Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-158/2025 12.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı törətdiyi avtoqəza nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş zərərə görə 1450 (min dörd yüz əlli) manat pulun və məhkəməyə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, xx.xx.2024-cü il tarixində axşam saat 21:40 radələrində ona məxsus “Kia Ceed” minik markalı, qarametalik rəngli, buraxılış ili 2008-ci il olan, **-DH-*** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobili ilə Quba rayonu Küpçal kənd yolunda hərəkət edərkən qəflətən at (dayça) yolun sağ tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinə doğru tullanaraq zərbə ilə avtomobilinə toxunmuşdur. Nəticə etibarilə avtomobilin ön hissəsinə ciddi şəkildə maddi ziyan dəymişdir. Daxili İşlər Nazirliyinin Quba rayon X3 əməkdaşları baş vermiş hadisə ilə bağlı araşdırmalar aparmış və məlum olmuşdur ki, at sahibi - Cavabdeh atını yolda nəzarətsiz qoymuş və nəticədə yol qəzası baş vermiş və onun avtomobilinə maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə DİN Quba rayonu polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdehin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 40 manat məbləğində cərimə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Quba rayon Polis Şöbəsində baş vermiş hadisə ilə bağlı tərəflərin izahatları alınmış və cavabdeh öz izahatında ona məxsus **-DH-*** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobilinə maddi ziyanın vurduğunu etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı müstəqil sığorta ekspertizası keçirilmişdir. Müstəqil ekspert rəyi nəticəsində məlum olmuşdur ki, avtomobilə zərbə ön hissədən dəymiş və zərbə nəticəsində avtobilin ön sağ yan güzgüsü, ön sağ qanadı, ön alın şüşəsi, qermetika hissələri yararsız vəziyyətə düşmüşdür. Beləliklə ona ümumilikdə 1450 (min dörd yüz əlli) manat (150 manat ön sağ yanı güzgü, 150 manat ön sağ qanad, 350 manat ön alın şüşəsi, 150 manat germetika, 300 manat rəngsaz və 200 manat dəmirçi işləri ilə birlikdə) məbləğində maddi ziyan dəymişdir. Müxtəlif bəhanələrlə dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən avtomobilinə dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdu. Hesab edir ki, avtomobilinə dəymiş ziyan cavabdehdən tutularaq tam şəkildə ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, yolun hərəkət hissəsindən qıraqda qəza olduğu üçün iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin 2 aylıq dayçaya nəzarət edə bilməsinin mümkünsüz olmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbehvermə haqqında TP ******* saylı qərardan göründüyü kimi, at arabalarını idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın nəzarətsiz qoyulmasına görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan müstəqil ekspert rəyindən göründüyü kimi, İddiaçı məxsus olan “Kia Ceed” minik markalı, qarametalik rəngli, buraxılış ili 2008-ci il olan, 77- DH -380 dövlət qeydiyyat nişanlı avtomobilə yerində baxış zamanı, avtomobilə ümumilikdə 1450 (min dörd yüz əlli) manat (150 manat ön sağ yanı güzgü, 150 manat ön sağ qanad, 350 manat ön alın şüşəsi, 150 manat germetika, 300 manat rəngsaz və 200 manat dəmirçi işləri ilə birlikdə) məbləğində maddi ziyan müəyyən edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı 35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh məxsus 1 ədəd at (dayça) İddiaçı idarə etdiyi avtomobillə toqquşmuş və nəticədə avtomobilə maddi zərər dəymişdir. Belə ki, cavabdeh ona məxsus heyvandan üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş və heyvan sahibi kimi öz heyvanının vurduğu zərərin əvəzini ödəməyə borcludur. İnzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində “Kia Ceed” minik markalı, avtomobilə dəyən maddi ziyan cəmi 1450 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, edilməlidir. Həmçinin, cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək əsassız olduğunu bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1450 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1450 (min dörd yüz əli) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-158/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-158/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver