər İdarəsinin 12 ivul 2023 tarixli. **********858700 saylı arayışı etiraza əlavə edilir). Göründüyü kimi, maddi və ailə vəziyyəti hazırkı iki yüz altmış manat olan aliment borcunun icrasını mümkünsüz hala gətirib və ödənişini yerinə yetirməkdə çətinlik çəkir. Belə vəziyyətdə məhkəmə tərəfindən aliment miqdarının artırılması ədalətsiz və yanlış qərar olardı. Hazırkı vəziyyətdə AR Ailə Məcəlləsinin 107-ci maddəsinin tələblərini tətbiq etməklə məhkəmənin humanizm prinsiplərinə uyğun iddianı rədd etməsini daha düzgün hesab edir. Qeyd olunanlara əsasən iddia təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1606/2020 saylı qətnaməsindən göründüyü kimi, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 629/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1606/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, İddiaçı X17 Və Quba Rayon Mərkəzi Xəstəxanası" X14 müvafiq olaraq müəllim və həkim kimi işləməklə müntəzəm xarakterli əmək haqqına malikdir. İş materiallarında olan X5 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027- 2023-01005 saylı arayışına əsasən, Cavabdeh zənglə X5 iştirak etməyəcəyini bildirmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 230 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay bir uşağın saxlanılması üçün 220 manat olmaqla cəmi 440 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 220 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 170 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-629/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar