Məhkəmə qərarları › İş №2(027)-1574/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1574/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1574/2021 11.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 170,73 manat əsas, 24,21 manat faiz, 51,87 manat cərimə və kredit müqaviləsi üzrə 26.03.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 247,26 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT-dan illik 36 faizlə 18 ay müddətinə 830 manat kredit götürmüşdür. "xxxx" BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 №-li 10 may 2018-ci il tarixli müqaviləyə 30 sentyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il may ayının 16-dək Cavabdeh banka 26 sentyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 170,73 manat əsas, 24,21 manat faiz və 51,87 manat cərimə borcu və 0,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 247,26 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT-dan illik 36 faizlə 18 ay müddətinə 830 manat kredit götürmüşdür. "xxxx" BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 №-li 10 may 2018-ci il tarixli müqaviləyə 0 sentyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "xxxx" BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. 2021-ci il may ayının 16-dək Cavabdeh banka 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 170,73 manat əsas, 24,21 manat faiz və 51,87 manat cərimə və 0,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 247,26 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin 26.09.2019-cu il tarixində bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 170,73 manat əsas, 51,87 manat cərimə, 24,21 manat faiz borcu və 0,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 247,26 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" BOKT ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" BOKT-dan istehlak məqsədi ilə illik 36 faizlə 18 ay müddətinə 830 manat kredit götürmüşdür. Ərizəyə əlavə olunmuş Cavabdeh göndərilmiş tələbetmə hüquqlarının ötürülməsi barədə bildirişdən görünür ki, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMCdən tələbetmə hüquqlarının güzəşt olunmasına dair 004 №-li 10 may 2018-ci il tarixli müqaviləsinə uyğun olaraq borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Ərizəyə əlavə olunmuş 27.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh məktubu aldığı tarixdən 5 gün müddətində borcunu banka ödəməli olması barədə xəbərdar edilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «Yelo Bank” ASC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 247,26 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 170,73 (bir yüz yetmiş manat yetmiş üç qəpik) manat əsas, 24,21 (iyirmi dörd manat iyirmi bir qəpik) manat faiz, 51,87 (əlli bir manat səksən yeddi qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 26.03.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0,45 (qırx beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 247,26 (iki yüz qırx yeddi manat iyirmi altı qəpik) manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar